525.Az

Zay kitabların badına gedən günahsız ağaclar - Firuz Mustafa yazır


 

MÜKAFAT YAZIÇIDAN ƏVVƏL ƏLAHƏZRƏT SÖZƏ VERİLİR

Zay kitabların badına gedən günahsız ağaclar - <b style="color:red">Firuz Mustafa yazır </b>

Əvvəllər ayda-ildə bir dəfə səsi çıxan, ya çıxmayan çevik (mobil) telefonum, bir neçə gündür, ardı-arası kəsilmədən haray qoparır. Gələn zənglər xoşməramlıdır. Dostlar, tanışlar, hətta tanımadığım adamlar məni təbrik edirlər. Bəri başdan onların hamısına təşəkkür edirəm.

Məsələ burasındadır ki, mən, daha doğrusu, mənim yaradıcılığım, bu son bir ay ərzində bir neçə ədəbi mükafata layiq görülüb.  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dramaturgiya üzrə keçirdiyi müsabiqədə yazdığım bir pyes ("Payız meşəsində vals") birinci yeri tutub. Bundan bir qədər sonra AYB-nin təsis etdiyi Cəfər Cabbarlı adına mükafata layiq görülmüşəm. Bu yaxınlarda isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə mənə "Əməkdar incəsənət xadimi" fəxri adı verilib.

Xətrimi istəyən dost-tanışlar təbrik edərkən mənə tez-tez təxminən belə bir sualla müraciət edirlər: "Siz  mükafat alacağınızı əvvəlcədən bilirdinizmi?"

Niyə gizlədək, indi elə bir dövrdə yaşayırıq ki, bəzən bəzi adamların bəzi titul, vəzifə və ya çinləri çox asanlıqla və ya çox çətinliklə əldə etdiklərini eşidir, hətta bəzən bunun əyani şahidi də oluruq. Əlbəttə, bu cümlədə bir az dolaşıq, ziddiyyətli  sofistika elementləri də ola bilər. Amma nə edəsən ki, elə həyatın özü də bu cür ziddiyyətlərdən xali deyil.

Demək istədiyim budur ki, bəzən hansısa mükafatı, lap elə adi bir kağızdan ibarət olan "qramotanı" əldə etmək üçün müəyyən mövqeyə malik tanış-bilişlərini üz-gözdən salan, "müvafiq idarələrin" qapısını, az qala, dabanından çıxaran, şikayət ərizələrini yaradıcılıq məhsulu kimi vəcdlə yazan "istedadlara" da rast gəlmək olur.

Mən həmişə belə düşünmüşəm və indi də belə düşünürəm ki, mükafatı istəməzlər, onu verərlər.

Çox sevindirici haldır ki, ədəbiyyatımızda öz çəkisi, öz səsi, öz üslubu, öz ədəbi möhürü olan bir çox söz ustadlarımızın yaradıcılığı hörmətli dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib.

Bəli, ədəbiyyatımızın, bütövlükdə mədəniyyətimizin inkişafında xidmətlərinə görə Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud "Xalq yazıçısı", Vahir Əziz, Ramiz Rövşən və Musa Yaqub "Xalq şairi", Vaqif Bayatlı Odər, Elçin Hüseynbəyli və bəndəniz "Əməkdar incəsənət xadimi",   habelə Asim Yadigar, Vaqif Əlixanlı, Abbas Güləliyev və Rauf Məmmədov "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülüblər.

Hesab edirəm ki, oxucular bu siyahıda adı çəkilən ədəbiyyat adamlarından hər birinin yaradıcılığı  haqqında kifayət qədər məlumatlıdır.

Mən öz fikrimi gizlətmək istəmirəm. Hesab edirəm ki, yazılarına yaxından, özlərinə isə qismən bələd olduğum, Prezident sərəncamı ilə  "Xalq şairi" adına layiq görülmüş Ramiz Rövşənlə Musa Yaqubun özləri də belə bir ada layiq görüləcəklərinə inana bilməzdilər. Bunun səbəbi əlbəttə, yaradıcılıqla bağlı deyil. Zira, onların hər ikisi qüdrətli şairdir. Ən başlıcası, onlar cəsarətli fikir sahibləridir və bəzən məhz elə bu cəhət, yəni cəsarət amili kimlərinsə xoşuna gəlmir. Halbuki söz adamı elə düz adam olmalıdır. Yəni sözün düzünü deyən adam. Nədənsə, bəzi məmurlar, az qala, sözü də hansısa maddi obyektlər kimi özəlləşdirmək istəyirlər. Bu mənada mən Prezidentin sərəncamını cəsarətli sözə verilən qiymət kimi dəyərləndirirəm. Və güman edirəm ki, sözün həm obyekti, həm  subyekti, həm mənbəyi, həm də mənsəbi məhz həyatın özü olmalıdır. Oxucu yalan sözü qəbul etmir, doğru sözün təşnəsi ilə yaşayır.

Bəzən deyirlər ki, yazıçıların, az qala, hamısı müxalif fikirlidir. Qəribədir. Bəs nə cür olmalıdır? Bəyəm yazıçı statistika işçisi kimi rəqəmlərlə işləməlidir? Nədənsə, bizdə bir çoxları "müxalif" sözü eşidəndə ilk növbədə məhz hansısa siyasi partiyanın mənsublarını yada salır. Öz yaşadıqları dövrün  ən böyük nümayəndələri Nizami, Şekspir, Hüqo, Tolstoy, Mirzə Cəlil həm də öz mühitlərinin ən böyük müxalif düşüncə sahibləri olmayıblarmı? Hamıya və hər şeyə "bəh-bəh" deməklə inkişaf ola bilərmi? Axı, elə inkişafın kökündə də, Hegel demiş,  bir ziddiyyət amili dayanmalıdır.

Yazıçı ilk növbədə özüylə müxalifətdə olmalıdır və bu bəzilərində (yenə də bəzilərində!) olduğu kimi süni "başqa cür düşünən" pozasında zühur etməməlidir. Bu, təbii mahiyyət kəsb etməlidir. Bir anlığa hamının eyni cür düşündüyü, lap elə eyni cür geydiyi bir cəmiyyəti təsəvvürünüzə gətirin. Bu, ya faciə, ya  komediya, ən yaxşı halda isə tragikomediya ola bilər.

Ədəbiyyata yüzlərlə tərif deyilsə də, mən ədəbiyyata verilmiş klassik tərifi təqdir edirəm. Yəni düşünürəm ki, ədəbiyyat doğrudan da gerçəkliyi əks etdirməlidir. Amma bu inikas obrazlı, bədii şəkildə olmalıdır. Yazıçı öz söz "fırçası" ilə həyatı və həyat həqiqətlərini bütün rəngləri ilə çəkməlidir. Təbii ki, yüksək sənətkarlıqla... Di gəl ki,  bizdə həyata yalnız ya qara, ya da yalnız ağ eynəklə baxanlar daha çoxdur. Belələri həmin "eynəkləri" elə sözün də gözünə pərçimləyirlər. Təbii ki, başqa rənglər də mövcud olur. Unutmaq olmaz ki, "eynəkli" sözlərlə çox uzağı görmək olmaz. Yəqin bədii sözə dəyər verənlərin əksəriyyəti belə düşünür ki, yazıçı məhz cəmiyyəti narahat edən problemləri qabartmalı, onları "öz rəngində" təqdim etməli, didaktika, sofistika ilə məşğul olmamalıdır. Bütün həyatını "təhqir ədəbiyyatına" həsr edən kəslər kimi, bütün həyatını "tərif ədəbiyyatına" sərf edən kəsimlər də vardır. Hərçənd ki, bizdə tarixən mədhiyyə janrı və ya ədəbiyyatı da olub.

Oxucu bu gün təzəlik, yenilik amacındadır. Amma bir çox hallarda ədəbi təsərrüfatı bayağı məhsullarla, yumşaq desək, gözdən salırlar. Sözün gözdən düşməsi faciədir.

Yazıçının ən böyük sərvəti SÖZdür.

Yazıçı özünün keçəcəyi körpüdən sözünü də düz keçirməlidir...

Bəli, bu gün zəif əsərlərin bolluğu ucbatından ekologiyaya, meşə təsərrüfatına ciddi zərər dəyir. Deyə bilərlər ki, bu adam nə danışır, axı bədii əsər hara, ekologiya hara? Məsələ burasındadır ki, kitabların nəşr olunduğu kağızlar məhz meşə məhsullarından əldə edilir. Elə kitabların nəşrinə ödənilən pul da ağac materiallardan hazırlanır. İndi özünüz fikirləşin, nə qədər günahsız ağac zay kitabların badına gedir?

Ətraf mühiti, o cümlədən, təbiətin "yaşıl ciyəri" hesab olunan meşələri ... zəif əsərlərdən qorumaq lazımdır. Bunun üçün oxculara ünvanlanan kitabların həm müstəqim, həm də məcazi mənada yüksək qiyməti olmalıdır.

Deyəsən, mən verilən sualdan bir qədər yayındım, eləmi? Bəlkə də... Amma əslində, biz ədəbiyyat söhbəti edirik.

Hə, xatırımdadır, sual belə qoyulmuşdu: "Siz  mükafat alacağınızı əvvəlcədən bilirdinizmi?" Qısa və konkret deyirəm: "Qətiyyən, bilmirdim".

Mükafat mənim yaradıcılıq fəaliyyətimə görə verilib. Hər halda mənim onlarla pyesimə ölkəmizdəki və xaricdəki bir çox nüfuzlu teatrlarda quruluş verilib. Diqqətlə saymasam da, elə pyeslərimin sayı qədər də elmi və bədii kitablarım nəşr olunub. Təkcə "Dəniz köçü" adlı povestim rus, ingilis, fransız, özbək və qeyri dillərdə dünyanın bir sıra ölkələrində (Azərbaycanda, Rusiyada, İranda, Özbəkistanda) dəfələrlə çap edilib.

Zənnimcə, mükafat yazıçıdan əvvəl əlahəzrət sözə verilir.

Amma orasını təxmin edə bilərəm ki, bu fəxri adların verilməsində AYB sədri, hörmətli Xalq yazıçımız Anarın rolu mütləq olub. Yeri gəlmişkən, Anar müəllimə özümün və həmkarlarımın adından təşəkkür edirəm.

Hamınıza uğurlar arzusu ilə...

 





30.05.2019    çap et  çap et