525.Az

Koçaryanın azad edilməsi Paşinyanın sonunu yaxınlaşdırır


 

Koçaryanın azad edilməsi Paşinyanın sonunu yaxınlaşdırır<b style="color:red"></b>

Ermənistanda son günlər baş verən hadisələr yaxın aylarda siyasi gərginliyin olacağını deməyə əsas verir. Xüsusilə, sabiq prezident Robert Koçaryanın həbsdən azad edilməsi Nikol Paşinyanın vəziyyətini ağırlaşdırıb.

Paşinyan onsuz da hakimiyyətdə olduğu bir il ərzində verdiyi vədlərin heç birini yerinə yetirə bilməyib. Bu da onun nüfuzunun surətlə azalmasına gətirib çıxarıb. Əvvəllər Paşinyan daha çox erməni xalqının dəstəyinə arxalanırdısa, indi başa düşür ki, həmin dəstəyi də itirmək üzrədir. Paşinyan nə xalqının ağır sosial vəziyyətdən çıxması, nə ölkədə iqtisadiyyatın dirçəldilməsi, xarici investisiyaların cəlbi üçün hər hansı addım ata bildi, nə də vəd verdiyi Avrointeqrasiyaya nail oldu. Demokratiya, korrupsiya ilə mübarizə də sadəcə vəd olaraq qaldı. İndi qarşısında həm "Qarabağ klanı", həm Rusiya tərəfindən dəstəklənən, eyn zamanda da ölkə daxilində və xaricində də tərəfdarları olan Koçaryanı görməkdədir. Yeri gəlmişkən xatırlatmaq lazımdır ki, Koçaryan hələ həbsdə olarkən, mayın əvvəlində "Reuters"ə verdiyi müsahibə zamanı Paşinyana mesajlarını göndərmişdi. O bəyan etmişdi ki, Ermənistanda güclü müxalifət qüvvələri yaxın gələcəkdə yeni hakimiyyətə meydan oxumaq üçün birləşir və onların arasında olacağına ümid edir. İkinci prezident ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu və Paşinyan hökumətinin onu qanunsuz olaraq həbsdə saxladığını vurğulayıb: "Ermənistanda yeni siyasi xadimlər və müxalifət partiyaları yaranır. Bu proses, sözsüz ki, tezliklə hakimiyyətə meydan oxuya biləcək güclü bir siyasi qüvvənin yaradılmasına gətirib çıxaracaq".

Koçaryan formalaşmaqda olan müxalifətə qoşulacağına dair suala belə cavab verib: "Bəli, əlbəttə". Bununla belə, bu iştirakın hansı formada mümkünlüyü haqqında məlumat verməyib. Onun sözlərinə görə, ötən ilin yazında baş verənlər inqilab deyildir: "Mən bunu inqilab adlandırmazdım. Cəmiyyətdə aqressiya, rəhbərliyin populizm və liderlik diletantizminin əhəmiyyətli dərəcədə artması istisna olmaqla, ölkədə heç bir dəyişiklik baş verməyib".

Koçaryan, həmçinin, 2008-ci ildə keçirilmiş etiraz aksiyaları zamanı qəbul etdiyi qərarlarını müdafiə edib: "Yalnız fövqəladə vəziyyətin tətbiqindən sonra nizam-intizam bərpa edildi. Bunu etməmək prezident tərəfindən rəsmi hərəkətsizlik demək olardı". Koçaryanın məhkəmə işinə baxmaqdan hakimlərin ard-arda imtina etməsi də onun azadlığa buraxılacağını proqnoz etməyə əsas verirdi.

Aprel ayında İrəvan şəhər Nor Nork rayon məhkəməsinə təqdim edilən Koçaryanın, keçmiş baş nazir Armen Qevorkyan, KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov və sabiq müdafiə naziri Seyran Ohanyanın cinayət işinə hakim Vardan Qriqoryan baxmalı idi. Lakin o, bir neçə gün sonra işə baxmaqdan imtina edib. Qriqoryan 2006-2007-ci illərdə Ermənistan Hüquqşünaslar İttifaqında, 2007-ci ildən 2014-cü ilədək isə məhkəmədə müdafiəçi vəzifəsində çalışıb. O dövrdə hazırda Robert Koçaryanı müdafiə edən Ruben Saakyan Ermənistan Hüquqşünaslar Palatasının sədri olub. Bundan əvvəl isə daha iki hakim işə baxmaqdan imtina etmişdi.

Hakim Vardan Qriqoryanın imtinasından sonra mayın 7-də David Qriqoryan İrəvan ümumi yuridiksiya məhkəməsi tərəfindən 1 mart hadisələrinə dair iş üzrə hakim təyin edilib.

"Joxovurd" nəşri sabiq prezident Robert Koçaryan və digərlərinin işinə baxmaqdan hakimlərin imtina etməsini Ermənistanın məhkəmə sistemi üçün ayıb olduğunu yazmışdı. Məqalədə vurğulanıb ki, hakim Vardan Qriqoryanın geri çəkilməsindən sonra iş başqa bir hakimə verilməlidir və yeni hakim də imtina etsə, bu artıq məhkəmə sistemi üçün utancverici hadisə olacaq: "2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı Ermənistanın keçmiş yüksək vəzifəli şəxslərinin işi əldən ələ keçir. Hakimlərdən heç biri sabiq prezidentin, sabiq müdafiə nazirinin, sabiq baş nazirin müavininin məhkəmə prosesinin iştirakçısı olmaq istəmir. Hakimlərin  geri çəkilməsi mövzusu məhkəmə sistemində qızğın müzakirələrinə səbəb olub. Bununla yanaşı,  məlum olub ki, əgər 1 martı işindən hakimlər yenidən imtina etsələr, onların intizam məsuliyyətinə cəlb olunması və cəzalandırılması məsələsi qaldırılacaq. Yalnız ciddi bir söhbətdən sonra iş David Qriqoryana ötürülüb. Qriqoryan işdən imtina etməyəcəyini və cinayət işini nəzərdən keçirəcəyini söyləyib".

Həmin Qriqoryan isə mayın 18-də Koçaryanın azadlığa buraxılması barədə qərarı elan edib. Bu, Paşinyana ağır zərbə olub. Paşinyan ölkənin baş naziri olduğunu unudaraq, konstitusiyaya zidd çağırışlar edib. Belə ki, o, məhkəmələrin binalarını bloklamağa çağırıb. Bu isə beynəlxalq təşkilatlar, o cümlədən, Avropa İttifaqı, AŞPA tərəfindən tənqid edilib və Paşinyan qanunlara əməl etməyə çağırılıb. AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri Yuliya Levoçkina və Andrey Şirel birgə bəyanatlarında qeyd ediblər ki, siyasətçilər məhkəməyə təzyiq kimi qəbul edilə biləcək hərəkətlərdən və ifadələrdən yayınmalıdırlar.

Bu bəyanat Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdən azad edilməsinə dair qərardan sonra Paşinyanın məhkəmələrin bloklanması ilə bağlı çağırışından sonra verilib.  "Məhkəmələrin müstəqilliyi qanunun aliliyi üçün bir şərtdir. Buna görə siyasətçilər tərəfindən heç bir müdaxilənin olmaması qanunun aliliyinə ən yaxşı hörmətdir. Məhkəmə qərarlarına etiraz etmək üçün aydın hüquqi prosedurlar var, məsələn, ən yüksək məhkəmə orqanlarına müraciət. Qanunun aliliyinin qorunması prosedurlara hörmət tələb edir ki, bütün vətəndaşlar kimliyindən asılı olmayaraq qorunsun", - deyə həmməruzəçilər vurğulayıblar.

Bu arada "Gallup" Beynəlxalq Assosiasiyasının Paşinyan hökumətinin 100 günü ilə bağlı apardığı araşdırmada deyilir ki, 2018-ci ilin sentyabrından etibarən Paşinyan hökumətinin reytinqi 10% azalıb. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin baş nazir Nikol Paşinyanın reytinqini müəyyən etmək üçün keçirdiyi və erməni mətbuatının əldə etdiyi sorğunun nəticələrinə görə, Paşinyanın reytinqi 34 faiz azalıb: "Yalnız üç ay əvvəlki sorğunun nəticələrinə görə, Nikol Paşinyanın reytinqi 30% çox idi. Onun nüfuzu bütün sosial təbəqələr və yaş qrupları arasında düşür".

Görünən odur ki, Paşinyanı çətin günlər gözləyir. Bir tərəfdə "Qarabağ klanı", hansı ki, bir neçə gün əvvəl separatçı rejimin "generalları", oliqarxlar Paşinyanı devirməyi müzakirə ediblər,  digər tərəfdə həmin klanın müdafiə etdiyi Koçaryanın həbsdən buraxılması və ölkədəki ağır iqtisadi vəziyyət, Paşinyanın nüfuzunun azalması. Bütün bunlar Paşinyan hakimiyyətinin həqiqətən də müvəqqəti olacağını bir daha sübut edir.

PƏRVANƏ

 





25.05.2019    çap et  çap et