525.Az

Respublika Günü Bolqarıstanda qeyd edildi - Fotolar


 

Respublika Günü Bolqarıstanda qeyd edildi - <b style="color:red">Fotolar </b>

28 may - Respublika Günü, Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi və Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə ölkəmizin Bolqarıstandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

Qəbulda Bolqarıstanın vitse-prezidenti İliyana Yotova, digər yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, deputatlar, diplomatik missiyaların rəhbər və əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, azərbaycanlı tələbələr, ictimaiyyətinin nümayəndələri, o cümlədən tanınmış elm, mədəniyyət, incəsənət xadimləri və iş adamları iştirak ediblər.

Tədbirdə məşhur bolqar bəstəkarı və dirijoru Kiril Lambovun rəhbərliyi ilə “Nadejda” mədəniyyət evi xor qrupunun ifasında Azərbaycanın və Bolqarıstanın dövlət himnləri ifa olunub.

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edərək Respublika Gününün tarixi əhəmiyyətindən danışıb. Səfir 1918-ci il mayın 28-də Azərbaycanın etnik, dini, cinsi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşına bütün mülki və siyasi hüquqlar təmin edən Xalq Cümhuriyyəti elan olunduğunu qeyd edib. O bildirib ki, müsəlman və türk dünyasında ilk dünyəvi və parlamentli respublika olmuş Azərbaycan Xalq Cümhuriyyəti nəinki qadınlara bərabər seçki hüququ verən birinci müsəlman çoxluqlu ölkə olub, hətta həmin qərarı bir çox Avropa ölkələrindən əvvəl qəbul edib.

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin təntənəli qeyd olunmasından bəhs edən N.Qurbanova 1919-cu il iyulun 9-da Cümhuriyyət Hökumətinin Xarici İşlər Nazirliyi Katibliyinin yaradılması haqqında qərar qəbul etdiyini vurğulayıb. Bildirilib ki, hələ Xarici İşlər Nazirliyinin rəsmi şəkildə qurulmasından əvvəl Zaqafqaziya Seymi dövründə müsəlman fraksiyası xarici işlərlə bağlı məsələlərin icrasına fəal cəlb olunmuşdu. Daha sonra parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak edərək gənc demokratik dövlətin tanınmasına nail olub.

Diplomat vurğulayıb ki, bu gün Azərbaycan diplomatiyası dövlətimizin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə nail olub. Həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlığın inkişafına təşviq edən Azərbaycan regionda nüfuzlu aktordur. Dövlətimizin beynəlxalq təhlükəsizliyin təminatçısına çevrildiyini xatırladan N.Qurbanova Azərbaycanın BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənmiş sülhməramlı əməliyyatlarda iştirak etdiyini, Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasına və Afrikada sülhü dəstəkləyən əməliyyatlara qoşulduğunu diqqətə çatdırıb.

Səfir çıxışında Azərbaycanın beynəlxalq hüquqa əsaslanan nizamın tərəfdarı olduğunu qeyd edib. O vurğulayıb ki, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət ölkəmiz də daxil olmaqla, Avropa qitəsində həlli uzadılmış münaqişələrin həlli kontekstində xüsusilə vacibdir.

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verən Cənub Qaz Dəhlizinin əsas təşəbbüskarı kimi tanındığını xatırladan N.Qurbanova ölkəmizin təşəbbüsçüsü olduğu enerji, nəqliyyat, İKT və digər layihələrin sadəcə ölkələrin deyil, eyni zamanda, bölgə və qitələrin bir araya gətirilməsinə yardım etdiyini bildirib. Hazırda ölkəmizin Cənubi Qafqazdakı ümumi daxili məhsulun 75 faizinə sahib olduğunu söyləyən səfir Azərbaycan şirkətlərinin bəzi qonşu ölkələrdəki ən böyük investor və vergi ödəyicisi qismində çıxış etdiyini söyləyib.

Diplomat çıxışında Azərbaycanın dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biri olduğunu ifadə edərək bütün etnik və dini qrupların ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını və Azərbaycanın mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəldilmiş çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xatırladıb. Əlavə olunub ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü kimi Azərbaycan 2008-ci ildə əsas məqsədi müsəlman dünyası ilə Avropa arasında dialoq, tərəfdaşlıq və əməkdaşlığın möhkəmləndirilməsi olan “Bakı Prosesi”ni başlayıb. Cari ilin may ayının əvvəlində Azərbaycan “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib.

Bütün sahələrdə müsbət olan ikitərəfli əlaqələri qeyd edən N.Qurbanova Azərbaycanın və Bolqarıstanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə müvəffəq olduğunu deyib. Mədəni əlaqələrin genişlənməsinə də toxunan səfir 2019-cu ilin aprel ayında Azərbaycanın 5 minillik Naxçıvan şəhəri ilə Bolqarıstanın tarixi və mənəvi paytaxtı olan Veliko Tırnovo şəhərlərinin qardaşlaşmış şəhər elan olunduğunu qeyd edib.

Səfirin çıxışından sonra fəxri qonaq qismində Bolqarıstanın vitse-prezidenti İliyana Yotova və energetika naziri Temenujka Petkova çıxış ediblər.

Çıxışına dahi Azərbaycan şairi Nizami Gəncəvidən sitat gətirməklə başlayan Bolqarıstanın vitse-prezidenti İliyana Yotova şairi Azərbaycanın qədim poeziyasının simvollarından biri kimi xarakterizə edib. Nizami Gəncəvinin həmin misralarının əbədi həqiqət üçün kodlaşdırıldığını söyləyən ali qonaq dostla sülh, hörmət və anlayış şəraitində yaşanılan zaman həyat tərzinin daha asan olduğunu qeyd edib.

Azərbaycanlıların simasında bolqar xalqının sadiq dostunun olmasından xoşbəxtlik duyduğunu ifadə edən vitse-prezident Cümhuriyyətin yaranmasının 101-ci ildönümü münasibətilə Bolqarıstan tərəfinin təbrikini çatdırmaqdan şərəf hissi keçirdiyini bildirib. “Azərbaycan diplomatlarını, sələflərin layiqli varislərini təbrik edirəm”, - deyən ali qonaq qədim və maraqlı tarixi ilə Azərbaycanın qonaqpərvər və multikultural cəmiyyətin yaradılması və qorunub saxlanılması nümunəsi olduğunu vurğulayıb.

Gənclər arasında ünsiyyətə kömək etmək istiqamətində güclü mədəni və elmi mübadiləyə nail olmuş iki ölkənin bu əlaqələri inkişaf etdirmək üçün doğru seçim etməsindən qürurlandığını qeyd edən vitse-prezident mədəni diplomatiyanın çox ağır qapıları açmağa qadir olduğunu qeyd edib. İyirmi yeddi ildir davam edən diplomatik əlaqələrimiz nəticəsində iki ölkənin yüksəksəviyyəli siyasi dialoqa nail ola bildiyini ifadə edən İ.Yotova xüsusilə enerji sektorunda olmaqla, əlaqələrin inkişafı baxımından böyük potensialın olduğunu vurğulayıb və Bolqarıstanın Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrdə yaxşı vasitəçi ola biləcəyini bildirib.

Energetika naziri xanım Temenujka Petkova uzun illərin sınağından çıxmış möhkəm tərəfdaşlıq əlaqələrinin Azərbaycan və bolqar xalqlarını birləşdirdiyini söyləyib. Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri kimi iki ölkə arasındakı əlaqələrə töhfə verməsinin onun üçün böyük şərəf olduğunu bildirən T.Petkova Azərbaycan haqqında danışılan zaman ilkin olaraq strateji tərəfdaşlığın xatırlandığını qeyd edib. Azərbaycanın Bolqarıstanın strateji tərəfdaşı olduğunu vurğulayan nazir müxtəlif sahələrdə ölkələrimizin tərəfdaş olduğunu, lakin onlar arasında enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ölkəmizin marşrut və mənbə baxımından Bolqarıstanın qaz təchizatının şaxələndirilməsində vacib və əhəmiyyətli rol oynadığını qeyd edən nazir Azərbaycanın yalnız Bolqarıstanda deyil, eyni zamanda, Cənub-Şərqi Avropa regionunda enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış etdiyini bildirib. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılış mərasimindən danışan nazir həmin qazpaylayıcı boru kəməri ilə Azərbaycanın Bolqarıstanın qaz şaxələndirilməsinə yardım göstərəcəyini vurğulayıb.

Rəsmi çıxışlardan sonra qəbulla bağlı Bolqarıstan Respublikasının bir sıra yüksəksəviyyəli dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri, həmçinin bir sıra şəhərlərin mer və qubernatorları tərəfindən ünvanlanmış təbrik məktubları oxunub.

Tədbir zamanı Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə çəkilmiş “Son iclas” bədii-sənədli filmi bolqar dilinə tərcümə edilərək alt yazı ilə nümayiş olunub. Bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında ərsəyə gəlmiş filmin nümayişi çoxsaylı qonaqların Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinə nəzər salmalarına imkan verib.

Ziyafətlə davam etmiş qəbulda qonaqlara Azərbaycanın milli təamları və içkiləri təqdim olunub. Qəbul çərçivəsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə fotosərgi təşkil olunub.

Eyni zamanda, “İRS” jurnalının Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş sonuncu buraxılışı və “Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsi ilə bağlı məlumatlardan ibarət sərgi təşkil edilib.

 





27.05.2019    çap et  çap et