525.Az

Ölkənin bir-birinə bənzəməyən regionları: Uzaq və yaxın Meksika


 

Ölkənin bir-birinə bənzəməyən regionları: <b style="color:red">Uzaq və yaxın Meksika</b>

(Əvvəli ötən şənbə saylarımızda) 

Meksikada pivə də çox içilir və pivə sifariş verildikdə, onun "bianko" və ya "neqro" - ağ və qara olması soruşulur. Qara pivə ağ pivənin içməyə öyrənənlərə ekzotik məhsul kimi daha xoş gəlir və irland qara pivəsindən fərqli olaraq bu, o qədər də acı olmur.

Qədim xalq içkisi isə şokoladdır, ancaq əvvəllər onu indi olduğundan başqa cür hazırlayırdılar. Buradan həmin içki bütün dünyaya yayıldı. Meksikalılar bəzi xörəklərə bol şokolad sousu əlavə edirlər. Mexikonun "Dörd atlı" restoranında meksikalı dostlarımız hinduşka əti sifariş verdilər. Qarnir kimi düyünün üstü qara şokolad sousu ilə örtülmüşdü. Hinduşka əti də çox yumşaq idi, bıçaq onu yağ kimi kəsirdi.

Digər katolik ölkələrində olduğu kimi, Meksikada kilsə bayramları çoxdur. Bayrama əvvəlcədən hazırlaşırlar və bütün mahaldan qonaqlar dəvət edirlər. Hindu icmalarında təşkil edilən kilsə bayramlarında köhnə hindu mərasim rəqslərinin ifasını da görmək mümkündür.

İspanlar fiestaları sevdikləri kimi, meksikalılar da karnavalların vurğunudurlar. Şəhərlərdə belə karnavallar doqquz gün davam edir. Qadınlar, qızlar çox bəzəkli paltarlar geyinirlər, kişilər də onlardan geri qalmamağa çalışırlar. Lakin buradakı karnavallar Rio-de-Janeyronun məşhur karnavalı ilə müqayisədə uduzurlar. Karnaval iştirakçıları utanmağa məhəl qoymadan həm də erotik səhnələr nümayiş etdirirlər.

Lakin ən maraqlı və təəccüb doğuran bayram ölənlərin yad edilməsi və ya "ölülər günüdür". Meksikalılar doğumu və ölümü həyatın fazaları hesab etdiklərindən, digər xalqlarla müqayisədə ona başqa cür münasibət bəsləyir, ölümü fəlakət rəmzi kimi qəbul etmirlər. Meksikalıların bayramları içərisində bu, ən milli bayram olmaqla, onların qədim dini və fəlsəfi baxışlarını çuğlaşdırılmış şəkildə ifadə edir və bunda adamların ölümə münasibətlərinin özünəməxsusluğu öz əksini tapır. Həmin gün matəmi yad etməkdən əsər-əlamət olmur, şadlıqla keçən bir bayram şənliyinə çevrilir. Qəbiristanlıqda hüzn yeməyindən sonra yaşlı adamlar şadlanmağa başlayır, uşaqlar isə Meksika barədə sənədli filmin müəllifi, məşhur kino xadimi Sergey Eyzenşteynin yazdığı kimi: "Şəkərdən düzəldilmiş adam başlarını və kiçik qəbirlər formasındakı şokoladı yeyir və insan skeleti şəklində olan oyuncaqlarla əylənirlər".

Biz 9 noyabrda Akapulkoda olarkən məni şəhərin eks-meri evinə qonaq dəvət etdi və dəvət xanımının xahişi əsasında olduğuna görə etiraz edə bilmədim və bir nəfərlə ora getdim. Onun evi şəhərin şimal tərəfində, təpənin üstündə yerləşirdi və oradan Sakit okean sahilinə gözəl mənzərə açılırdı. Evin həyəti subtropik meyvə ağaclarından ibarət bağla örtülü idi. Ev sahibəsi ilə tanış olduq, sifətindəki hindu cizgiləri onun an azı metis olduğunu göstərirdi. Dəvəti qəbul etdiyimizə görə səmimi şəkildə minnətdarlığını bildirdi. Biz qonaq otağına keçdik və professor qonşu otaqdakı o qədər də zəngin olmayan kitabxanasını göstərdi. Bizi bayram münasibətilə hazırlanmış şirniyyatlara və digər milli xörəklərə qonaq etdilər. "Ölülər günü" olmasına baxmayaraq, biz məclisdə heç bir hüzn əlaməti hiss etmədik, əksinə, evdə şadlıq əhval-ruhiyyəsi hökm sürürdü.

Hər bir meksikalıya uşaqlıqdan tanış olan gülən ölümün karnaval obrazı, zamanın hər şeyə qalib gəldiyini təcəssüm etdirir. Zaman daim dünyaya məhv olma və yeniləşmə gətirir - bu obraz xalqın həyatı necə hiss etməsini açmaqla yanaşı, yaşanılan ömürün və ölümün birliyi, vəhdəti barədə qədim astek konsepsiyasını əks etdirir.

Ümummilli bayramlar içərisində İstiqlaliyyətin elan olunması Günü meksikalılara xas olan şadlanmaqla, hay-küylə, qələbəliklə, əlvan tamaşa səhnələri ilə keçirilir.

Meksikalıların sevdikləri oyun, öküz döyüşü - korridadır. İlk öküz döyüşü hələ 1529-cu ildə keçirilmişdi, bu vaxt Meksikanın işğalından vur-tut 10 il keçirdi. İndi isə o, milli bayrama çevrilmişdir. Cavanların öz cəldliyini və cəsarətini göstərmək oyunlarından digəri isə rodeodur. Öküzü quyruğundan tutub yerə yıxır və sonra onu minib çapırlar. Meksikada futbola da həmçinin, böyük azarkeşlik göstərilir.

Şifahi poeziya və musiqi Meksikada geniş yayılmışdır. Xalq yaradıcılığında onların iki əsas mənbədən olan axını - ispanların və meksikalıların folklorunun bir-birinə çuğlaşmış sintezində vahid mahiyyəti əks etdirir. Poeziyada ispan şeir ənənələri üstünlük təşkil edir. Bütövlükdə isə Meksikada şifahi xalq yaradıcılığı müxtəlif dillidir. Hər bir yerdə meksikalıların və hinduların öz rəvayətləri, əfsanələri vardır və onlar bəzən Kolumbdan əvvəlki epoxaya gedib çıxır.

Mahnı folkloru da zəngin və rəngarəngdir. Onun ən maraqlı forması balladadır - siyasi xarakterli korridodur. Korrido demokratik janrdır və onu xalq özü qoşur. Bu mahnıları, adətən, gitaranın müşayiəti ilə kişilər oxuyur. Qoşulub, bəstələnib oxunan mahnılar bir müğənnidən digərinə keçir. Mahnılarda ispan təsiri güclü olsa da, yüzillər ərzində onlara Meksika xalq lirikasının ritm və melodiyasının təsiri keçmişdir və daha yumşaq səslənməni qəbul etmişdir.

Meksikalılar, ümumiyyətlə, çox musiqi sevən xalqdır və buna nümunə - hər gün ölkənin musiqi həyatında özünü göstərən köçəri xalq orkestrləri - mariaçilərdir. Onlar, əsasən, simli alətlərdən - gitaralardan, skripkalardan ibarətdir. İndi isə ona trubanı də əlavə edirlər. Belə orkestrin tərkibində 12-yə qədər musiqiçi olur. Onlar şəhərləri və kəndləri gəzir, yarmarkalarda və toylarda çalırlar. Mariaçilər çox kiçik məbləğə də istənilən sifarişi yerinə yetirirlər.

Mariaçi musiqisinin və gitaraçılar dəstəsinin çalğısı altında meksikalıların xalq rəqsləri ifa edilir. Meksikalıların rəqsləri də özünəməxsusdur. Ən geniş yayılmış rəqs xarabe tanatiodur, onu tanqo kimi cütlüklər ifa edir.

Professional ədəbiyyatda, təsviri sənət və fəlsəfədə də iki çox fərqli mədəniyyətlər dünyası birləşmiş, ispan ənənələri hindu mədəniyyətini tamamlamışdır. Öz ifadəsini bu, təsviri sənətdə daha çox tapmışdır. Dieqo Riveranın, Xose Oroskonun, David Sikeyrosun əsərlərində ənənəvi motivlər çox güclüdür, burada söhbət üslüblaşdırmaqdan deyil, həqiqi vərəsəlikdən, xalq ənənələrinin ruha nüfuz etməsindən gedir. XX əsrin bu nəhəng rəssamları öz fərdi fərqliliklərinə baxmayaraq, onları yeni sənətlə qədim xalq ənənələri arasındakı körpü  birləşdirir.

Meksika divar rəsmləri - murallar barədə ayrıca danışmaq lazımdır, çünki bu növ rəngkarlıq ölkədəki yaradıcı insanların sənətində xüsusi və daha böyük yer tutur. Binaların divarlarında, hasarlar üzərində böyük rəsmlər çəkmək adi hal xarakteri daşıyır. Latın Amerikasının digər şəhərlərində də divar rəsmlərinə tez-tez rast gəlmək olur. Mexikonu gəzdikcə dahi rəssamların yaratdıqları incilər göz oxşayır. 

Tikililərin böyük düz səthini hansısa bir mövzudakı rəsmlərlə bəzəmək Kolumb epoxasına qədərki Meksika incəsənəti üçün xarakterik idi. Teotiuakan və Yukatan məbədləri bu qaydada bəzədilmişdi. Mexikonun kasıb adamların yaşadığı ucqar qəsəbəsində sınıq-salxaq evlər olduqca pis görünüşə malik idi. Şəhər meriyası çıxış yolunu tapdı, xeyli miqdarda boya ayırdı və könüllü rəssamları mural çəkməyə cəlb etdi. Beləliklə, 2 hektar ərazidə evlərin əvvəlki miskin görünüşü divarlara çəkilən muralların və rəngarəng boyaların hesabına dəyişib, əvvəlkindən fərqli olan cazibədar bir mənzərə yaratdı.

Müasir monumentalist rəssamlar köhnə ənənələri mexaniki deyil, öz yaradıcılıqlarına üzvi surətdə qəbul etməklə və onları rəngkarlıq texnikasının ən yeni nailiyyətləri ilə birləşdirməklə, özünməxsusluğu ilə fərqlənən təkrarolunmaz yüksək sənət yaratmışlar və bu əsərlər həm də nəhəng sosial səslənməyə sahib olmuşdur. Murallarda abstrakt (mücərrəd) üsluba da geniş yer verilir. İctimai binaların otaqları və fasadı çoxrəngli rəsmlərlə örtülür. Bu əsərlərin mövzusu çox hallarda Meksika xalqının böyük keçmişi ilə, onun İstiqlaliyyət uğrunda mübarizəsi ilə, 1910-1917-ci illərin inqilabi hadisələri, dövrün sosial problemləri ilə bağlı olur. Burada Meksika incəsənətinin demokratik ənənələri, rəssamların öz xalqına xidmət göstərmək, faydalı olmaq istəyi üzə çıxır. Dieqo Riveranın sözlərinə görə, Meksika rəssamları istərdilər ki, onların divar rəsmləri, əks olunmasında Meksika xalqının özünü gördüyü iri güzgüyə çevrilsin.

Meksika ədəbiyyatı da xeyli inkişaf etmiş, Xuan Rulfonun, Karlos Fuentesin, Oktavio Pasın əsərləri dünya şöhrəti qazanmışdır.  

Ölkənin bir-birinə bənzəməyən regionları 

Meksikanın ərazisi təbii şəraitinə görə, həm də inkişaf səviyyəsinə və əhalinin etnik tərkibinə görə olduqca rəngarəngdir. Ölkədə 8 iqtisadi rayon vardır və onlar başlıca iqtisadi zonaları təmsil edirlər.

Mərkəzi-cənub rayonu sahəsinə görə ölkənin əkinçilik rayonlarından biridir, lakin həmin ərazi daim ölkənin tarixi özəyi olmuşdur. Burada ən yüksək əhali sıxlığı vardır. Əsas məskunlaşma arealları dağlar arasındakı Mexiko, Toluka, Morelos məkanlarıdır. Bu rayonda heç bir iri çay arteriyası yoxdur. Su təchizatı da çox ciddi problem xarakteri daşıyır. Torpaqlar güclü surətdə eroziyaya uğramışdır, bu da kənd təsrərrüfatı ilə məşğul olmanı çətinləşdirir. Bu rayonun inkişafına paytaxt Federal mahalı güclü təsir göstərir.

Mexiko dağ halqası ilə bağlanmış vadidə yerləşir, bu dağların içərisində isə daim qarlarla örtülü Orisaba seçilir. İndiki Mexikonun yerində astek imperiyasının paytaxtı olan Tenoçtitlan yerləşirdi, bu şəhəri ispanlar qısa müddətdə viran qoymuşdular. Onlar Bağdadı, Tripolini, Xodeydanı və Suriyanın isə, demək olar ki, bütün şəhərlərini xarabalıq məkanına çevirən müasir monstr vandalların eybəcər işlərinə hələ yarım min il əvvəl elə bil ki, start vermişdilər. Mərkəzi və Cənubi Amerikaya qırğınlar gətirən, bütöv sivilizasiyaları, maddi və mədəni varlıqları məhv edən ispan konkistadorlarını üç əsr əvvəl Xarəzmi, Bağdadı xarabazara çevirən monqol ordaları ilə də müqayisə etmək olar. Vandallar harada olmalarından asılı olmayaraq eyni ssenari ilə hərəkət edirlər, daim viranəlik izlərinin müəllifləri kimi xatırlanırlar, dahi Nizaminin xarabalıqlar arxitektoru olması ilə öyünən Ənuşiravanını yada salırlar. 

(Ardı var)

 





27.05.2019    çap et  çap et