525.Az

Türk dünyasına bələdçilik edən çağdaş məxəz


 

Türk dünyasına bələdçilik edən çağdaş məxəz<b style="color:red"></b>

Çoxillik tədqiqatlarında Türk dünyasının ortaq dəyərlərini və hədəflərini incələyərək Azərbaycan oxucuları üçün önəmli bilgilərin əldə edilməsi və yayılması sahəsində qibtəediləcək işlər görmüş, çağdaş nəsillər üçün gərəkli bir mənəvi qaynaqlar toplusu yaratmış Əli Şamil ömrünün yeddinci onilliyinin tamamında bu xəzinəyə bələdçilik edən elmi və publisistik yaradıcılıq biblioqrafiyasını oxuculara təqdim edib.

Bəri başdan deyək ki, bu nəşr ulu türklük sevdası ilə, babalar demiş, əlində dəmir əsa, ayağında dəmir çarıq, az qala, bütün Türk dünyasını ölkə-ölkə, diyar-diyar gəzib dolaşmış Əli Şamilin türkçülük dünyagörüşünə, türkologiya elminə verdiyi qiymətli töhfənin çəkisini və miqyasını anlamaqda və ondan bəhrələnməkdə gərəkli bir məxəzdir. Elmi axtarışlara tədqiqatçı jurnalist kimi başlamış, ensiklopedik yaradıcılıqla məşğul olmuş və hazırda AMEA-nın Folklor İnstitutunun beynəlxalq əlaqələr bölümünə rəhbərlik edən türkoloq həmkarımızın mənalı və zəngin ömür yolu, istər-istəməz,  klasssik maarifçi və demokrat ziyalılarımızın xalqa xidmət nümunələrini yada salır.

Əli Şamili 1972-ci ildən tanıyaram. Həmin il mən Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdum. Bir-iki ay sonra fakültədə oxuyan bütün tələbələri adbaad tanıyırdım. Onların arasında Əlinin xüsusi yeri vardı. Çünki o, fakültə tələbə elmi cəmiyyətinin (TEC) sədri idi, buna görə ona "TEC Əli" deyirdilər. Mən elmi işlərə çox həvəs göstərirdim. İkincisi, müəllimlər də, tələbələr də Əliyə dərin hörmət bəsləyirdilər. Nəhayət, Əli mənim eloğlum idi. Bəri başdan deyim ki, mənim jurnalist və sonralar alim kimi yetişməyimdə onun müstəsna rolu var, bu barədə yeri gəldikcə məlumat verəcəyəm.

Əli ən yeni tarixin ən gözəl bilicisi idi. Arxivə getməyə əsla ehtiyac yoxdu, sadəcə olaraq ona yaxınlaşıb filan tarixi hadisə, filan bolşevik, filan komissar, filan daşnak, filan ictimai-siyasi xadim barədə sual verib dolğun cavab almaq mümkün idi. Bir sözlə, Əli canlı, gəzən ensiklopediya idi.

Bu biblioqrafiyada 900-dən artıq mənbə və məxəz var. Bunların arasında ən çox əsər məşhur Azərbaycan şairi, ədəbiyyatşünası və folklorşünası, bolşevik repressiyasının qurbanı Əmin Abid Mütəllim oğlu Əhmədova (Gültəkin, 1898-1938) həsr olunmuşdur. Əli Şamil onun haqqında hələ 1972-ci ildən bəri yazmağa başlamışdır. Əmin Abidin "Azərbaycan türklərinin ədəbiyyat tarixi" monoqrafiyası, türk ədəbiyyatında bayatı-mani janrı, "Kitabi-Dədə Qorqud" dastanları, Firdovsi, Füzuli, 17-ci əsr Azərbaycan ədəbiyyatı, Yunis İmrə, Qaracaoğlan, Mirzə Fətəli, Mirzə Şəfi, M.Ə.Sabir haqqında məqalələri Əli Şamil tərəfindən dərindən təhlil edilmişdir. O, bu mövzularda onlarca məqalə qələmə almış, Əmin Abidin "Buzlu cəhənnəm" adlı kitabını çapdan buraxmışdır. Həmin kitaba yazdığı ön söz Təbrizdə çıxan "Mehri-azadi" qəzetinin 2002-ci il avqust nömrələrində 8 yazı halında təfriqə edilmişdir. Əli Əmin Abid haqqında bir çox elmi məclislərdə çıxışlar etmiş, elmi nəşrlərdə yazılar yazmışdır. Onun Türkiyədə nəşr olunan "Milli Folklor", "Bilge" və "Erciyes" jurnallarındakı sanballı məqalələri xüsusilə diqqətə şayandır.

Dəqiq yadımdadır, istiqlal şairi, akademik Bəxtiyar Vahabzadə, professor Qulu Xəlilov, dosent Nəriman Zeynalov hər dəfə Əli Şamilə rast gələndə onun Əmin Abidlə bağlı apardığı tədqiqatları təqdir edir, bu mövzuda dissertasiya müdafiə etməyi təkidlə məsləhət görürdülər. Lakin o dövrün siyasi mühiti, elmi və ictimai fikri buna hələ hazır deyildi. Təəssüf...

Əli Şamilin biblioqrafiyasındakı ən mühüm məsələlərdən birini türk xalqlarının problemləri təşkil edir. Xaricdəki soydaşlarımızın siyasi vəziyyəti, azadlıq uğrunda mübarizəsi, ədəbi, elmi, tarixi və mənəvi problemləri Əli Şamilin daim diqqət mərkəzində olmuşdur. Onun Ədalət Tahirzadə ilə birlikdə hazırladığı "Türk xalqlarının tanınmış adamları" (ensklopediyası sözlüyünün layihəsi) gözəl və xeyirxah işin başlandığını xəbər verirdi. Coğrafi və mənəvi baxımdan böyük əhəmiyyət daşıyan bu iş Azərbaycan ensklopediyasında 2004-cü ildə baş verən hadisələrdən sonra durduruldu.

Eləcə də "Tanıdığım insanlar", "Dastanlaşmış ömürlər",  "Quzey Kıbrıs", "Uyğur, qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı", "Colan türkmanları", "Krım sevgisi" kitabları bunlara parlaq misaldır. Elə bir türk xalqı yoxdur ki, Əli Şamil ondan bəhs etməsin. Tanınmış mətbuat işçisi Tahir Aydınoğlu "Jurnalist Türk dünyasına pəncərə açır" yazısında bu barədə geniş məlumat vermişdir.

Zənnimcə, Əli Şamil bu sahədə Kıbrıs, Krım tatarları və qaqauzlar haqqında daha çox əsər yazmışdır. 1974-cü ildə adada baş-layan faciələr, Kıbrısda türklərin məhv edilməsi, bədnam enozis, EOKA-1, EOKA-2, keşiş Makariosun və Samsonun törətdiyi cinayətlər, Türkiyənin Kıbrısa desant çıxarması və  imperializmə qarşı mübarizəsi, Yunanıstanda "qara polkovniklər" xuntasının devrilməsi, nəhayət, QKTC-nin elanına gətirib çıxaran hadisələr gözlərimiz qarşısında baş verdiyindən Əli Şamil Kıbrıs probleminə daha çox diqqət yetirmişdir. Onun qələmə aldığı "Kıbrıs Azerbaycan Mediasında", "Kıbrıs "Azadlık" Gazetesi Sayfalarında", "Ayna" Gazetesinin Kıbrıs Hakkında Yazdıkları", "Araştırmacı Gazeteci İsmail Umutlu ve Kıbrıs Konusu", "Azerbaycan'da Kıbrıs Türk Milli Mücadele Konusu", "Türk dünyasında Kıbrısın öz yeri var" və onlarca başqa yazılar dediklərimizi təsdiq edir.

Krım tatarlarının problemləri də Əli Şamili dərindən məşğul etmişdir. 20-ci əsrin əvvəllərində onların milli dövlət qurmaq uğrunda apardıqları mübarizə, İkinci Dünya Müharibəsi zamanı ana vətəndən sürülmələri, min bir əzabla Krıma qayıtmaları və bəzi digər məsələlər haqqında Əli Şamilin çox təsirli yazıları var. "Qanı ilə şeir yazan, milləti üçün dövlət quran Numan Çələbi Cihan", "Krım tatarlarının qara günü" həmin qəbildən olan məqalələrdir. Əli Şamilin Krım kontekstində məşhur dilçi Bəkir Çobanzadə və tanınmış yazıçı Çingiz Dağçı haqqında qələmə aldığı yazılar xüsusilə seçilir. Onun "Bekir Sıtkı Çobanzade'nın Türk Halklarının Kültürel Etkileşim ve Değişiminde Rolu" və "Birleşik Türk-Tatar devleti yaratmak uğrunda şehit olan Bekir Çobanzade" adlı məqalələri çox əlamətdardır. Bunlar İstanbulda, Simferopolda və Türküstan şəhərində (Qazaxıstan) çıxan məcmuələrdə dərc olunmuş və elmi dövriyyəyə daxil edilmişdir. Əli Şamilin "Görkəmli Krım tatar ədibi Cengiz Dağçı vətən torpağına tapşırıldı", "Gözlənilən ölümün acısı və ya Çingiz Dağcı dünyadan köçdü", "Çingiz Dağçının "Korkunç yıllar" romanında azərbaycanlı obrazı" məqalələri onun həyatına, sənətinə və mübarizəsinə həsr olunmuşdur.

Türklərin başıbəlalı başqa bir xalqı olan qaqauzların adını mən ilk dəfə Əli Şamildən eşitmişəm. Həmin dövrdə Azərbaycan gənclərinin siyasi dünyagörüşü və milli şüuru məhdud, biliyi səthi, savadı az idi. Əli Şamil yazıları və şifahi təbliğatı ilə maarifçilik funksiyasını yerinə yetirirdi. Yadımdadır ki, ötən əsrin son rübündə qaqauzların "Ana sözü" qəzeti oxucu qıtlığı üzündən bağlanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Əli Şamil digər vətənpərvər insanlarla birlikdə abunə yazılışı kampaniyasına başladı və qısa müddət ərzində Azərbaycanda yüz minlərlə insan "Ana sözü"nün oxucusu oldu. Bu münasibətlə Əli Şamilin "Qardaş xalqımıza böyük maraqlıq" adlı məqaləsi həmin qəzetdə dərc olundu. Alimin Kişinyovda və Komratda çap edilən "Azerbaycanda Gagauzlar", "Azerbaycanda Gagauzlarla İlgili Kaynaqlar" adlı məqalələri dərin rəğbətlə qarşılandı.

Əli Şamilin qaqauz ədəbiyyatı ilə bağlı fəaliyyəti də təqdirə layiqdir. Qaqauz şairəsi Tudora Arnautun "Qaqauzam, Bucaqdır yerim" adlı kitabı haqqında onun dövri mətbuatda "Ələsgər bulağından su içən qaqauz qızı", "Qaqauz qızı, qaqauz sözü", "Həmkarımızın şeir payı", "Ortaq ədəbiyyata doğru", "Qaqauz ədəbiyyatı" adlı məqalələri çıxmışdır. Əli Şamil bununla kifayətlənməmiş, İranda "Varlıq" və "Mişov dağı" dərgilərində "Bir qaqauz şairi" adlı yazılarla çıxış etmişdir.

Əli Şamil digər türk xalqlarının problemləri barədə də əsərlər qələmə almışdır. Yer məhdudluğunu nəzərə alaraq bunlar haqqında bir-iki nümunə ilə kifayətlənək. "Azadlıqsevər uyğurlar üçün şəhid şair Lütfulla Mütəllib nümunəsi", "İnamını itirdiyindən ömrünü bitirən Qamzat Acigəldiyev (26 yaşında ölümə sürüklənən noqay şairi)", "Mustafa Çokay - türklük savaşçısı", "Osman Batur - qəhrəman türk", "Toktoqul Satılqanov", "İtkilərimiz. Folklorşünaslığımızın ağsaqqalı Ata Tərzibaşı dünyadan köçdü", "Qarslı Aşıq İslam", "Kumuk Edebiyatının Düneni ve Bugünü", "Nogay Edebiyatı Eskiden ve Şimdi", "Colan türkləri - qarabağlıların tale qardaşları", "Colan türklərinin folkloru" və s. və i.a.

Son illər milli dəyərlərimizə sahib çıxanların artdığı, turizmin sürətlə inkişaf etdiyi bir dövrdə Əli Şamilin 1930-1950-ci illərdə Qazaxıstana sürgün olunmuş soydaşlarımız haqqında yazdığı "Sürgün olunanların sorağı ilə", Azərbaycanda iki min kilometr uzaqda, İranın güneyində yaşayan, özlərini bizim bir parçamız hiss edən qaşqaylar haqqında yazdığı "Qaşqay elinə səfər",  eləcə də yüz əlli ilə yaxın Rus imperiyasının tərkibində olsaq da, mədəni əlaqələrimizi yüksək səviyyədə qura bilmədiyimiz qırğız elləri haqqında yazdığı "Tarixi köklərin sorağı, ulu əcdadların izi ilə, yaxud Isık göl məni nədən kövrəltdi" silsilə məqalələri məlumat-sorğu kitabçası mahiyyəti daşıyır. 

Əli Şamilin Axıska türkləri, özəlliklə Xəstə Hasan haqqında yazıları az deyil. Hələ 1984-cü ildə "Sovet Naxçıvanı" və 1986-cı ildə "Sovet Gürcüstanı" qəzetlərində dərc etdirdiyi ilk məqalələr 2012-ci ildə qarşımıza "Axıskalı Xəstə Hasan (şeirləri və şeirlərinin yaranması haqqında söhbətlər)" kitabı olaraq çıxır. Bu əsər "Ahıska" qəzetində 2013-cü ilin yanvarından dekabrın sonunadək  hər həftə təfriqə olunmuş və 46 məqalə şəklində dərc edilmişdir.

Görkəmli qələm sahibinin zəngin biblioqrafiyasında "Koroğlu" və Naxçıvan mövzuları xüsusi yer tutur. Məlum olduğu kimi, "Koroğlu" dastanı türk dünyasının ən çox yayılmış folklor nümunələrindən biridir. Onun tacik, erməni, gürcü versiyaları da var. Əli Şamil bu dastan haqqında vaxtılə bir sıra elmi-nəzəri məqalələr yazmışdır. 2000-ci ilin əvvəllərində Əli Kamalinin arxivində ortaya çıxan "Koroğlu" eposu ilə bağlı qələmə aldığı yazılarla koroğluşünaslığa mühüm töhfələr vermişdir. Onun "Koroğlu" eposunun variantları Əli Kamali arxivində", "Əli Kamali arxivindəki "Koroğlu" eposunun variantlarında mətnşünaslıq məsələləri", "Koroğlu" dastanının (Əli Kamali arxivindəki variantlar)" təkrar nəşrinə ön söz", "Əli Kamali arxivindəki "Koroğlu" dastanında Eyvaz obrazı" və başqa məqalələri, simpozium və konfranslardakı çıxışları folklorsünaslığa xüsusi dəyər qatmışdır.

Biblioqrafiyada Naxçıvan haqqında informasiya və zarisovka xarakterli xeyli yazının olması məni təəccübləndirdi. Uzaq Şərqdən tutmuş Volqaboyuna, Şimali Qafqaza qədər böyük bir coğrafiyada çıxan mətbuat orqanlarında Əli Şamilin Naxçıvan haqqında reklam mahiyyəti daşıyan yazılarının dərc edilməsi əslində, bir vətənpərvərlik örnəyidir. Məsələ orasındadır ki, iqtisadi cəhətdən zəif olan Naxçıvana əlavə maliyyə cəlb etmək üçün Əli Şamil diyarın təbii gözəllikləri, balneoloji iqlimi, astma xəstəliyinin birinci müalicəsi olan duz mədənləri haqqında dolğun bir məqalə yazaraq onu rus dilinə çevirtdirmiş və müxtəlif rayon, şəhər və vilayət qəzetlərinin redaksiyalarına göndərmişdir. Nəticədə SSRİ-nin müxtəlif regionlarından Naxçıvana axın başlamışdır. Bu dəfə də növbə problemi ortaya çıxmışdır. Əli Şamil baş həkimlə və digər vəzifə sahibləri ilə danışaraq iki növbə yaratmağı təklif etmişdir. Növbələrdən biri ancaq türk əsilli soydaşlarımız üçün nəzərdə tutulmuşdur. Naxçıvana gələn xəstələr Əlinin məqaləsi çıxan rusca qəzetləri də özləri ilə gətirdikləri üçün bugün onların adlarını bu biblioqrafiyaya yerləşdirmək mümkün olmuşdur.

Bu biobiblioqrafiya Əli Şamilin 70 illiyi münasibətilə tərtib olunmuşdur. Professor Qəzənfər Kazımov seçilmiş əsərlərinin on cildliyini nəşr etdirib. Bir dəfə mənə dedi: Bilirsənmi, bu cildlərlə heç də filan-filan problemləri həll etdiyimi söyləmirəm. Sadəcə filan-filan problemlər barədə düşündüyümü bildirmək istəmişəm. Əli Şamil də öz həyatını çətin problemlər barədə düşünməyə həsr edən insandır. Düşünmədən həll etmək mümkün deyil.

Ramiz ƏSKƏR
BDU-nun Türkologiya kafedrasının müdiri, professor

 





24.05.2019    çap et  çap et