525.Az

İlyas Əfəndiyev şəxsiyyəti: təkrarsızlıq və unudulmazlıq


 

İlyas Əfəndiyev şəxsiyyəti:<b style="color:red"> təkrarsızlıq və unudulmazlıq </b>

Xalqın ədəbiyyat tarixinə daxil olmuş klassiklərin ədəbi-tarixi mövqeyini öyrənmək üçün onların həyatı, yaradıcılığı və bədii irsinin poetik-estetik keyfiyyətləri ilə bərabər, həm də onlar haqqında duyğusal xatirələr etibarlı məxəz rolunu oynayır.

Xalqın tarixinə, mənəviyyatına və əbədi düşüncəsinə daxil olmuş belə sənətkarlar sırasında yaradıcılığı və sənəti tarixin sınaqlarından üzüağ çıxmış Xalq yazıçısı İlyas Əfəndiyevin müstəsna yeri var. Dünya ədəbi prosesinin təcrübəsi göstərir ki, klassiklər zamanları yaradır, zamanlar isə klassikləri yaşadır. Öz ilhamlı qələmi ilə qalmaqallı XX əsrə güc gəlmiş qüdrətli qələm sahibi İlyas Əfəndiyev belə yazıçılardandır. O, Azərbaycan ədəbiyyatı tarixinə öz yaradıcılığının və şəxsiyyətinin fərdiyyəti ilə daxil olub. Onun əsərləri də, şəxsiyyəti də, haqqında yaddaşlara köçmüş xatirələr də orijinaldır. İlyas Əfəndiyev hər adamla oturub-durmaz, ədəbi-ictimai mövqeyi olmayanlarla görüşməz, millilik ətri gəlməyənlərdən uzaq durardı. Onunla bağlı doğulduğu torpaqda - bu gün düşmən əsirliyində olan başıbəlalı Füzulidə uşaqkən yaddaşıma köçmüş və mənə böyük ədibimizi sevdirmiş bəzi nəcib xatirələrə səyahət etmək istərdim.

Görkəmli sənətkar, XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığına mən məktəb illərindən bağlı olmuşam. Atam Xanoğlan Əliyev dil-ədəbiyyat müəllimi olmaqla yanaşı, həm də kəndimizdəki orta məktəbin direktoru idi. O, həm klassik, həm də müasir ədəbiyyatı dərindən bilirdi. Atamın şəxsiyyətinə və yaradıcılığına dərin hörmət bəslədiyi, ən çox sevdiyi yazıçılardan biri unudulmaz sənətkarımız İlyas Əfəndiyev idi. Sənətkarın yaradıcılığını  dərindən izləyən atam onun həm nəsr, həm də dram əsərlərini ürəkdən bəyənər və övladlarına məsləhət edərdi ki, bu əsərləri biz də oxuyaq. Atam İlyas Əfəndiyevin televiziyada göstərilən tamaşalarına da böyük həvəslə baxar və daxili bir qürur duyardı. Ədibin həm böyük yazıçı, həm də nüfuzlu bir şəxsiyyət, ailə başçısı kimi mənəvi keyfiyyətlərindən bizə ürək dolusu söhbətlər edərdi. Atam deyərdi ki, İlyas müəllim övladları üçün həm ata oldu, həm də ana. Gənc yaşlarından ömrünü övladlarının tərbiyəsinə və bədii yaradıcılığa həsr etdi. Qürurlu bir şəxsiyyət və görkəmli sənətkar olaraq sağlığında öz heykəlini Azərbaycan xalqının qəlbində ucaltdı, həmişəyaşar əsərlərilə ədəbiyyat tariximizdə əbədi yerini tutdu.

Atam İlyas Əfəndiyevin oğlanları - Xalq yazıçısı Elçinlə və professor Timuçin Əfəndiyevlə də həmişə fəxr edərdi. Həmişə mənə və məndən kiçik qardaşlarıma deyərdi ki, ataya hörmət və ehtiramı Elçin müəllimdən, Timuçin müəllimdən öyrənin. Nümunəvi, fəxr ediləsi övladlardır. Qeyd etdiyim kimi, mən hələ orta məktəbdə oxuyarkən xalq yazıçısının o zaman çapdan çıxmış bütün əsərlərini oxumuşdum. Unudulmaz sənətkarın doğulduğu torpağa ayaq basması Qarabağ əhli üçün bir bayram idi. Yadıma onun 1965-ci ildə mayın 1-də böyük qardaşım Şəfanın toyuna gəlməsi düşür. Mayın 26-sı həm də ölməz sənətkarımızın dünyaya gəldiyi gündür. O zaman mənim 12 yaşım var idi. O vaxta qədər əsərlərini sevə-sevə oxuduğum, şəklini kitablarda gördüyüm böyük sənətkarı ilk dəfə idi ki, evimizdə görürdüm. Bu toyda görkəmli sənətkarımız, ailə üzvləri və Sabirabaddakı dostu, həkim Əli Ağabəyov da iştirak edirdi. Toyu Azərbaycanın məşhur xanəndəsi Ağabala Abdullayev öz dəstəsi ilə idarə edirdi. Xalq yazıçısı Şəfanın toyu ilə əlaqədar təəssüratını "Mənim qohumum çoban Rəşid" xatirə-oçerkində daha geniş təfsilatı ilə təsvir etmişdir. Mən bu toyda tək bizim ailənin deyil, ümumən kəndimiz Kürdmahmudlunun böyük bir izdiham yaşadığını qeyd etmək istəyirəm. Rabitənin hələ geniş vüsət almadığı bir zamanda böyük sənətkar İlyas Əfəndiyevin Füzuli rayonunun Kürdmahmudlu kəndinə gəlməsindən bütün ətraf rayonların necə xəbər tutmasını təsəvvür etmək çətindir. Belə ki, İlyas Əfəndiyevin qardaşım Şəfanın toyuna gəlməsindən İmişli, Beyləqan, Ağcabədi, Ağdam, Cəbrayıl və Füzuli şəhərlərində yaşayan xeyli insan xəbər tutmuşdu. Onlar sənətkara olan məhəbbətini bildirmək üçün dəvətsiz olaraq toya gəlmişdilər. Gördüyüm bu unudulmaz anlar böyük sənətkara olan el məhəbbətinin timsalı kimi tarixin yaddaşında əbədi həkk olunmuşdur.

Müdrik sənətkarın toyla bağlı oçerki "Kommunist" qəzetində dərc olunduqdan sonra kəndimizdən rayon mərkəzinə asfalt yol çəkildi. Kürdmahmudlu camaatı, ətraf kəndlərimizin insanları hörmətli yazıçımıza bu xeyirxah işi üçün bir ağızdan uzun ömür arzuladılar və minnətdarlıq etdilər. Qürur duydular ki, elimizin çox hörmətli, nüfuzlu və qüdrətli bir sənətkarı var.

Xalq yazıçısının "Orfey quyudan çıxandan sonra nə gördü..." xatirə məqaləsində bir parça var: "... Neçə il bundan qabaq bizi Füzulinin Kürdmahmudlu obasına - yaxın qohumumuz Şəfanın toyuna dəvət etmişdilər (Şəfa Əliyev indi Bakının tanınmış cərrahlarındandır). Biz də yığışıb getmişdik. Oğlanın atası - mənim anamın əmisi oğlu Xanoğlan müəllimin bağçasında böyük mağar qurulmuşdu. Oba adətinə görə, toyun musiqi dəstəsi hörmətli qonaqların qabağına çıxıb, onları musiqi ilə qarşılayır. Bizi də elə qarşıladılar. Mən çalğıçılar içində əlində qaval Ağabalanı gördükdə, ürəyimə ani bir kədər çökdü... O gecə biz Ağabala ilə xeyli söhbət etdik. Keçən günləri, Ağabalanın Kərəmi, Məcnunu, Aşıq Qəribi oynadığı vaxtları xatırladıq...

Mən Ağabalanı Şəfanın toyunda görəndə səhhətindən şikayət edirdi. Dedim ki, nə üçün sanatoriyalardan birinə gedib müalicə olunmursan?

- Ailəni qoyub getmək olmur... Çörəkpulu qazanmaq lazımdır.

İki gün davam edən toy məclisində iştirak edənlər gözəl şənlik anları yaşadılar. Görkəmli sənətkarımızın iştirak etdiyi, qardaşım Şəfanın bu toy məclisi həmişə xatirimdədir.

İlyas Əfəndiyev qələminin məhsulu olan Alxan, Uğur, Nuriyyə, Şahnaz, Nicat, Həsənzadə, Nərmin, Sarıköynək, Valeh, Möhnət qoca, Qızyetər, Ərşad, Xurşidbanu, Aynur kimi parlaq obrazlar bu gün də bizimlədir, illər keçsə də, onlar yaşlaşmırlar, özlərinin cəsarətini, təravətini və mərdliyini qoruyub saxlayırlar. Sənətkarın böyük məhəbbətlə yaratdığı bu obrazlar yenə də xeyirxah, səxavətli, vəfalı və mübarizlik simvolları kimi yaşayır, oxuculara da həmin hissləri təlqin edirlər. Xalqın dərin məhəbbətini qazanmış əbədiyaşar İlyas Əfəndiyev yaradıcılığı daim ətir saçan boy çiçəyidir. Böyük istedad sahibi, bənzərsiz sənətkar "Sən həmişə mənimləsən" pyesində yazır: "... məsələ tez və ya gec ölməkdə deyil. Ömür onsuz da nisbi şeydir. Ancaq... Boy çiçəyini yadınıza salın. Özü neçə vaxtdır ki, xəzan olub gedib, amma ətri indi də bizi heyran edir... Yaxşı insanlar da belədir... Özləri məhv olsalar da, xatirələri həmişə bizim ləyaqətlə yaşamağımıza kömək edir. Bizim üçün təsəlli olur". Təbii ki, bu sözlər unudulmaz sənətkarın elə özünə aiddir. Yazıçının xoşbəxtliyi orasındadır ki, o, xalq tərəfindən sevilir və heç bir zaman unudulmur. İlyas Əfəndiyev həmişə bizimlədir. Şəxsiyyətin, xüsusilə ədəbi şəxsiyyətin - sənətkarın ömrü əsərləri ilə bərabər, həm də xatirələrdə davam edir.

 





28.05.2019    çap et  çap et