525.Az

Kitabların sehirli aləmi - Fidan Malikqızı yazır


 

Kitabların sehirli aləmi - <b style="color:red">Fidan Malikqızı yazır </b>

Əlimi ehmalca rəf boyunca kitabların üstüylə gəzdirdim. Əlin hərarətindən sanki kitablar canlanmağa başladı. Səhifələrin arasından şahzadələr boylandı.

Cəngavərlərin qılınc-qalxanlarının səsi gəldi. Sonra hərflər rəqəmlərlə əl-ələ verərək astaca rəflər boyunca aşağı enməyə başladılar. "Uşaqca bir təxəyyüldür", - deyə gülümsünüb getmək istədim. Arxadan sanki yenə səslər eşitdim:

"Sən məni oxumamısan. Mənsiz otların xasiyyətini öyrənmək olmaz". "Mənsiz daşların sirrini bilmək olmaz". "Mənsiz heyvanların dilini bilmək olmaz". Bir anda "Bir qalanın sirri" film-nağıldan "kitabların rəqsi" epizodu canlandı. Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında ekranlaşdırılan "Bir qalanın sirri". Uşaqlığımızın ən sevimli, məzəli filmlərindən biri. Balaca ikən baxdıqda bəlkə də sadəcə gülüş doğuran, böyüdükcə isə insanı həqiqətən düşündürən bir səhnə. Düşünürkən isə bu yaxında eşitdiyim bir sual yadıma düşdü.

"Niyə kitab oxumalıyıq?" O an, digər rəflərdəki kitablara baxaraq mən də özümə bu sualı verdim. "Həqiqətən də niyə?" Vərdişə görəmi? Bəlkə daha da elmli olmaq üçün? Bəlkə də həqiqətən də "Elşən" kimi təbiətin dilini başa düşmək üçün? Bəlkələr çox oldu. Sözsüz ki, biz oxuduğumuz kitablar sayəsində "Elşən" kimi üç günə təbiətin dilini öyrənməyə bilərik. Axı nağıl dili yüyrək olur. Bizim üçün isə bu üç gün illər, aylar ola bilər. Lakin zamanla oxuduğumuz hər bir kitabla biz böyüyür, biz oluruq. Özümüzü anlamağı, dinləməyı öyrənirik. Kim olduğumuzu, nə istədiyimizi, nə düşündüyümüzü anlamağa çalışırıq. Bunları öyrənmədiyimiz müddətcə isə "Həkim babanın kəməri" bizim də belimizə boş gəlir. Çünki özümüzü başa düşmədən ətrafdakıların da nə dediyini anlaya bilmərik.

Bütün bu sehirli aləmə baxdıqda kitabın qaydasını, yaranışını düşünmədən durmursan. Kitabın təkcə mətn və ya rəsm şəklində informasiya daşıyan vərəqlər toplusu yox, bütöv bir kainat olduğunu anlayırsan.

Bir qayda olaraq müasir kitablar - qalın və ya nazik cildli, əllidən çox səhifəsi olan çap məhsuludur. Lakin ayrıca nəşr kimi çapa verilmiş elm və ya ədəbiyyat əsərini də kitab adlandırmaq olar. Uşaq nəşrlərinə isə xüsusi diqqət yetirmək lazımdır. Onlar qeyri-ənənəvi forması, rəngarəngliyilə hər zaman fərqlənir və bəzən müxtəlif hissəciklərdən ibarət olur. Bundan başqa; ensiklopediyalar, lüğətlər, məlumat kitabçaları, məcəllələr, əlyazmalar, biblioqrafik göstəricilər. Bütün bunlar da kitab toplusuna aiddir. Kitab bu günümüzə çatana qədər çox dəyişikliklərə məruz qalmışdır. Biliklərin ötürülməsinin ən qədim növü-şifahi nitq olmuşdur. Sonralar yazı, illüstrasiyalar, şifrələr xüsusi vasitələrlə daş, gil lövhələr, metal, ağac qabığı, aşılanmış heyvan dərisi üzərinə işlənərək, kitab halına gətirilmişdir. Eramızdan əvvəl IV-III minilliklərdə qədim Misirdə yazı yazmaq üçün xüsusi bitkidən hazırlanmış papirusdan (xüsusi kağız) istifadə olunmuş, sonra isə Kiçik Asiyanın Perqama şəhərindən gətirilmiş perqament onu əvəz etmişdir. Qədim kitab dedikdə - qədim Ari (irandilli) xalqlarının dünya mədəniyyətinə bəxş etdiyi "Avesta", eləcə də on iki boyluq Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi "Kitabi Dədə Qorqud" buna nümunədir.

Müasir kitablar sırasında fərqliliyinə görə seçilən, son illər çox tələbat duyulan bir növ olan - elektron kitablar. Elektron kitab-artmaqda olan nəşr sayı (informasiya partlayışı) səbəbindən adi kitabların məzmununun internet səhifələrində, xüsusi CD və DVD daşıyıcılarında yerləşdirilməsidir. Bu cür kitabların həm mənfi, həm də müsbət göstəriciləri var. Məsələn, tədqiqatçıların fikrincə, elektron kitablardan oxunma sürəti çap növündən 10 faiz geri qalır. Bu səbəbdəndir ki, insanlar yenə də kitabın çap növünə üstünlük verir. Sözsüz ki, texniki səbəblərlə yanaşı, sağlamlıq faktorları da az rol oynamır.

Daha bir müasir kitab növü də audio-kitabdır. O, hər hansı bir əsərin və ya bütünlüklə kitabın bir şəxs, xüsusən də peşəkar aktyor və ya qrup tərəfindən səsləndirilməsidir. Bu cür kitabların səsləndirilməsi əksər hallarda musiqi ilə müşayiət olunur. Kitabın müsbət tərəfi oxumaq üçün hər hansı problemi olan insanların mütaliə ehtiyacını ödəməsidir. Mənfi tərəfi isə bu cür kitablarda musiqi faylının məzmunu üstələməsidir.

Kitablar həqiqətən də əvəzsiz bir sərvətdir. Bu sərvətinsə uzun illər, hətta əsrlər boyunca qorunub saxlanılması üçün onun cildliyinin və tərkib hissəsinin kimyəvi dəyişikliyini nəzərə almaq lazımdır. Kitablar daha çox günəş şüalarından uzaq, yarıqaranlıq, azacıq rütubətli məkanlarda saxlanılmalıdır.

Qədim zamanlarda şəxsi kitab kolleksiyası zadəganların və imkanlı adamların, eləcə də kilsə və universitetlərin üstünlüyü sayılırdı. Lakin sonralar qalın, yaraşıqlı cildlərin nazik, kağız üzlüklərlə əvəz olunmasıyla bu vərdişlərə maraq azalmışdır.

Bu gün hər kəs maraq dairəsinə, imkanlarına görə kitabın müxtəlif vasitələrindən istifadə edərək lazımi informasiyanı alır. Bəs görəsən, bir anda bu kitablardan istifadə etmək imkanımız olmasa necə olar? Məhz bu zaman amerikalı yazıçı Rey Bredberinin yaxın gələcəyi özündə əks etdirən elmi-fantastik janrda yazdığı "Farenheyt üzrə 451 dərəcə" romanındakı insanlar, cəmiyyət yada düşür.

Əsər, ədəbiyyatı qadağa altında olan bir cəmiyyətdən danışır. Burada gizlədilən kitablar, onlarla bərabər isə yaşayış evləri yandırılmağa məhkumdur. Belə ki, kitabların məhv edilməsi daha xöşbəxt cəmiyyət formalaşdıracaqmış. Fikir ayrılığı olmayacaq, heç kəs bir-birindən ağıllı olmayacaq və qonşusundan seçilməyəcəkmiş. Neqativ fikirlərdən uzaq olacaqmış. Onlar sadəcə saysız seriallar və verilişlərlə əylənəcək və zamanlarını "səmərəli" istifadə edəcəklərmiş. Əsərdə hətta "ölüm" də sadələşdirilmişdir. Yandırılmış cəsədlər tez bir zamanda heç kəsi narahat etməmək üçün aradan qaldırılır. Beləliklə, həyat yenə də öz şən, qayğısız vəziyyətinə qayıdır.

Bəlkə hazırda hələ kağızın alışması üçün 451 Farenheyt temperaturu araşdırılmır. Qay Monteqlərə, Klarislərə ehtiyac duyulmur. Lakin zamanla yazılan kitablar rəflərdən, bəlkə də heç oxunmadan qutulara yığıldıqca, evlərimizin bir köşəsinə artıq yük kimi saxlandıqca, bir növ bu əsərdəki kimi yandırılmışa bərabərləşir. Bu "alovda" isə sadəcə vərəqlər toplusu olan kitab yox, bir sərvət yandırılmış olur. Bunun fərqinə varmaq üçünsə, yəqin ki, azacıq da olsa Liesel olmaq lazımdır. Avstraliyalı yazıçı Markus Zusakın "Kitab oğrusu" romanındakı qəhrəmanı Liesel. Kitabı sevən, onun uğruna həyatını riskə atan balaca qızcığaz.

İkinci Dünya müharibəsi dövründə ölümün dilindən təsvir edilən bu əsərdə balaca qızcığaz Liesel cismən sağ qalmaq üçün yox, ruhunun yaşaması üçün oğurluq etmişdir. Kitab oğurluğu. Bir əsərdə kitab ancaq bu qədər gözəl oxucuya sevdirilə bilərdi.

Bu düşüncələrlə zamanın necə keçdiyini hiss etməmişdim. Saata baxıb əlimdəki kitabı rəfdəki yerinə qoydum. Otaqdan çıxdım. Özümdən asılı olmayaraq qapının arxasında bir anlıq ayaq saxladım. Sanki kitabların qəhrəmanları, əbədi sakinləri üsulluca öz sətirləri arasına toplaşmış, otaqda yenə də sükut yaranmışdı.

 





31.05.2019    çap et  çap et