525.Az

"SOCAR Turkey": "TANAP kəmərinin tikintisi yekunlaşmaq üzrədir"


 

"SOCAR Turkey": "TANAP kəmərinin tikintisi yekunlaşmaq üzrədir"<b style="color:red"></b>

Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi işləri 99,5% yerinə yetirilib.

ONA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “SOCAR Turkey” şirkətinin rəhbəri Zaur Qəhramanov bildirib.

Onun sözünə görə, 2018-ci ilin iyunun 12-də həm Türkiyə, həm də Azərbaycan üçün strateji əhəmiyyət daşıyan TANAP kəmərinin Əskişəhərə qədər olan hissəsi açılıb. Əskişəhərdən Ədirnə-İpsalaya olan hissəsində aparılan işləri də nəzərə alınsa, demək olar ki, kəmərin tikintisi 99,5% bitib.

“TANAP, həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük bir töhfə verəcək bir layihədir”, - deyə Z. Qəhramanov qeyd edib.

Qeyd edək ki, Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən qazın Avropaya ötürülməsini təmin edəcək TANAP kəmərinin Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan II fazasının son mərhələsinə apreldə start verilib. Sözügedən proses çərçivəsində aprelin 15-dən etibarən sınaq məqsədi ilə sistemə qazın verilməsinə başlanıb.

Bu ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq qazının nəqli üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, TANAP qaz boru kəməri Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan üç böyük boru kəmərindən biri və SOCAR-ın Türkiyədəki ən böyük investisiya layihəsidir. Xatırladaq ki, TANAP boru kəmərinin Əskişəhərə qədər olan hissəsinin rəsmi açılışı 2018-ci il iyun ayının 12-də keçirilmiş və kommersiya məqsədli ilk təbii qaz 30 iyun tarixində bu kəmər vasitəsi ilə Türkiyə bazarına daxil olmuşdur. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiye Enerji A.Ş” (7%) şirkətləridir.

 





23.05.2019    çap et  çap et