525.Az

Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadəyə həsr olunmuş konfrans


 

Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadəyə həsr olunmuş konfrans <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş "Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə: bədii düşüncə ilə ümummilli idealın vəhdəti" mövzusunda elmi konfrans keçirilib.

Elmi konfrans İnstitutda praktika keçən Azərbaycan Dillər Universitetinin tələbələri ilə birlikdə hazırlanıb və ardıcıl keçirilən II tələbə konfransıdır.

Tədbiri giriş sözü ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli açaraq İnstitutun direktoru, akademik İsa Həbibbəyli adından hamını salamalayıb. Əlizadə Əsgərli Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 yanvar 2019-cu il tarixli Sərəncamının ölkəmizdə dövlət səviyyəsində ədəbiyyatımıza yüksək qiymətin nümunəsi olduğunu bildirib. Daha sonra Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Mustafayeva AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən tədbirin Universitet tələbələrinin həyatında silinməz iz buraxacağını vurğulayıb.

Tədbirdə İnstitutun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva "Cəlil Məmmədquluzadə və Molla Nəsrəddin jurnalı" adlı məruzə ilə çıxış edib.

Daha sonra Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin IV kurs tələbələri Nəzrin Pirəlisoy "Cəlil Məmmədquluzadə əsərlərinin dil xüsusiyyətləri", Bahar Ağasıyeva "Cəlil Məmmədquluzadə əsərlərində cəhalətlə mübarizə", Aygün Səmədli "Cəlil Məmmədquluzadənin publisistikası", Gülzar Tahirova "Cəlil Məmmədquluzadə yaradıcılığında qadın azadlığı problemi", Nərmin Abdullayeva "Anamın kitabı" əsərində Azərbaycançılıq idealı", Aygün Məmmədova "Cəlil Məmmədquluzadə yaradıcılığında xurafatın tənqidi", Əfsanə Nuhova "Dəli yığıncağı" əsərinin ideya-bədii xüsusiyyətləri", Mehriban Baxışova "Kamança" əsərində Qarabağ mövzusu", Nərmin Bəkirzadə "Danabaş kəndinin əhvalatları" əsərinin mövzusu və ideyası", Turanxanım Cəfərli "Cəlil Məmmədquluzadə hekayələrində bədii tipikləşmə", Nərmin Süleymanlı "Usta Zeynal" hekayəsinin ideya-bədii xüsusiyyətləri", Fidan Qaraşlı "Poçt qutusu" hekayəsində kiçik adam və böyük ideal" adlı mövzularda çıxış ediblər.

Konfransın sonunda professor Tahirə Məmməd, filologiya elmləri doktoru Aida Feyzullayeva, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli və Cəlil Məmmədquluzadə yaradıcılığının tədqiqatçısı, İnstitutun doktorantı Elxan Nəcəfov çıxış edərək konfransın mahiyyətini dəyərləndiriblər.

Şahanə MÜŞFİQ

 





24.05.2019    çap et  çap et