525.Az

Neft Fondu "Uğurlu səhm seçimi" müsabiqəsinin qaliblərini mükafatlandırdı


 

Neft Fondu "Uğurlu səhm seçimi" müsabiqəsinin qaliblərini mükafatlandırdı<b style="color:red"></b>

Dünən Azərbaycan Respublikası Dövlət Neft Fondunda tələbələr arasında keçirilən "Uğurlu səhm seçimi" ("Stock Pitch") müsabiqəsinin final mərhələsi baş tutub.

Fonddan verilən məlumata görə, müsabiqəyə 11 universitetdən 63 komanda müraciət edib. Mayın 24-də keçirilən yarımfinal mərhələsində iştirak imkanı əldə edən 8 komandadan 4-ü finala vəsiqə qazanıb.

Müsabiqə zamanı komandaların təqdimatları, investisiya seçimi və analitik təhlil bacarıqları, eyni zamanda, sual-cavab hissəsinə hazırlıqları münsiflər heyəti tərəfindən dəyərləndirilib.

Münsiflər heyətinin qərarı ilə "Stockholmers" (Bakı Mühəndislik Universiteti) komandası müsabiqənin qalibi olub. "Blue Chip" (Azərbaycan Dövlət İqtisad Universiteti), "Intangibles" (Xəzər Universiteti) komandaları isə müvafiq olaraq II və III yerləri tutub.

I yerə 5000 AZN, II yerə 3000 AZN və III yerə isə 1000 AZN mükafat verilib. Bundan başqa, finalda iştirak edən komandaların üzvlərinə sertifikatlar təqdim edilib və müsabiqədə fərqlənən iştirakçılar fondda təcrübə keçmək imkanı qazanıblar.

Qeyd edək ki, "Stock pitch" səhm üzrə investisiya ideyasının xülasəsidir. Bu yarışmada iştirakçı komandalardan əsas tələb müvafiq xüsusiyyətlərə uyğun səhmin seçimi, həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi və təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim edilməsi olub.

C.ABASOV

 





31.05.2019    çap et  çap et