525.Az

Bolqarıstandakı səfirliyimiz iftar mərasimi təşkil edib


 

Bolqarıstandakı səfirliyimiz iftar mərasimi təşkil edib<b style="color:red"></b>

Azərbaycanın Bolqarıstandakı Səfirliyi Bolqarıstanın Omurtaq Bələdiyyəsinin inzibati ərazisinə daxil olan Obitel kəndində mübarək Ramazan ayı münasibətilə müxtəlif dinlərin nümayəndələrinin iştirakı ilə iftar süfrəsi təşkil edib.

400 nəfərə yaxın insanın qatıldığı iftar mərasimi "Qurani-Kərim"dən ayələrin və Ramazan duasının oxunması ilə başlanıb.

Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova mərasimdə təkcə İslam deyil, digər dinlərin nümayəndələrini də görməkdən məmnunluğunu ifadə edərək ölkəmizdə Ramazan ayında müxtəlif din nümayəndələrinin iştirakı ilə iftar süfrələrinin təşkilinin ənənə halını aldığını söyləmiş və bu gözəl ənənənin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini deyib.

Səfir bildirib ki, Azərbaycan müstəqil dünyəvi dövlətdir vəölkəmizdə dünyəvi dövlətçiliyin tarixi 100 il bundan əvvələ dayanır. N.Qurbanova bir neçə gün sonra 28 may 1918-ci il tarixində yaradılmış və müsəlman və türk dünyasında ilk dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünün qeyd ediləcəyini vurğulayıb.

Azərbaycanın müsəlman dünyasının bir parçası olduğunu söyləyən səfir ölkəmizin uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən olmaqla yanaşı, müsəlman aləmində böyük nüfuza sahib olduğunu qeyd etmişdir. O, dünyada ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidinin məhz Azərbaycanda yerləşdiyi, hazırda ölkəmizdə 2000-dən artıq məscidin fəaliyyət göstərdiyi, Bakıda Cənubi Qafqazın ən möhtəşəm məbədi olan Heydər məscidinin inşa edildiyi barədə məlumat verib.

Tədbirdə qonaqlara yerli yeməklərlə yanaşı, Azərbaycan milli mətbəxinin ləziz nümunələri təqdim olunub və onlar tərəfindən rəğbətlə qarşılanıb.

 





26.05.2019    çap et  çap et