525.Az

Eşidirəm... - Fotolar


 

Eşidirəm... - <b style="color:red">Fotolar </b>

Fuad Poladovun əziz xatirəsinə ithaf olunmuş “Köhnə telefon” tamaşasından...

- Alo, operator... buyurun, eşidirəm...

... Çəkiclə vurub əzdiyi barmağını ağzına təpib... dözülməz ağrıyla tək-tənha qalıb... hündürdən asılmış köhnə telefona xilaskar kimi baxıb... dəstəyə boyu çatsın deyə, kətili ayağının altına qoyub, zülmlə, hıqqana-hıqqana yuxarı qalxıb, amma...

Hey, balaca, susma...

- Eşidirəm... 

Bu – odur! Uşaqkən arzuladığımız  mülayim, bir az da nigaran səs... Ətrafda durmadan danışanlar, nəsihət verənlər, danlayanlar içindən yalnız o səs sənə  “eşidirəm” deyəcək... 

... dəstəyi tutan uşağın  əlləri əsir...bapbalaca qəlbində daşa dönmüş  incikliyi əriyir, gözünün yaşı ovcuna tökülür...

... bu odur, hə, tanıdız? İçimizdəki uşaqdı... hər kiçik kədəri özünə dərd eləyib ağlayan, hər xırda səbəbdən gözləri gülən körpə...

Yadımdadı, “Günlərin bir günü” Fuad müəllim demişdi: “Əsil sənətkarı uşaq kimi sevinməyindən və uşaq kimi kədərlənməyindən tanıyarsız...”

- İçinizdəki o uşağı... necə qoruyursuz, Fuad müəllim? Onu nəylə qidalandırırsız?..

Gözlərini azca qıyıb gülmüşdü: “ooo! Doğrudan da onu qorumaq çətindi...çooox çətindi... ”   

... Balaca Polardın aləmində divardan asılmış köhnə telefon əşya deyil, canlıdı – ürəyi, ağlı, gülüşü  - gerçəkdi, görünəndi...

Telefondakı Səs deyir ki, “itirəndə darıxma, qorxma, sıxılma... yaşamaq, səslənmək üçün başqa aləmlər də var...” 

*** 

... Yəni bu odur? İndiyədək gördüyüm tamaşalarda tutqun, soyuqqanlı baxışlarla arabir səhnədən zala nəzər salan, qaranlıqla işıq arasında dayanan, şikarının üzərinə atılmaq üçün yerə sinmiş bəbirə bənzəyən...“Qatil” kimi tanınan Hikmət Rəhimovdurmu indi, bu an mənə   uşaqlığımı, məsumluğumu xatırladan?..

Hikmət sənətdə ustadının açdığı yolla gedir. Fuad Poladovu cavanlığından tanıyanlar “sözüylə özü bir olmayanlara qarşı hövsələsiz, yeri düşəndə, hətta davakar olub” - deyirlər...

Fuad müəllimin  cavanlar içindən ən çox Hikməti izləməsi təsadüf deyildi əlbəttə... Bəlkə də ona baxanda özünü görür, Hikməti nəzərində, himayəsində  saxlamaqla keçdiyi çətin yollardan yayındırmaq istəyirmiş...

... bax, əzizim, gün gələcək, köhnə telefonun səsi uzaqlaşacaq...Sonra daxilində üsyan çıxacaq... 

Həyat adlı burulğanda tutunmaq üçün əl nədi, səs axtaracaqsan...

... Möcüzəyə bax! Bu odur! Gənc  Polardın 25 il  öncə köhnə telefondan eşitdiyi səs! Bir az qocalıb, sınıxıb, gözləməkdən yorulub sanki...

... Həyatının ixtiyar çağında Fuad Poladov kimi dahi aktyor...çox sevdiyi səhnəni buraxıb getdi...hay-küylü çıxışlar etmədən, bəyanatlar vermədən səssiz-səmirsiz evinə çəkildi... teatrdakı boşboğazlıqdan, ədalətsizlikdən, sənətsizlikdən yoruldu sanki... 

***

Görüş zamanıdı...

- Siz Polardsız?

- Bəli!

- Salli xahiş elədi sizə çatdırım ki, “yaşamaq, səslənmək üçün başqa aləmlər də var...”  O əmin idi ki, siz onun nə demək istədiyini anlayacaqsız...başınız sağ olsun!..

Tamaşanın qəhrəmanı köhnə telefonla sehirli rabitəsi haqqında nəqlini bitirir... Səhnə işıqlanır...Fondakı monitorda müdrik bir insan sakit, dərin baxışları ilə səhnəni və tamaşaçıları seyr edir...

Bu odur! Fuad Poladov!

O aləmdən bu aləmə səsi yetəcək SƏNƏTKAR...



Pol Villardın eyniadlı hekayəsi əsasında səhnələşdirilmiş “Köhnə telefon” tamaşası böyük sənətkar Fuad Poladovun əziz xatirəsinə ithafdır.     

Layihənin ideya müəllifi – Estoniyada yaşayan həmvətənimiz  Sənəm Əliyevadır.

Tamaşanın ilk təqdimatı Estoniya Dram tetarında, Bakı premyerası isə Fuad Poladovun doğulduğu gündə, mayın 24-də Rus Dövlət Dram teatrında  baş tutub.

Tamaşanın qurulişçu rejissoru: Abdul Qəni

Baş rolun ifaçısı: Hikmət Rəhimov

Rollarda: Münəvvər Əliyeva (Əməkdar artist), Fidan Bayramova      

LALƏ

 





29.05.2019    çap et  çap et