525.Az

Milli Məclis və YAP rəhbərliyi gəncləri parlamentə topladı


 

Milli Məclis və YAP rəhbərliyi gəncləri parlamentə topladı<b style="color:red"></b>

Mayın 24-də Milli Məclisdə (MM) parlament rəhbərliyi ilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvlərinin 7 saatlıq görüşü keçirilib.

Görüşdə birinci vitse-spiker Ziyafət Əsgərov, vitse-spikerlər Bahar Muradova və Valeh Ələsgərov, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və digər şəxslər iştirak ediblər. Görüşə həmçinin, bir sıra dövlət qurumlarının - komitə və nazirliklərin rəsmi şəxsləri qatılıblar. Görüşü açan MM-in komitə sədri S.Novruzov bildirib ki, tədbir parlament və YAP rəhbərliyinin birgə təşəbbüsü ilə baş tutur. Onun sözlərinə, görüşdə məqsəd gəncləri Azərbaycan parlamentarizmi, yüz yaşı başa çatmış Azərbaycan parlamentinin şərəfli tarixi və keçdiyi yolla tanış etməkdir. Sonra gənclərin cəmiyyətin aparıcı, avanqard hissəsi olduğunu deyən S.Novruzov onları sosial şəbəkələrdə fəal olmağa səsləyib: "Eyni zamanda, hesab edirəm ki, sosial şəbəkələrdə müzakirələr, diskussiyalar apararkən ilkin mənbədən olan məlumatlara əsaslanılmalıdır. Burada ara söhbətlərinə yer verilməməlidir".

"Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq". Bunu isə görüşdə "Azərbaycanda parlamentarizm tarixi: dünəni və bu günü" mövzusunda çıxış edən vitse-spiker Bahar Muradova bildirib. "Azərbaycan cəmiyyəti, hər bir kəs müstəqil Azərbaycan dövləti qurmaq üçün canlarından bnlə keçməyə hazır olmuş insanları, Cümhuriyyət qurucularını ehtiramla yad etməliyik" - deyən B.Muradova çıxışında qeyd edib ki, Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər: "Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq. Azərbaycan parlament mədəniyyəti, ənənələri kənardan gətirilməyib". B.Muradova sonra bildirib ki, parlament üsul-idarəsi kifayət qədər demokratik idarəetmə formasıdır: "Xalq Cümhuriyyətinin qurucuları Zaqafqaziya Seymi dağılandan sonra Milli Şuranı formalaşdırıb". B.Muradovanın dediyinə görə, Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb: "Ermənistan həm Cümhuriyyət dövründə, həm də sonralar Azərbaycan ərazilərinə iddia ilə çıxış ediblər. Milli Şuranın İrəvanı (indiki Yerevan şəhəri - K.H.) Ermənistana paytaxt kimi verilməsi barədə qərarının ağrı-acılarını bu gün də hiss edirik. Ancaq buna baxmayaraq, Milli Şura tariximizdə böyük, müsbət rol oynayıb. Milli Şuranın əsas xidməti İstiqlal Bəyannaməsini, müdafiə qabiliyyətini möhkəmləndirmək, Bakıni işğaldan azad etmək olub. Bakı ermənilərin işğalından qurtularaq Azərbaycanın paytaxtına çevrilib".

Vitse-spiker daha sonra nəzərə çatdırıb ki, Milli Şura Zaqafqaziya Seymi əsasında təşkil edilmişdi: "Parlament seçkilərini keçirmək mümkün olmasa da, Milli Şuranın tərkibi genişləndirildi, nəticədə 1918-ci ilin dekabrın 7-də parlament ilk işinə başladı. Parlament Azərbaycan dövlətçiliyi üçün mühüm qərarlar qəbul etdi. Bir neçə dəfə hökumət formalaşdırılmasna baxmayaraq, parlament bir çox mühüm qərarlar qəbul edildi. Həmin dövr Azərbaycan parlamentinin qızıl dövrü idi". B.Muradova qeyd edib ki, Birinci Dünya Müharibəsinin nəticələri, Osmanlı imperiyasının məğlubiyyəti Xalq Cümhuriyyətinin süqutuna yol açdı: "Sovetlər dövründə Cümhuriyyət atributlarının ləğvi barədə qərarlar qəbul edildi. Cümhuriyyət qurucularının bir qismi repressiya qurbanı oldu, bir qismi mühacirətə getdi".

Kamil HƏMZƏOĞLU

 





26.05.2019    çap et  çap et