525.Az

Sərgi: "Milli Kitabxana - 96"


 

Sərgi: "Milli Kitabxana - 96"<b style="color:red"></b>

Mayın 23-də Milli Kitabxanada M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranmasının 96-cı ildönümünə həsr olunmuş "Milli Kitabxana- 96" adlı geniş kitab sərgisi açılıb.

Azərbaycan Respublikasının ən böyük dövlət kitabsaxlayıcısı, milli mətbuatımızın və kitabiyyatımızın dövlət arxivinin yaradıcısı, ölkənin bütün kitabxanaları üçün elmi metodik mərkəz funksiyasını yerinə yetirən, kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq sahəsində aparıcı elmi mərkəz rolunu oynayan, oxuculara kompleks kitabxana biblioqrafiya, informasiya xidməti göstərən, kitabxanalararası abonement, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirən və nəhayət, Azərbaycan elminin inkişafında xüsusi xidməti olan elm məbədi və mənəviyyat xəzinəsi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 96 ildir ki, Azərbaycan xalqına, oxucususuna, elminə xidmət göstərir.

Milli Kitabxananın rəsmi açılışı 1923-cü il may ayının 23-də olub, 1939-cu ilin iyul ayında isə kitabxanaya görkəmli mütəfəkkir, drammaturq, maarifçi M.F.Axundovun adı verilib.

Azərbaycan Milli Kitabxanası bu illər ərzində böyük tərəqqi yolu keçib, müstəqillik qazandıqdan sonra isə Ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində daha da inkişaf edib. Elmə və mədəniyyətə yüksək qiymət verən Ulu öndər 4 dəfə Milli Kitabxanada olub və öz şəxsi kitabxanasından 300-dən çox kitabı kitabxanaya hədiyyə edib. 

"Kitabxana işi haqqında" Qanuna müvafiq olaraq M.F.Axundov adına Dövlət Kitabxanasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü il tarixli qərarı ilə "Milli Kitabxana" statusu verilib.

Paytaxt sakinləri və şəhərimizin qonaqları üçün daha təkmil, fasiləsiz və sərbəst mütaliə imkanlarının yaradılması məqsədilə təşkil edilmiş Açıq Kitabxana asudə vaxtın təşkili və mütaliə mədəniyyətinin formalaşması istiqamətində atılmış növbəti addımdır.

Bu gün kitabxana Avropa Milli Kitabxanaları Konqresi (CENL), Avrasiya Kitabxana Assambleyası (BAE), Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatına Üzv Ölkələrin Milli Kitabxanaları Şurası, Avrasiya Kitabxanaçılar Birliyinin və s. üzvüdür. Milli Kitabxana dünyanın 60-dan artıq Milli kitabxanası ilə kitab mübadiləsi aparır. Milli Kitabxana türkdilli ölkələrin mədəni dəyərlərinin təbliğində mühüm rol oynayan TÜRKSOY beynəlxalq təşkilatı ilə də səmərəli əməkdaşlıq edir və mütəmadi olaraq həm Azərbaycanda, həm də türkdilli ölkələrdə birgə mədəniyyət tədbirlərinin, yubileylərin, elmi konfrans, seminar və kitab təqdimatlarının keçirilməsində fəal iştirak edir.

Milli Kitabxananın yerinə yetirdiyi ən vacib missiyalardan biri də Azərbaycan həqiqətlərininin, ölkəmizin uğurlarının ölkə xaricində daha geniş təbliğində fəal iştirak etməkdir. Hər il Milli Kitabxana Mədəniyyət Nazirliyi ilə birgə 10-dan artıq beynəlxalq kitab sərgisində Azərbaycana dair zəngin ekspozisiyalarla iştirak edir və sonda həmin ekspozisiyada nümayiş olunan kitablar təşkilatçı ölkə milli kitabxanasına hədiyyə olunur.

Sərgidə Milli Kitabxananın bu günə kimi nəşr etdiyi vəsaitlər nümayiş olunur. Sərgi bir həftə davam edəcək.

Şahanə MÜŞFİQ

 





24.05.2019    çap et  çap et