525.Az

2019-2020-ci tədris ili qəbul planında 6,4 faiz artım nəzərdə tutulub


 

2019-2020-ci tədris ili qəbul planında 6,4 faiz artım nəzərdə tutulub<b style="color:red"></b>

"2019-2020-ci tədris ili üçün qəbul planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Qərara əsasən, ötən ilə nisbətən bu il ali təhsil müəssisələrinə qəbul planında 6,4 faiz artım nəzərdə tutulub".

Bunu Təhsil Nazirliyində mayın 20-də Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı keçirilən mətbuat konfransında Nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, ötən il 45 599 nəfərlik yer ayrılmışdısa, bu ilki qəbul planında 48 506 nəfərlik yer ayrılıb.

Nazirlik rəsmisi əlavə edib ki, kollec məzunlarının bu il ali məktəbə qəbul şansı çox olacaq: "Adətən qəbul planının dolma göstəricisi 90 faiz olur və 4-5 min plan yeri boş qalır. Nəzərə alaq ki, ötən ilə nisbətən bu il orta məktəbi bitirənlərin sayı 7-8 min azdır. Bu da kollec məzunlarının şansını artırır".

Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nərminə Bayramov isə bildirib ki, kollec məzunları ali məktəblərə minimal 200-250 balla qəbul ola biləcəklər: "Hər il müsabiqə zamanı ixtisas üzrə bal şərti 200-250 balarası olur. Bu məsələdə də həmin şərt nəzərə alınacaq. I qrupda abituriyentin müsabiqəyə buraxılması üçün hansı bal nəzərdə tutulubsa, onu da nəzərə alacağıq. Hesab edəcəyik ki, həmin adam minimal balı toplayıb və müsabiqədə iştirak edəcək".

O əlavə edib ki, kolleclərə və universitetlərə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı başa vurmayan şəxslərin kolleclərə köçürülməsi qaydalarına əsasən, bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, kolleclərə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcəklər. O bildirib ki, subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq imkanı əldə edəcəklər.

Y.Piriyev qeyd edib ki, qaydalara görə, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunarkən həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər: "Müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında sənədinə (attestata) üstünlük veriləcək. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edəcək".

Nazirlik rəsmisi vurğulayıb ki, kollec məzunları üçün minimal keçid balı - 250 müəyyən ediləcək. Qərarın icrası 2019-2020-ci ilin qəbul prosesində mümkün olacaq.

O qeyd edib ki, ötən ilin yayında Təhsil Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi əsasında "Təhsil haqqında" Qanuna 62 düzəliş edilib. Bu qaydalar həmin düzəlişlər əsasında təsdiq olunub.

Y.Piriyev deyib ki, ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin kolleclərə köçürülməsi onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda aparılacaq.

Ali təhsil pilləsinin bakalavriat səviyyəsini normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini kolleclərdə davam etdirmək hüququna malikdirlər.

Y.Piriyevin sözlərinə əsasən, xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycanın kolleclərinə tələbələrin köçürülməsinə yol verilmir: "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmədən bakalavriat səviyyəsində təhsil almaq üçün ali təhsil müəssisəsinə müsabiqədənkənar yerləşdiriləcək".

Beynəlxalq və respublika fənn olimpiadasının qalibi tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.

Abituriyentlərin müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunan IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramları üzrə aparılacaq.

S.QARAYEVA

 





26.05.2019    çap et  çap et