525.Az

Şair olmaq zülümdür? - Şəhla Aslan


 

Şair olmaq zülümdür? - <b style="color:red">Şəhla Aslan </b>

"Böyüyəndə kim olacaqsan?" Bu sualı uşaq vaxtımızda nə qədər eşitmişik, dönə-dönə özümüzdən də soruşmuşuq. Cavabı isə gah dilimizdə, gah qəlbimizdə olub, özü də növbə ilə dünyanın bütün peşələri bizi cəlb eləyib.

Sən demə, ağlagəlməz bir peşə də var imiş... Kitabçılıq. Hə, bir də ayıldım ki, harada işləsəm də, əsas məşğuliyyətim kitabdır. Kitab yazıram, kitab oxuyuram, kitab yazanlarla, kitab oxuyanlarla söhbət edirəm və bunlar məni daim səsləyən, maraqlandıran, vaxtıma məna qatan işdir. Onu da bildim ki, ömrümün axırına qədər belə olacaq. Uşaq çağlarımdan evimizdəki ən qiymətli şey kitablar olub. Köhnəlmiş, qıraqları saralmış, latın və əski əlifba ilə yazılmış köhnə kitablar xüsusi diqqətlə qorunurdu və... və İbrahim İlyaslı mənə kitab hədiyyə edəndə nəzərimi cəlb edən ilk şey kitabın sadə dizaynı oldu. Səhifələrə köhnəlmiş, qıraqları saralmış qədim kitab görüntüsü verilmişdi. Bəlkə də belə tərtibat rəssam Nəvai Mətin Məmmədoğlu tərəfindən təsadüfi seçilmişdi, amma mən onu bu kitabın adı yox, uzun illər boyu dönə-dönə oxunmuş həmin kitablardan biri olduğuna müəllif iddiasının simvolu kimi qəbul elədim. Olsun! Amma avtoqrafda oxuyuram: "...İçərisində şeirlər də vardır... Aşağısı 4-5 dənə". Təvazökarlıqmı, yoxsa yenə də simvolik iddia? Demək çətindir. Məni hələ 200 səhifəlik bir kitabda cəm olunmuş şeirlər, daha doğrusu, müəllifin təbirincə desək, Tanrının möcüzəsi olan ağaca, daşa, suya, oda yazılmış məktublar gözləyir. Bir də ki, imzanın özü çox şeylər pıçıldayır beynimə: İbrahim İlyaslı. Doğru ilə yalanın, haqq ilə batilin, sənətlə saxtalığın, "şairlə olmaqla şeir qoşmayın" sərhədlərinin itdiyi bir dövrdə hamının səni şair kimi tanıması, qəbul etməsi asandır bəyəm? Əslində, həmişə belə olub. Sözün düzü çətinliklə qəbul olunur, hamının xoşuna gələn sözlər isə dayaz olur. Əsl şeir güclə özünə yol açır. Füzuli də şeirə qiymət verməyən zəmanədən gileylənə-gileylənə "Leyli və Məcnun"u yazırdı:

Bir dövrdəyəm ki, nəzm olub xar,
Əşar bulub kasadi-bazar.
Ol rütbədə qədri-nəzmdir dun,
Kim, küfr oxunur kəlamü-mövzun.

Şeirləri oxuyanda çox yerdə dayanıb düşünməli olursan. Bir şeirdə bir neçə mətləb vardır. Bəzən öz-özümə deyirəm ki, bu şeiri verəsən filankəsə, deyəsən misraların, sözlərin hərəsinə bir şeir yazmaq olar, əgər yaza bilərsənsə, al işlə, yenə də bir kitab çıxart. Ya da ki, neçə-neçə şeir kitabı çıxmış belə şairlərdən birinin yaxasında tutub deyəsən: "Ayə, sən şair adamsan axı. Sən bilərsən, "Yarpaqlar qovuşur haqqa, Yalan çözdü; xəzəl olur" nə deməkdir?" Yəqin ki, deyəcək boş sözlərdir. Yarpaq haqqa qovuşar? Belə demək günahdır, yarpaqdır da, quruyur, çürüyüb torpağa qarışır.

Ya da ki, "Tale eşqi yetirmir ha, Eşq taledən əzəl olur". İndi gəl sübut elə ki, tale nə vaxt yaranıb, eşq nə deməkdir, niyə taledən əvvəl yaranıb. Üç bəndlik bir qoşmanın o biri bəndində isə şair lap "ağ eləyir". Yazır ki:

Gözəl günlərin yolunu
Gözlədikcə gözəl olur.

Vallah, mən bilmirəm İbrahim İlyaslı psixoterapeyanın son nailiyyətləri barədə yazılan kitablardan, yaxud İslam fəlsəfəsindən bəhrələnərək belə deyir, ya heç özünün də xəbəri olmur, elə şair olduğu üçün bir də görür ki, demişəm. Yəqin ki, şairliyindən irəli gəlir, yoxsa onun vaxtı hardaydı bir gün belə, bir gün elə hökm edən ingilis psixoloqların yazdıqlarını bitdə-bitdə oxuya. Amma şair, gözün aydın olsun ki, indi artıq bütün Avropa tale haqqında, alın yazısı, uğur, bədbəxtlik və sair barədə bu cür qənaəti qəbul etməyə məcbur qalıblar. Yəni necə fikirləşirsənsə, elə o cürsən, daha doğrusu, o cür olacaqsan. Başqa sözlə, "Gözəl günlərin yolunu, gözlədikcə gözəl olur". Bu misraların tam psixoloji və fəlsəfi açımı sırf elmi həqiqətlərə söykənir və nə vaxtsa bu barədə fikirlərimi qələmə almaq niyyətindəyəm. "Bir gülnən bahar olmaz!" deyən atalar bizə həqiqəti anlatmağa çalışıblar. "Bir gülnən də bahar olur" deyən İbrahim İlyaslı da həqiqətə üz tutur, amma başqa tərəfdən. Nəticədə də yeni düşüncə tərzi yaranır:

Gül sevdalı bir oğluyla
Bir ölkə laləzar olur. 

Və ya: 

Kimiydi Mövlana, Yunus?
Təkcə onları bil və sus...

Oxucu yeni fikir burulğanında artıq özünü qüdrətli hiss edir və təkbaşına olsa da, hansısa müqəddəs missiya uğrunda ayağa qalxmağa təpər hiss edir.

"Qayğına bələnib yatma, "Qanına bələn!" vaxtıdır". Adamın ürəyindən tikan çıxarır bu misralar. Dərdə-qəmə, qayğıya batıb nə vaxtacan "Qarabağ!" deyib sızlayacağıq? Birdəfəlik ayağa qalxıb, qanımıza bələnib hücuma keçməliyik, bəli.

"Su axar, çuxuru tapar" - deyib aqillərimiz. Bəs:

Axıb tapmayanda öz çuxurunu,
Harda veyillənir sular, bilirəm,

- deyən şair bu bildiyini bizə də bildirir. Məgər qoyurlar suyu öz xoşuna, lazım olduğu yerə axsın? Vallah, bu dünyada elə çoxbilmişlər var ki, suyu dik dağa dırmaşmağa məcbur edirlər. Onu deyən atalar səbr etməyi, "Haqqın nazildiyini, amma üzülmədiyinə" inanmağı tövsiyə etsələr də, indi haqqı lap yoğun yerindən elə üzürlər ki, məəttəl qalırsan. Quyuya su tökməklə dolmadığını bilirdik, amma qabiliyyətsiz, ləyaqətsizlərin iş başında cövlan etdiyini görəndə şairin: "Uca zirvələri enən görürəm, Dibsiz quyuları "dolar" görürəm" - təəssüfü bizim də qəlbimizi göynədir.

Mən Qarabağ həqiqətlərinə Qərbin, xüsusən də bu problemi həll etməyə məsul olan ATƏT-in laqeydliyi, biganəliyi barədə hiddətlənəndə hər dəfə bu misralar pıçıldayır qəlbimdə:

Haqq ilə nahaqqı ayırd eləmək
Karlara, korlara, şillərə qaldı.

Həqiqətən də, şairin missiyası elə budur. Əgər oxucu fikir dünyasında burulğana düşübsə, onun dadına çatan bu aforizmlər, nəzmə çəkilmiş müdrik fikirlər, ürəyə su kimi axan, oxucunun dərdinə şərik olan misralar çatır. Belə misraları yazan müəllif isə xoşbəxt şairdir. İbrahim İlyaslının öz etirafına görə, kitabda ən azı 4-5 əsl şeir olmalıdır. Bunu təvazökarlıq kimi də, bir az da iddialı fikir kimi də yozmaq olar. Mən isə kitabı, elə kitab kimi oxuyub sona çıxanda dərk elədim ki, şeirlərin heç birini sakitcə oxumaq, birini o birindən üstün hesab etmək mümkün deyildir. Ürəyini qanada-qanada yazıb bunları, bəlkə də elə buna görə misralar qanad-qanada cövlan edir xəyallarımızın fəzasında.

Nəhayət, son vermək və kitabı bir daha oxumaq üçün tələsirəm. Kim istəməz ki, daha çox həzz alsın. Bir həqiqəti isə qeyd etməyə bilmərəm. Bu kitab təptəzə olsa da, evimizdəki 50-60 il yaşı olan, qıraqları saralmış həmin kitablarla yaşıd kimi bir sırada qorunacaq. Qoy onlarla dərdləşin, söhbət eləsin. Axı burada da həmin dərddir, həmin qayğılar, həmin xəyallar oyanır, vəsf olunur.

Şəkillənir qələmimdə,
Doğulmamış bir adam.
Mən şair deyiləm, yavrum,
Mən bir dəli rəssamam.

 





31.05.2019    çap et  çap et