525.Az

Tofiq Müxtəsərov: "Bakı Ali Neft Məktəbi mənim hədəfim olub"


 

Tofiq Müxtəsərov: "Bakı Ali Neft Məktəbi mənim hədəfim olub"<b style="color:red"></b>

Bugünlərdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV qruplar üzrə keçirilmiş ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb.
 
Nəticələrə görə ölkədə I qrup üzrə qəbul imtahanında maksimal bal (400) toplamış, ümumi balı 665 olan, Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin məzunu Tofiq Müxtəsərov olub.

525.az Tofiq Müxtəsərovla müsahibəni təqdim edir.

-Qəbul imtahanı haqqında təəssüratlarınız necədir?

-Əvvəlki illərin qəbul imtahanı sualları ilə müqayisədə builki daha çətin idi. Xüsusilə fizikadan düşən suallarda çətinlik vardı, riyaziyyat və kimyadan düşən suallar daha rahat idi. Tanıdığım abituriyentlərin çoxu fizikadakı suallarda çətinlik çəkib və balları aşağı düşüb. Ümumiyyətlə, builki suallar abituriyentlərdən daha çox diqqət tələb edirdi.

-Abituriyentlər qəbul imtahanında yaxşı nəticə göstərmək üçün nələrə fikir verməlidir?

-Əsas məsələ sistemli, ardıcıl olmaq və vaxtı düzgün bölməkdir. Bir də abituriyentlər gərək oxu materiallarını davamlı və rejimlə oxuyub həzm eləsin. Burda ən vacib məsələ odur ki, oxu materiallarını qavrayanda beyin yüklənməməlidir. Beyin rahat olanda fənlərdəki bilikləri daha asanlıqla anlayırsan.

-Bakı Ali Neft Məktəbi (BANM) haqqında hansı mənbədən məlumat almısınız?

-Əsasən şəxsi əlaqələrim rol oynayıb. BANM-da oxuyan, şəxsən tanıdığım tələbələrdən orada yaxşı təhsil haqqında eşitmişdim. Bundan həvəslənib qərara gəlmişdim ki, yüksək bal yığıb sənədlərimi Ali Neft Məktəbinə təqdim edim.

- Niyə Bakı Ali Neft Məktəbini seçmək istəyirsiniz?

-Mən əsasən ingilis dilində təhsil almaq istəyirəm. BANM-də ingilisdilli təhsil keyfiyyətlidir, üstəlik Ali Neft Məktəbinin ikili diplomlu proqramları haqında eşitmişəm, həmçinin BANM BP, SOCAR kimi böyük şirkətlərlə əməkdaşlıq edir. Yəni bu ali məktəb gələcək təhsilim və inkişafım üçün perspektivli təhsil ocağı təsiri bağışlayır. Neft-qaz, kimya mühəndisliyi və informasiya təhlükəsizliyi sahələri diqqətimdədir. Hələlik konkret ixtisas seçimi edə bilməmişəm, amma BANM-də oxumaqda qərarlıyam.

-Gələcək hədəfləriniz nədir?

-Hələlik gələcək üçün əsas hədəfim BANM-da ingiliscə bakalavr təhsili almaqdır, daha sonra xaricdə magistratura təhsili haqqında planlarım var.

 





24.05.2019    çap et  çap et