525.Az

Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq


 

Daxili işlər orqanları gücləndirilmiş iş rejimində çalışacaq<b style="color:red"></b>

Futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, daxil işlər orqanlarının şəxsi heyəti mayın 27-dən 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Əmrdə ölkəmizə gələn əcnəbi qonaqların, turistlərin və azarkeşlərin təhlükəsizliyinin təmini, futbol azarkeşləri üçün Dənizkənarı Milli Parkda yaradılacaq “Fanzone”da, habelə “Sahil” bağı və “Qış Parkı”nda təşkil ediləcək əyləncə məkanlarında asayişin və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Həmçinin, paytaxtda avtomobillərin hərəkətində sıxlığın yaranmaması üçün adekvat tədbirlərin görülməsi, yol hərəkət qaydalarının pozulması, nəqliyyat vasitələrinin müəyyən edilməmiş yerlərdə, o cümlədən səkilərdə saxlanılması hallarının qarşısının alınması təmin olunacaq.

Strateji əhəmiyyətli obyektlərdə, o cümlədən, xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilər, qonaqların yaşadıqları məkanların mühafizəsi gücləndiriləcək.

 





22.05.2019    çap et  çap et