525.Az

Tanıyaq və tanıdaq: Hadi Qaraçay


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Hadi Qaraçay </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad,
Filologiya elmləri doktoru

Hadi QARAÇAY

"1966-cı ildə Güney Azərbaycanda fars rejiminin "Siyəhrud"laşdırdığı Suyarı kəndində doğulmuşam. Dilimizin gözəlliklərinin vurğunuyam.

Öz dilimdə oxul görmədim, kino görmədim, kitab görmədim. Öz dilimdə yalnız anamın nağıllarını dinlədim bütün uşaqlığım boyunca. Gəncliyimdə qoşuğun axıcılığı, səslərin uyuşumu məni özünə çəkdi. Əlim yazmağa gəldi. Öz dilimdə yazmağın dadına vardım. Sevdim... sevdim ... sevdim... bu dili, bu yazını, bu ədəbiyyatı...

İlk bitiyimin adı "Beçələr banlayanda" oldu. Haradasa 1990-cı ildə Təbrizdə özümün əlyazmamla, kopi olaraq bir neçə yoldaşımla yaydıq. Sonralar 1995-ci ildə Almaniyada bir neçə daha yeni qoşuqla birlikdə elə ilk adıyla basdırdım. İkinci bitiyim "Badamlıqlar" oldu. 2005-ci ilin mayındə basıldı. Üçüncüsü isə yenə Tərbizdə, yenə İSBN-siz, gizli olaraq Ulusal savaşımızın sevimli adı olan Səid Mətinpura sunulmuş qoşuqlarımla birlikdə basılıb yayıldı. "Tamudan gələn səslər" adlandırdığım bitiyin bütün işləri sevgili yazar, gözəl gündəc (qəzet) yazarı Ramin Cabbarlının üzərində olub. Hələlik diriyəm, Norveçdə yaşayıram.

Yaşamı, bütün çatışmazlıqlarıyla sevir, onu bütün insanlarla,  özəlliklə Güney Azərbaycan insanıyla ədalətli paylaşmaq üçün savaşıram. Qoşuğumun da, özümün də qayğım insanın özgür, dinc, barışcıl bir ortamda yaşamasıdır".

(Öz bioqrafiyasını qısaca bu şəkildə təqdim edən şairin "Barışa inanma, Fərihcəm!.." adlı kitabı (Ön söz yazarı və nəşrə hazırlayan Esmira Fuaddır) 2017-ci ildə Bakıda nəşr olunub) 

Unutmayın

Unutmayın,
öldüyünüz gün
hardasa hansıysa bir at
yer titrəyibmiş kimi kişnəməyəcək...
Unutmayın,
öldüyünüz gün
ağaclar anımsamayacaq,
buludlar qara geyməyəcək,
haçansa, hardasa suyundan içdiyiniz bulaq
gözlərinizin aynasını anmayacaqdır...
Unutmayın, ən sevimli varlıq insandır.
Unutmayın, ən dəyərli əllər insan əlləridir,
özəlliklə də yoldaş əlləri...
Qonaq göydənmi gəldi,
yerdənmi çıxdı, bilmədik.
Qalın qırışılı alnında Tanrı damğası,
əlində min dörd yüz ildən qalma
müqəddəs bir bıçaq.
Boylu qadınların ciyərlərini xımırtlayaraq
gəzir sol döşü sağ çiynində.
Al arvadını deyir,
sol döşü sağ çiynində.
Bir qaravaş
elə nə sorarsan, arkadaş.
Ayaqlarda barmaq,
barmaqlarda dırnaq qoymadı,
Tanrının min dörd yüz illik mərhəmət əli...
Güllə sözdən, bıçaq dildən kəsərli.
Və edam dirəkləri ormandan sıx,
daş bağlı,
it açıq.
İştə biz böylə yaşadıq.

Düş

Səni sevmək,
səni itirmək
sevdanın sonu deyilmiş anam.
Torpaq yaşıllığı sevir,
çiçək günəşə vurğundur.
Və göyərçinin yaşıl gözündə
eşq buğdanın qızartısıdır.
Başın ananın dizində,
yuxuların ən ağırı gözlərində
dərinlərə götürdün sonuncu köçü...
Dincəl...
Dincəl...
Dincəl... 
Səni incitməyəcək dizlərindəki sancı, 
Biri varmış, biri yoxmuş kimi,
Uşaqlıq illərin başlayır indi.
Götürdüyün ən qısa mürgünün üzü sonsuzluğa
qar yağar üşüməzsən,
gün vurar yanmazsan...
Və bu gündən başladığın düş sona erməz.
Gözlərini yum,
adımızı unut,
evimizi, köyümüzü unut... 
Və buradan apardığın ürəyimizin yaşıllığını torpağa ver... 
Baxıram
yaşıllığı sevir səni qucaqlayan torpaq,
Çiçək günəşə vurğundur
və hanalı dırnaqlarına bənzər kəhlik dimdiyində
mürgüsü sonsuzluğa gedən insan səsi var...

Tanıdığım qadın

Bir qadın tanıyıram buralardan uzaqda...
Bir qadın tanıyıram buz bağlamış əllərində
buz parçası...
Baxammaz kül olmuş Günəşə,
kömür buludların pozuq köynəyindən.
Bir ev tanıyıram,
buralardan uzaqda bir ev tanıyıram.
Astanasında əkdik ürəklərimizi
və günəşə uzanan yollarında qollarımızı.
Nə astanasında günəş bitdi,
nə yollarında işıq bitmədi.
Bir orman tanıyıram,
buralardan uzaqda bir orman tanıyıram.
Vıyıl-vıyıl əsər qaranlıq döşlərində duz küləkləri,
harayları sinəsində dustaq,
Mavi baxışları göz çanağında.
Bir qadın tanıyıram,
buralardan uzaqda bir qadın,
qara gözlərində həsrət günəşi.
Bizdə hər ev qoruqçusu bilinməyən zindandır
və hər qapı ölümə açılan bir cığırbaşı!
Gecələr yel qonaq gəlir qamışlığa
və gündüzlər
Günəş altında ölüm mahnısı oxuyur mızraqlar.
Ah, ey eşidən qulaqlar!

Əski mahnı
 
Hələ il doğmamışdı.
Ay da doğmamışdı.
Biz hardan başlandıq?
Meşələrdə günəşin yaşıl işığındanmı?
Ağacla mamırın gömgöy öpüşməsindənmi?
İlk sözümüz nə olmuşdu, yadındamı?
Sonra sarmaşıqlardan tutub endik.
Endik dünyanın quyusuna
Uçan atların belində
İşıqlıqdan və qaranlıqdan keçdik,
Sulardan, qurulardan keçdik,
Ölümdən-dirimdən keçdik.
Dedik "dünya qurtardı,
quyunun dibi buradır".
Sən saçlarının bulaşığını sildin,
Mən qılıncımın qanını
Sən gözlərinin gölü tək duruldun,
Mən atımın kişnərtisi tək.
Azıxın dodaqlığında,
Bayat qızı, ilk sözümü dedim sənə.
Günəşdə qırmızı,
Meşədə yaşıl,
Dənizdə sevginin mavi işığına baxdıq.
Baxdıq, bilmədik
Dünyamı bizdən başladı,
Bizmi dünyadan?!

***

Gecənin ay işığıynan çağırdın məni
Ürəyimdə dözümsüzlüyün acı gözləri
Əllərimdə görüş arzusunun ürək döyüntüsü...
Tikanlı cığırlarla gəldim
Mən zirvələri öpdüm,
Zirvələr ayaqlarımın altını.
Sən,
Gözlərində iki ulduz,
Döşlərində qızıl alma,
Saçlarında sarı sünbül
Hansı cığırla yendin ki görmədim?
Qayıtdım.
Yuxusuz ağaclardan soruşdum
"Görmədik" dedilər.
Gözləyişli yollardan soruşdum
"Görmədik" dedilər.
Xızrın yaşıl köynəyinin qoxusuna gəldim
Səhərin ağ köynəyi əynində
Ulduzlar dərili,
Sünbüllər biçili,
Almaları yeyilmiş gördüm.
Neçə ildir gecələrimin nağılları eynidir...
Gecənin ay işığıynan çağırar məni
Ürəyimdə dözümsüzlüyün acı gözləri...
Sonra tükənməyən tikanlı yollar
Hey, hey... oyaqlıqda gördüyüm yuxular...

***

Söyləmə,
Yox, mənə demə sevmədiyini.
Sevgi dolaylarında
Çıxmaz küçələrə çıxmaq çətin
Buludsuz əsin kimi əssən,
Yağışsız bulud kimi gəlsən yetər.
Söyləmə!
Mənə sevmədiyini heç vaxt söyləmə.

***

Nə zamandır görüşmürük.
Aramızda kəndlər çoxaldı,
Aramızda şəhərlər artdı
Və yollar uzandıqca uzandı aramızda,
Günlər isə aşdılar illəri birər-birər...
Nə uzun zamandır görüşmürük bəbəyim!
Son görüşümüz harda qaldı?
Hansı daşın üstündə,
Hansı ağacın kölgəsində
Və hansı yağış sildi
İncə barmaqlarıyla qoşa gedən ayaq səslərimizi?

Yaz

Özgürlük
evdə deyil,
xəstəxanada deyil,
xiyavanlarda doğulur...
özgürlük,
nədənsə bütün beyinlərdə qan rəngində qalır.
polis maşınlarının səsində gəlir,
ambulanslarda gedir
özgürlük yaralı oğlanın
qız yoldaşına son baxışında gülür
özgürlük gündə min yol,
gündə min yol ölüb-dirilir özgürlük!
Özgürlükmü soruşdun oğlum?
özgürlük açıqlanılmır,
özgürlük yaşanır!

 





31.05.2019    çap et  çap et