525.Az

Rasim Balayevin improvizasiyaları - Əlisəfdər Hüseynov


 

Rasim Balayevin improvizasiyaları - <b style="color:red">Əlisəfdər Hüseynov </b>

... Təsəvvür edin, Azərbaycan kinosunu  Nəsimi, Babək, Bamsı Beyrək kimi monumental obrazla rövnəqləndirmiş, tamaşaçıların yaddaşında böyük, yenilməz şəxsiyyətlərin mahir ekran təfsirçisi kimi özünə layiqli yer qazanmış və şöhrətinin zirvəsində dayanıb bu ucalığa uyuşan daha sanballı obrazlar gözləyən Rasim Balayevə bir gün belə bir məzmunda təklif gəlir: "Bu filmdə yaradacağınız  nazir köməkçisi obrazı "lal" obrazdır, heç bir replikası filanı yoxdur. Ekranda cəmi 2 dəfə görünəcək  və hər dəfə də boğazını qarqara eləmək üçün nazirə su gətirəcək, sonra onun ağız-burnunu ağ dəsmalla qurulayıb kabineti tərk edəcək... Ən uzağı bir dəqiqəlik ekran görüntüləri... Vəssalam".

Bu təklifi verən rejissor, heç şübhəsiz ki, cəsarətli adam olub, çünki meydanı çox pərt vəziyyətdə tərk edə, üstəlik, bir-iki tənəli, acı söz də eşidə bilərdi. Amma çəkildiyi bütün filmlərdə yaradıcılıq qələbəsi qazanan Rasim Balayev buna imkan vermədi, bu qəribə situasiyanı da qalib görkəmində tərk elədi - Nəsimi, Babək, Bamsı Beyrək... zirvəsindən qulbeçə nazir köməkçisi səviyyəsinə enməkdə heç bir qəbahət görmədi, əslində, bunu o zirvəyə əbəs   yerə qalxmadığının sübutu üçün bir şans kimi dəyərləndirib təklifi qəbul etdi ki, yeni bir sənət möcüzəsi yaratsın. Yalnız cəsarətinə yox, həm də bacarığına, istedadına  güvənənlər, sənətin marağını, yaratmaq yanğısını hər şeydən, hətta öz imicinin parıltısından üstün tutanlar belə riskə gedə bilərlər. Əslində, "risk" sözü də burda yerinə düşmür. Risk yaxşı nəticələnəcəyi ümidi ilə təhlükəli bir işə girişməkdir; yəni nəticə yaxşı olmaya da bilər. Amma Rasim Balayev bu təklifə razılıq verəndə, bayaq dediyim o ucalıqdan miskin bir varlığın dayandığı məkana enəndə nə xəncərinin qaşının düşəcəyindən ehtiyatlandı, nə də bu addımın uğursuz alına biləcəyindən. Çünki ortada alihəzrət fakt var idi - onun böyük istedadı və yüksək peşəkarlığı. Məhz bu amillər ona imkan verdi ki, bir daha sübut etsin:  ekranda heç ağzını açmadan da, gərgin, dramatik vəziyyətlərin iştirakçısı olmadan da bircə dəqiqəlik zaman hüdudunda  bütöv bir ömrün dramatizmini, çəkisini (indiki halda çəkisizliyini desək, daha doğru olar) və bundan sonra yaşanacaq illərin puçluğunu  bir zərgər dəqiqliyi, rəssam qüdrəti ilə əks etdirmək olar və aktyorluq məharətinin ölçü meyarı da belə "sözsüz" qəhrəmanları yaratmaq, ictimai-estetik rəyin predmetinə çevirmək bacarığındadır.

Məncə, Vaqif Mustafayev bu rola Rasim müəllimi dəvət edəndə məhz bu məntiqdən çıxış etmişdi.

Rasim müəllimin yaratdığı həmin kiçik şedevri "Yaramaz" filmini görənlərin yadına salır, görməyənlər üçün isə təsvir edirəm -  kabinetin qapısı açılır, Rüstəm Zal kimi cüssəli, Yusif kimi yaraşıqlı bir oğlan əlində içərisinə bayaq qeyd etdiyim əşyalar qoyulmuş məcməyi ilə içəri daxil olur, əzablı bir missiyanı əbədi daşımağa məhkum olunmuş Sazif  kimi irəli yeriyir və stəkanı nazirə uzatmaq, sonra  onun ağız-burnunu qurulamaq  "şərəfinə" nail olduqdan sonra məcməyini götürüb kabineti tərk edir. Vəssəlam.

Bu rolu yəqin ki, aktyorluq sənətindən az-maz başı çıxan  hansısa bir diletant, yaxud sir-sifətindən miskinlik yağan qeyri-peşəkar da oynaya bilərdi. Amma bir "amma" ilə... Onda  biz bu cüssənin, bu zahiri yaraşığın arxasındakı eybəcər ömür dramını, bütöv bir taleyin puçluğunu Rasim müəllimin təqdim etdiyi səviyyədə duyacaqdıqmı? Düşünürəm ki, yox. Rasim Balayev gözlərinin ifadələri, yerişinin qəribə ləngəri və sükutun dili  ilə bu cavan, yaraşıqlı oğlanın faciəvi aqibətini, iyrənc bir ömür yaşadığını dərk etsə də,  bu oyunu sonadək oynamağa məhkum olduğunu  anlamağına rəğmən çarəsizliyini bircə dəqiqənin içində sözsüz, danışıqsız göstərməyi bacardı.

Bu, cüzi imkan, dar macal çərçivəsində də özünü göstərən böyük sənətkarlıqdır, əsl sənət nümunəsidir.

İtaliya kinosunun klassiklərindən olan  M. Antunioninin aktyor oyununun mahiyyəti barədə çox maraqlı (və həm də çox gözlənilməz) fikirləri var. O deyir ki, aktyor ona tapşırılan rola münasibətdə heç vaxt filosofluq etməməli, özünü dərin ağıl yiyəsi, obrazı yaradana qədər nəzəri planda onun intellektual təfsirçisi kimi göstərməyə çalışmamalıdır. Aktyorun vəzifəsi rolun ondan tələb etdiklərini yerinə yetirməkdir. Onun "bəlkə bunu belə etsəm, yaxşı olar", yaxud "bunu niyə belə etməliyəm ki?" kimi suallar üzərində baş sındırması  işin ancaq zərərinə işləyəcək. Əlbəttə, bu fikirlər dünya kinosunda iz salmış sənətkarın öz kino fəlsəfəsindən çıxış edərək irəli sürdüyü postulatlardır və onunla mübahisə etmək də olar. Amma məncə, bu fikirlərdə belə bir maraqlı məqam da var ki, aktyor bütünlüklə obrazın (böyük, ya kiçik - fərqi yoxdur) içində əriməyi, özünün bütün şübhələri, tərəddüdləri ilə birlikdə bir növ yoxa çıxmağı bacarmalıdır. Əgər o, bunu bacarsa, obrazın öz bədii-estetik məntiqi hər şeyi yoluna qoyacaq, əlavə suallara. "bəlkələrə" də ehtiyac qalmayacaq. Fikirləşirəm ki, Rasim Balayev  Azərbaycan aktyorları içərisində bu sirrə dərindən vaqif olan ən ustad aktyorlardan biridir və onun müxtəlif xislətlərə malik obrazları (hətta kiçik, epizodik obrazları) eyni ustalıqla yaratması da məhz bunun nəticəsidir.

Mən Rasim Balayevin ömür verdiyi ikinci dərəcəli, "qeyri-möhtəşəm" daha iki obraz haqqında da danışmaq istəyirəm.

"Həm ziyarət, həm ticarət"  filmi ekranlara çıxanda tamaşaçılar  sevimli aktyoru yenə də vərdiş  etmədikləri bir qiyafədə - fırıldaqçı, dələduz  Davud rolunda gördülər. Bu dəfə  də onun qəhrəmanı zamanın fövqündə dayanan möhtəşəm şəxsiyyət deyildi, Musafa kimi sadəlövhləri müflis edən dələduz idi və maraqlıdır ki, R.Balayev Davudun xislətini elə onun özünün aktyorluğu fonunda açırdı. Taftalogiya kimi görünsə də, deyirəm: Rasim Balayev öz aktyorluq məharəti hesabına Davudun da aktyorluğunu oynayırdı və üstəlik, elə oynayırdı ki, nəinki Mustafa,  elə Mustafa ilə eyni yuvanın quşu olan tamaşaçılar da az qalırdı "xeyirxah", "alicənab" adam rolunu oynayan bu dələduzun toruna düşsünlər. Amma qəribədir, filmin sonunda Mustafaya göndərdiyi elektrik burğusunun qutusuna qoyduğu məktubda  Davud öz aktyorluğunun necə deyərlər, fəlsəfəsini də şərh etməyə imkan tapdı və bununla da obraza yeni çalarlar əlavə olundu.

Köhnə estetik meyarlarla dəyərləndirsək, Davud  vızıltısı ürək bulandıran milçək sayağı bir tipdir. Amma belələrini halal, təmiz süfrə başından birdəfəlik uzaqlaşdırmaq üçün onları yaxşı tanımq, əməllərinin texnologiyasını bilmək  vacibdir. Rasim müəllimin Davudu da  məhz bu zərurətin təsdiqinə  xidmət edirdi.

Anarın ssenarisi əsasında  R. Ocaqovun çəkdiyi "Otel otağı" filmində isə R.Balayev öz yaradıcılığında əsaslı bir inqilab etdi, komik-dramatik oyun üslubunda yaratdığı Sədyar müəllim obrazının timsalında kinomuza yeni bir qəhrəman gətirdi.

Keçid dövrü adlandırdığımız 90-cı illərin kataklizmlər burulğanının yetirməsi olan Sədyar müəllimə kimliyi dərhal, asanlıqla duyulan obraz kimi baxmaq olmaz. Vaxtilə mən bu obraz haqqında yazmışam və indi fikirləşirəm ki, o vaxt yazdıqlarım bu obrazın mahiyyətinə aparan yolda tamaşaçılara yetərincə bələdçilik etmək gücündə deyil. Ona görə indiki fürsətdən yararlanıb bu maraqlı obrazı oxuculara daha yaxından tanıtmaq istəyirəm.

Sədyar müəllimin bir obraz kimi yeniliyi ondadır ki, onun xarakteri bir yox, iki fərqli keyfiyyətdən maya tutub, iki fərqli dünyanın sintezindən yaranıb. O, istənilən vəziyyətə reaksiya verməyi, ona uyğunlaşmağı, necə deyərlər, dəyirmanın gözündən da sağ çıxmağı bacarır, kef çəkməyə, İstanbulda veyillənən rus xanımlarla  əylənməyə də vaxt tapır və bütün bunlar ilk baxışda Sədyar müəllimə müəyyən mənada qeyri-ciddi, yüngülməcaz adam görkəmi verir. Rasim müəllim obrazın xarakterindəki bu qatı o vaxta qədər yaratdığı heç bir obrazda müşahidə etmədiyimiz  bir müstəvidə yumorun, gülüş məntiqinin hakim kəsildiyi oyun tərzi ilə  əyaniləşdirir, təbii və inandırıcı cizgilərlə qəhrəmanının portretinin üzdə olan konturlarını cızır. Lakin iş bununla bitsəydi, bu obraz haqqında heç danışmağa da dəyməzdi. Aktyor  obrazın xislətini formalaşdıran ikinci mayanın da tərkibini dəqiqliklə analiz edir və sonra bu analizin nəticələrini bayaq haqqında danışdığım keyfiyyətlərə sintez edərək Sədyar müəllimi bütöv şəkildə ortaya qoyur və məhz aktyorun bu məharəti hesabına onun qəhrəmanı zairən əhlikef, qeyri-ciddi adam təsiri bağışlasa da, əslində, çoxlarında olmayan mühüm bir keyfiyyətə - yaxşı insanları görmək, dəyərləndirmək, qorumaq, onlara kömək etmək xüsusiyyətlərinə malik şəxs kimi yenidən doğulur. Bütün süjet boyu Kərim müəllimi  sağdan, da, soldan da endirilən zərbələrdən qoruyanda, onu qismətini oğurlamaq istəyənlərə sinə gərəndə, dostuna yalnız maddi yox, həm də mənəvi kömək olanda Sədiyar müəllim heç bir təmənna güdmür, bunları vicdanının, insanlıq borcunun diktəsi ilə edir.

Əgər qeyri-ciddilik budursa, onu inkar etmək yox, alqışlamaq lazımdır!

Məgər öz haqqını almayan Kərim kimilərin  faciəsi, erkən ölümlərinin səbəbi cəmiyyətin Sədyar müəllim kimi adamlar sarıdan məruz qaldığı qıtlıq sindromu deyilmi?!

Filmdə maraqlı bir epizod var: Sədiyar müəllim İstanbulda oteldə Nataşa adlı rus qadınla şərab içib əyləndiyi məqamda Kərim müəllim otağa daxil olur. Sədyar dərhal onu süfrəyə dəvət edir, sağlığına badə də qaldırır. Məclisdə artıq adam olduğunu başa düşən Kərim müəllim otağı tərk edən kimi Sədiyar öz "ovunun" -  Nataşanın "Deyirlər ki, o, böyük alimdir" replikasına belə reaksiya verir: "Elə mən özüm də böyük aliməm də".

Soruşla bilər: "Nə var burda, adi epizoddur da". Amma baxın, Rasim Balayev bu adi epizodda gözlərinin sayrışması, üzünün cizgiləri, səsinin ahəngi ilə necə improvizələr edir və  epizodu adilikdən çıxarıb onu tamaşaçılara dolğun informasiya  ötürən enerji ilə necə yükləyir.  Obrazın üst qatındakı məntiqə görə, o, öz rəqibini ona rəğbət bəsləyən Nataşanın  nəzərindəki yüksəklikdən dərhal vurub salmalı, oraya özünü qaldırmalı, Kərim müəllimin imicini dağıtmalı idi. Amma o, əyləncə məclisinin belə bir "məsuliyyətli" məqamında da öz missiyasını unutmur, özünü  Nataşanın gözündə Kərimi aşağılamaq yox, özünü ona tay tutmaq, ona yaraşdırmaq yolu ilə yüksəlməyə üstünlük verir, hətta heç bir şahid olmadığı situasiyada da Kərimin haqqına şərik çıxmaq istəmir, onun şərəfini uca tutur.

... Rasim məllimin aktyorluq məharətinin bütün spektrlərini bir yazıda analiz etmək müşküldür, mümkünsüzdür.  Mənsə bu yazıda sükutla dialoqa girməyi, sükutun səsini çatdırmağı, monoloqunu söyləməyi bəlkə də hamıdan yaxşı bacaran ustad aktyorun sənət kəhkəşanından seçdiyim üç kiçik ulduzun Ramiz Rövşən demişkən, tozunu silib bərq vuran işığını azadlığa çıxarmaq istədim.

Bimirəm, alındı, ya yox? 

 





29.05.2019    çap et  çap et