525.Az

Bir məruzənin təəssüratı - Firuzə Nadir


 

YAXUD BİR DAHA ERMƏNİ SAXTAKARLIQLARI VƏ UYDURMALARI HAQQINDA

Bir məruzənin təəssüratı - <b style="color:red">Firuzə Nadir </b>

"Prezident İlham Əliyev: "...Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı..."

Bəli, bu torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır, ilk növbədə, Naxçıvan MR-nın ərazisi, məlum səbəblərə görə itirilmiş İrəvan, Qərbi Azərbaycan ərazisi, Ermənistanın addım-addım özününküləşdirdiyi və Sovet dövründə ona "bəxşiş" edilən Zəngəzurun qərb hissəsi, Göyçə, Dərələyəz, Dilican, nəhayət, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunan Şərqi Zəngəzur - Laçın, Qubadlı, Kəlbəcər və Qarabağ əraziləri. Bu yerlərdə tarixi abidələrimiz, qeyri-maddi mədəni irsimiz oğurlanıb və ya məhv edilib, əcdadlarımızın izini daşıyan yüzlərlə toponim dəyişdirilib. Nəticədə, Azərbaycanın ərazisi kiçildilib, onun vahid quru ərazisi parçalanıb, Naxçıvan MR ərazidən ayrılıb, bir vaxtlar Türkiyədən qurudan keçən yol itirilib və əksinə, Ermənistan İranla bilavasitə sərhəd əldə edib..."

Bu fikirlər Bakıda keçirilən, əcnəbi alimlərin də qatıldığı beynəlxalq konfransda böyük marağa səbəb olan bir məruzədəndir. Təkcə mənim yox, bütün iştirakçıların diqqətini çəkən, tutarlı tarixi sübut və dəlillərə əsaslanan məruzə o qədər aktual idi ki, fikirlərimi bölüşməyə bilmədim...

Ermənistandan dədə-baba yurdlarından deportasiya olunan 250 min, öz ölkəsində məcburi köçkünə çevrilən 750 min azərbaycanlı - bu, bədnam qonşularımızın ölkəmizə ərazi iddialarının nəticələrini əks etdirən ağrılı rəqəmlərdir. Amma təkcə bu deyil. Ermənilər zaman-zaman yalnız torpaqlarımıza yox, maddi-mənəvi sərvətlərimizə də göz dikiblər. Azərbaycan ərazisinin 20%-nin işğalı nəticəsində dağıdılan, yandırılan, məhv edilən mədəni sərvətimiz də saya-hesaba gəlmir. Təəssüf ki, bu talan, eləcə də ermənilərin "özününküləşdirmə siyasəti" indi də davam edir. Bu mövzunu daim diqqətdə saxlayan Əqli Mülkiyyət Agentliyi Müəllif Hüquqları Günündə onu yenidən gündəmə gətirdi.             

"Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" adlı konfransın təşkilatçısı da Əqli Mülkiyyət Agentliyi idi. Son iki ildə ənənəvi olaraq keçirilən eyniadlı tədbir bu dəfə alimlərin mövzu ilə bağlı yeni araşdırmalarını auditoriyaya çatdırmaqla Azərbaycanın torpağı, mədəni irsi və tarixinə yönələn erməni saxtakarlığını və uydurmalarını bir daha ifşa etdi. Mənim qənaətlərim isə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya ermənilərin Qafqaz avtoxtonluğu cəhdləri" adlı məruzəsi haqqındadır...  

Servantes: "Don bəzəyər də, ifşa edər də..." 

Əslində, bu məruzə son dərəcə sanballı elmi əsər kimi qiymətləndirilməlidir. Məruzə 4 bölümdən ibarətdir: "Keçmişdə hay-erməni müəlliflərinin yazılarında saxtakarlıq və uydurmalar", "Keçmişdən gələn yalanların müasir "təsdiqləmə" cəhdləri", "Torpaq uydurmaları və həqiqətlər" və "Tarixi uydurmalar davam edir"...

Yeri gəlmişkən, professor Kamran İmanov bu sahədə ən fədakar, ən cəfakeş alimlərimizdən biridir. O, Azərbaycan tarixinin saxtalaşdırılmasının qarşısını almaq məqsədilə hazırlanan çoxsaylı nəşrlərin müəllifidir. Hər dəfə konfrans və seminarlarda həmin nəşrlərin böyük əks-səda yaratdığının şahidi olmuşam. Gərgin zəhmət və araşdırmaların bəhrəsi olan, Azərbaycan, rus, ingilis dillərində çap olunan bu kitablar maddi-mənəvi sərvətlərimizə göz dikənlərə çox tutarlı cavabdır.       

Alimin növbəti məruzəsinə gəlincə... Professor Kamran İmanov qeyd edir ki, müasir erməni müəlliflərinin tarixə aid yalanlarla dolu çoxsaylı kitabları bir-birinə istinadən, həqiqətə uyğun olmayan "faktları" tirajlayır və beləliklə, "ermənisayağı mənbə", yəni "dəlillər" sistemi yaradır. Lakin "böyük həvəslə" istinad edilən qədim erməni mətnlərinin əlyazmaları, orijinalları isə tapılmır ki, tapılmır. Çünki bunların kökündə erməniçilik saxtakarlığı dayanır.

Məruzəyə Servantesin "Don bəzəyər də, ifşa edər də..." fikrinin tezis seçilməsi də təsadüfi deyil. Alim dəqiq fakta müraciət edir: dünyanın ən zəngin arxivlərindən sayılan Sankt-Peterburq arxivində qədim erməni müəlliflərinin manuskriptlərinin tapılması müşkül məsələdir. 2003-cü ildə Sankt-Peterburqun 300 illiyinə həsr olunmuş "Sokrovişa akademiçeskix sobraniy Sankt-Peterburqa" kitabının tərtibatçı kollektivinin rəhbəri, milliyyətcə erməni olan professor Yuriy Petrosyanın yazdığı kimi, minlərlə nüsxədə qorunub saxlanan erməni əlyazmaları arasında bir dənə də orijinal yoxdur. Onların 80 faizə qədəri XVII-XVIII, bir neçəsi XIV-XV əsrlərə aid köçürmələrdir. Erməni aliminin digər etirafına görə, bu arxivdə VII-XI əsrlərə aid olan türk orijinallarının sayı isə minlərlədir.

"Erməni tarixinin atası" sayılan Movses Xorenskinin (Movses Xorenatsi) "Haylar tarixi"nin uydurma tarixçəsindən bəhs edən alimin fikrincə, bu əsərə aid fırıldaqlar və saxtakarlıqlar kitabın adı, yazıldığı tarix, müəllifliyi, hətta tərcüməsi ilə də bağlıdır. Yazının orijinalı yoxdur, hansı dildə yazıldığı da bəlli deyil. Yazıya istinadlar, əsasən müasir erməni müəlliflərinə məxsusdur, üstəlik, X əsrə qədər hay tarixşünaslığında Xorenskinin adı çəkilmir. Bəzi alimlərin fikrincə, Xorenski adı ilə anonim keşiş tarixçisi çıxış edir, çünki onun tərcümeyi-halı naməlum, saxta mənbələr əsasında yalnız 1858-ci ilin rus dilində olan nəşrində erməni mənşəli tərcüməçi N.Emin tərəfindən tərtib edilib. 1809-cu ildə rus dilinə tərcümə olunan nəşrdə yazının adı "Ermənilər tarixi"nə, 1858-ci ildə isə "Armeniya tarixi"nə çevrilib, bununla da ermənilər haqqında tarix uydurulmuş Armeniya ölkəsi tarixi adına çevrilib. M.Xorenskinin ən böyük fırıldağı "İncil"dəki təftişlər və bununla İncilin erməni variantını təqdim etməsidir. Saxtakarlığın məkrli niyyəti "Xalqlar cədvəli"ndə Hayk və Armenak fantomlarının uydurması və bu cədvəldə göstərilməyən şəcərə qollarını doldurmaqla hayları armenlərin əcdadlarına çevirmək, üstəlik, sakaların, qədim türklərin soykökü ilə "qohumluq" yaratmaq idi. Nəticə etibarilə digər xalqların yaşayış ərazisinin mənimsənilməsi ilə onların tarixini də hay-ermənilərin xeyrinə özününküləşdirməkdir. XVIII əsrin görkəmli tarixçilərindən olan Qibbon yazıb: "Xorenskidən yalnız digər qədim tarixçilərdə də olanları götürmək olar..." Beləliklə, erməniçiliyin ən "sanballı" tarixi yazısı nəzərəçarpan dərəcədə saxtalaşdırılmış mənbə kimi çıxış edərək digər uydurulmuş əsərlərə "yaşıl işıq" yandırdı...

Professor Kamran İmanov müəlifi olduğu "Erməni yadelli nağılları", "Öz-özünü təkzib edən "erməniçiliyin müəllif hüququ" kitablarına istinadla mif yaratmaqda mahir olan ermənilərin əqli oğurluq ənənəsinin davam etdiyini bir daha diqqətə çatdırır: ermənilər xüsusilə azərbaycanlıların maddi və qeyri-maddi irsinə, torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkmir, əqli oğurluq və saxtakarlıqla, uydurma cəhdlərlə öz çantalarını "zənginləşdirirlər". Bunlar həm real siyasi həyatımıza, həm də keçmişə, tarixi hadisələrə aiddir. Mifologiyaya əsaslanan "böyük torpaqlar" stereotipi qonşularına qarşı ərazi iddiaları, müxtəlif növ mifologemlərdən irəli gələn "böyük erməni mədəniyyəti", "sivilizasiyanın ilk erməni ocağı" mədəni oğurluqları erməniçilik təfəkküründə "təbiilik" və "legitimlik" qazandırır. Buna görə də Azərbaycanın işğal olunmuş torpaqlarının boşaldılmasına, beynəlxalq hüquq normalarına uyğun yaşamasına məhəl qoyulmur. Azərbaycanın maddi və qeyri-maddi irsinin, mədəni ənənələrinin mənimsənilməsinə dair erməni ənənəsi davam edir...

Əqli Mülkiyyət Agentliyinin sədri hesab edir ki, hər bir xalqın, o cümlədən, erməni xalqının özünəməxsus tarixi var, millətin keçmişində baş verən olaylar, hadisələr, uğurlar və məğlubiyyətlər gerçəkliyin ayrılmaz hissəsidir. Və biz erməni xalqına yox, erməniçiliyə, sağlam olmayan dünyagörüşünü dəstəkləyən bədnam qonşularımızın millətçi müəllifləri, ya da sifarişlə tutulan muzdlu xaricilərin yazdığı yalan, uydurma və böhtanlarla dolu kitablara və digər yazılara qarşı çıxış edirik. Xüsusən, tarixşünaslığa aid bu növ əsərlərdə əsas leytmotiv ermənilərin Cənubi Qafqazda gəlmə yox, avtoxton millət olmasına və buradan guya itirilmiş torpaqlarla bağlı ərazi iddialarına qarşı çıxış edirik. Natiqin fikrincə, millətçi hay-ermənilərin ölkə tarixini etnos tarixi ilə əvəz etməsi heç də təsadüfi deyil. Səbəb keçmişdə "Armeniya" adlı dayanıqlı siyasi anlayışın yalnız olmaması ilə bağlı deyil. Dayanıqlı coğrafi anlayış "Armeniya" heç bir vəchlə erməniçiliyin tamahını təmin edə bilmir. Çünki bu coğrafi anlayış bir çoxlarının, o cümlədən, türk etnoslarının yaşayış məkanı idi. Əgər M.Xorenskidə "Armeniya" anlayışı sayca vahidlərlə ölçülürdüsə, indiki erməni müəlliflərin "Armeniya"larının sayı onlarcadır, o cümlədən ,ağızdolu söylədikləri "erməni dövlətçiliyinin Eçmiədzin dövrü" adlanan "Şərqi Armeniya" da işlənilir. Aydındır ki, burada erməni dövlətçiliyinin məskəninə çevrilmiş Azərbaycanın tarixi torpaqlarından, Qərbi Azərbaycandan söhbət gedir. Elə buna görə yazdıqları tarix "Armeniya tarixi" kimi qələmə verilmir, "Erməni xalqının tarixi" kimi də təqdim olunur. 

"Ənənə keçmişin uğurları, tərəqqisi deməkdir, bu günün tərəqqisi isə zaman keçdikcə sabahın, gələcəyin ənənəsinə çevrilir..." 

Eduard Errionun fikrini xatırladan professor Kamran İmanov qeyd edir ki, bu, həqiqət olsa da, Azərbaycanın mədəni irsinin mənimsənilməsinə dair erməni ənənəsinə aidiyyəti yoxdur. M.Xorenskidən başlayaraq, "əzabkeş xalqın itirilmiş əraziləri" haqqında mifologemlər erməniçiliyin qonşularının torpaqlarına ərazi iddialarının revanşist əsasını təşkil edir. Sonra alim erməni qədim mətnlərinin xüsusiyyətinə nəzər salır, bildirir ki, burada da bir şablon - "qəhrəman xristian keçmişinə malik" və "düşmənlərin əhatəsinə düşən və incidilən qədim xalq" istifadə edilir.

Daha sonra natiq məruzədə əcnəbi alimlərdən sitatlar gətirir...

Amerika alimi, Harvard Universitetinin professoru R.Tomson: "Əvvəla, erməni tarixi narrativlərinin müəllifləri, adətən, kilsə ruhaniləridir, onlar kilsənin sifarişi əsasında yazıblar. İkincisi, ermənilərin tarixi yazılarında hadisələrin təsviri yoxdur, onların xüsusi, seleksiyalı quruluşu təqdim edilir. Üçüncüsü, yazılar elan olunan zamandan qat-qat sonra əmələ gəlib və əsrlər boyu, XIX əsrə qədər, hay-ermənilər tərəfindən əlverişli olan əlavələr və dəyişikliklərə məruz qalıb".

Rusiyanın tanınmış etnoloqu V.Şnirelman: "Müasir hay-erməni tarixşünaslığı "şanlı keçmişin" yazılı şablon və obrazlarına əsaslanır".

Bununla belə, erməni xalqının tarixi ilə bağlı yaradılan əfsanələr şüurlu halda uydurulur və konkret müəlliflərə məxsusdur: Qriqor Arsruni, Raffi, Leo, Mkrtıç, Xrimyan XIX əsrin sonlarında bir sıra tarixi mif və əfsanə yaradıblar.

Həmin mif və əfsanələri sübutlarla alt-üst edən Kamran İmanov tanınmış rusiyalı yazıçı Yuriy Pompeyevin qənaətini diqqətə çatdırır. Yuriy Pompeyevin fikrincə, erməni zadəganlarının Tanrı törəmələri olduqları haqqında böyük tirajlarla buraxılan uydurmaların Artaşes Arsruni kimi müəllifləri dərc edilir, Suren Ayvazyanın saxta tarixləri yer alır. Nəticədə "etnosun kollektiv yaddaşı süni yaradılan xülyalı keçmişin qəfəsindədir, gələcək isə gələcəyin yox, əksinə, keçmiş naminə təsəvvür edilir". Yazıçı Flober demişkən: "...keçmiş bizi saxlayıb buraxmır, buna görə də gerçək bizdən vaz keçir".

Məruzəçi budəfəki konfransın qonağı, tanınmış Rusiya tarixçisi və politoloqu, publisist, tarix elmləri doktoru, professor Oleq Kuznetsovdan da sitat gətirir: "... cahillik, naşılıq... istənilən erməni humanitar fikrinin vizit kartıdır. Buna görə də Ermənistanda müasir elmi biliyə yox, aşkar nasist Tsexakron (Njde) nəzəriyyəsinin tövsiyələrinə uyğun olaraq, yaşamağa üstünlük verilir..."

Yeri gəlmişkən, professor Oleq Kuznetsovun konfransda "İkinci Dünya müharibəsi dövründə kollaboratsionizm" mövzusunda çıxışı da böyük maraqla qarşılandı. O, ermənilərin xəyanətləri ilə bağlı faktları diqqətə çatdırdı. Oleq Kuznetsovun fikrincə, hər bir xalq mövcudluğunu davam etdirmək və inkişaf üçün öz ideologiyasını formalaşdırır. Ona görə də hər bir xalq özünüdərkdən çıxış edərək ya özü üçün tarix yaradır, ya da öz həqiqi keçmişi ilə fəxr etmək və gələcəyini qurmaq üçün irsini öyrənir. Ermənilər hansısa yolla dünyada mövcudluqlarını saxlamaq məcburiyyətindədir. Onların mövcudluğu, gələcəklərini qurmaq üçün digər mexanizmləri yoxdursa, bu, artıq onların ətrafında yaşayanların yox, erməni xalqının öz problemidir. Oleq Kuznetsov hesab edir ki, bu cür tədbirlər, həm Azərbaycan xalqı, onun özünüdərki, həm də beynəlxalq elmi ictimaiyyət üçün vacibdir. Çünki bu məkan, bu müstəvi  yeni məlumatların səsləndiyi, yeni tədqiqatların nəticələrinin açıqlandığı yerdir. Bunun əsasında isə günümüzün tələblərinə cavab verən ideyalar yaranır. Bu baxımdan, bu cür tədbirlər və onların iştirakçısı olmaq çox faydalıdır...

Məruzədə qeyd olunur ki, istər erməni müəlliflərinin qədim mətnlərinə, istərsə də tarixə dair çoxsaylı müasir müəlliflərin yazdıqlarına erməni və qərb, xarici tarixşünaslığın verdiyi qiymətlər köklü surətdə fərqlənir. Professor Kamran İmanov "erməni tarixinin atası" M.Xorenski haqqında iki fikri nəzərə çatdırır. Birincisi, Ermənistan Elmlər Akademiyasının rus dilində olan nəşrindən götürülüb: "...Xorenskinin əsəri ilk erməni tənqidi tarixdir və milli elmi-tarixi fikrin incisi və şah əsəridir..." İkincisi, məşhur tarixçi Avqust Karriyerin 1896-cı ildəki sözləridir: "Onun - Xorenskinin məlumatlarına inanmaq naşılıqdır. Onun xəbərlərinin əksəriyyəti uydurmadır".

Və Əqli Mülkiyyət Agentliyinin sədri bu nəticəyə gəlir:  

"İki ayağı üstündə duran həqiqətdən fərqli olaraq yalan və uydurma bir ayağı üzərində durur və onun dayanıqlığı üçün növbəti yalana əl atılır..." 

Professor Kamran İmanovun sözlərinə görə, bütün bunlar araşdırmanın əsas məqsədinə - Cənubi Qafqazda ermənilərin avtoxton olmamasına, bununla bağlı Azərbaycanın Naxçıvan, Qarabağ, Zəngəzur və Göyçə mahallarının tarixi və bugünkü torpaqlarına olan iddiaların ifşa olunmasına xidmət edir. Və alim yenə də Prezident İlham Əliyevdən sitat gətirir: "...biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir..."

Məruzənin sonunda "... müasir əsərlərində erməni tarixçiləri çalışırlar ki, Cənubi Qafqazda, ən azı Kiçik Asiyada ermənilərin avtoxtonluq konsepsiyası ön plandakı konsepsiya kimi təqdim edilsin" deyən Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov tanınmış alim, professor L.S.Kleynin sözlərinə istinad edir: "... erməni elmində ermənilərin Zaqafqaziyada öncədən yaşadıqlarını isbat etmək tendensiyası çox güclüdür: yəni onlar heç bir yerdən gəlməmiş, miqrasiyaları isə yalnız Kiçik Asiya daxilində olmuşdur... Onlar (ermənilər) Kiçik Asiyada və ya Zaqafqaziyada öz ata yurdunun olması konsepsiyasını böyük həvəslə qarşılayırlar, çünki belə olduğu halda ermənilərin kökünü başqa heç bir yerdən çıxartmağa da dəyməz, bunlar öncəki vətənlərində yaşamaqdadırlar..."

... Kamran İmanov giriş nitqində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlarını da diqqətə çatdırmışdı. "Azərbaycan yeniləşir, qüdrətlənir, ölkəmizin nüfuzu beynəlxalq miqyasda artır və xalq dövlət başçısının yürütdüyü siyasətə böyük dəstək verir. Dövlət başçısının mühüm qərarları Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcıdır..." deyə Fransanın "Opinion Way" şirkətinin sorğusunun nəticələrini xatırlatmışdı: "Vətəndaşların 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını Prezident İlham Əliyevin ən uğurlu nəticəsi kimi dəyərləndirir, 85,1 faizi isə son bir ildə görülən işlərə müsbət qiymət verir". Dünya Bankının "Doing Business-2019" hesabatında isə Azərbaycan 190 ölkə arasında 25-ci yerə yüksəlib, 10 ən islahatçı dövlət sırasındadır. Gələcəyi olmayan Ermənistan isə keçmişi, özü də uydurma keçmişi ilə yaşayır, özlərini dünyaya Cənubi Qafqazın avtoxton sakinləri qismində təqdim etmək üçün terroru və terrorçuları dəstəkləyir, istənilən saxtakarlıqla, sağlam məntiqdən uzaq olan uydurmalara əl atırlar. Ancaq nə qədər cəhd etsələr də, gec-tez tarixi faktlar ortaya çıxır və onlar ifşa olunurlar...

"Bu qədər. Və hesab edirik ki, əlavə şərhə ehtiyac yoxdur". Kamran müəllim məruzəsini bu sadə və çox anlaşılan cümlə ilə bitirir...

Bəli, hörmətli Kamran müəllim, əlavə şərhə ehtiyac yoxdur. Amma... Əgər ermənilər başa düşə bilsələr...

 





24.05.2019    çap et  çap et