525.Az

Təhsil nazirinin müavini bölgələrdə olub


 

Təhsil nazirinin müavini bölgələrdə olub<b style="color:red"></b>

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bölgələrdə tədrisin vəziyyəti, cari ildə görülən işlərlə yaxından tanış olmaq məqsədilə bir sıra bölgələrə səfər edib, rayon təhsil işçiləri ilə görüşüb.

Səfər çərçivəsində nazir müavini ilk öncə Qəbələdə Oğuz, İsmayıllı və Qəbələ rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbirində iştirak edib.

M.Vəliyeva "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, son illərdə bu sahədə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Nazir müavini bildirib ki, təhsil sisteminin inkişafı ilk növbədə onun aparıcı hissəsini təşkil edən ümumtəhsil məktəblərindən asılıdır.

Məktəbəqədər hazırlıq qruplarının əhəmiyyətindən söz açan M.Vəliyeva deyib ki, tam orta təhsilin təmayülləşdirilməsi zamanı aşağı siniflərdən şagirdlərin yaradıcılıq qabiliyyəti müəyyən edilməli, onların maraq və bacarıqları nəzərə alınmalı, eləcə də fənlərin məzmunu təkmilləşdirilməlidir.

Nazir müavini şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəb-şagird-valideyn əlaqələrinin möhkəmləndirilməsi və pedaqoji əməkdaşlığın gücləndirilməsinin təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, şagirdlərin olimpiada uğurlarının artırılması istiqamətində təhsil müəssisələri tərəfindən müvafiq işlər görülməlidir.

Hesabat yığıncağında təhsil sahəsində prioritet  məsələlər üzrə görüləcək işlərə toxunan M.Vəliyeva bununla bağlı bir sıra göstəriş və tövsiyələrini verib.

M.Vəliyeva, həmçinin, Ucar rayonundakı Heydər Əliyev Mərkəzində Ağdaş, Ucar və Göyçay rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbirində iştirak edib.

Ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələrə toxunan nazir müavini müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəblərdə sağlam psixoloji mühitin yaradılması kimi məsələlərin də diqqətdə saxlanmasının vacibliyini qeyd edib.

Mayın 20-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Quba  şəhərindəki  Heydər Əliyev Mərkəzində  Quba, Qusar, Xaçmaz və Şabran rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbirində  iştirak edib.

Çıxışı zamanı şagirdlərin azərbaycançılıq  məfkurəsi ruhunda tərbiyəsi, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrə toxunan nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərin nəticələrinə əsasən fəaliyyət proqramı hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayıb. Həmçinin, təhsil müəssisələrinin pedaqoji əməkdaşlıq məsələlərini diqqətdə saxlamasının vacibliyini qeyd edib.

Təhsildə keyfiyyətin yüksəldilməsi, fənlərin tədrisi, rəhbərlik və nəzarət məsələlərindən söz açan M.Vəliyeva təhsil sistemində yeni yanaşma metodlarından və  idarəetmənin təkmilləşdirilməsindən danışıb.

Yığıncaqda təhsil işçilərini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bir sıra məsələlərə aydınlıq gətirilib.

M.Vəliyeva Abşeron rayonu Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbirində də iştirak edib. Tədbirdə çıxış edən M.Vəliyeva bildirib ki, aparılan islahatlar, təsdiq olunan proqramlar, icra olunan layihələr ümumi təhsil pilləsinin bütün səviyyələrini əhatə edir.

Təhsilalanların səriştəyə  yiyələnməsi üçün yeni məzmun xəttinin hazırlanması, təhsil verənlərin peşəkarlıq səviyyələrinin artırılması üçün həyata keçirilən təlimlər, yeni idarəetmə mexanizmlərinin tətbiqi, infrastrukturun, məktəblərin maddi-texniki bazasının yenilənməsi məqsədilə görülən işlər bu gün təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

M.Vəliyeva ümumi təhsil müəssisələri arasında əməkdaşlığın məktəb idarəetməsində  əhəmiyyətindən danışıb və təhsil işçilərinə bu əlaqələrin daha da genişləndirilməsini tövsiyə edib.

M.Vəliyeva, həmçinin, Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhər, Astara və  Lerik rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat  tədbirində də iştirak edib. O deyib ki, bir neçə bölgənin təhsil işçilərinin bir araya toplanaraq hesabat verməsi görülən işlərin hərtərəfli təhlilini aparmaq imkanı verir. Bu da qarşılıqlı mübadilə və yeni təcrübəyə yiyələnmək imkanları yaradır.

M.Vəliyeva təqdim etdikləri hesabata əsasən fəaliyyəti zəif qiymətləndirilən ümumi təhsil müəssisələrinin rəhbərlərinə öz tövsiyələrini verib. Nazir müavini onu da qeyd edib ki, zəif nəticə göstərən məktəblər Nazirlik tərəfindən nəzarətə götürüləcək və yaxın gələcəkdə  həmin məktəb rəhbərləri nəticələrin müzakirəsi üçün nazirliyə dəvət ediləcək.

Sonda fikir mübadilələri aparılıb, təkliflər dinlənilib. Təmayülləşmə, valideyn-məktəb münasibətlərinin tənzimlənməsi, məktəbəhazırlıq qrupları və digər məsələlərin icrası ilə bağlı suallar cavablandırılıb.

S.QARAYEVA

 





26.05.2019    çap et  çap et