525.Az

Tahir Salahov yaradıcılığı “Əsrlərin qovşağında”


 

Tahir Salahov yaradıcılığı “Əsrlərin qovşağında”<b style="color:red"></b>

Heydər Əliyev Mərkəzində məşhur rəssam Tahir Salahovun “Əsrlərin qovşağında” adlı fərdi sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak edib.

Açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgi haqqında məlumat verib: “Heydər Əliyev Mərkəzi son vaxtlar nüfuzlu beynəlxalq tədbirlərin, simpoziumların, konfransların keçirildiyi məkana çevrilib. Mərkəzdə bir çox sərgilər təşkil edilib. XX əsrin məşhur rəssamı Endi Vorholun Heydər Əliyev Mərkəzində keçirilən “Həyat, ölüm və gözəllik” sərgisini on mindən artıq insan ziyarət edib. Xalq rəssamı Tahir Salahovun fərdi sərgisinin açılması məhz görkəmli fırça ustasının 85 illik yubileyinə təsadüf edir”.Görkəmli rəssamı əlamətdar yubileyi münasibətilə təbrik edən Anar Ələkbərov bildirib ki, bundan sonra da onun əsərlərinin təqdim olunmasında, geniş ictimaiyyətə çatdırılmasında əllərindən gələni əsirgəməyəcəklər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov Tahir Salahovun yaradıcılıq üslubundan, dünya şöhrətli fırça ustasının Azərbaycan incəsənətinə verdiyi töhfələrdən danışıb.

Mərasim iştirakçılarına dərin təşəkkürünü bildirən yubilyar Tahir Salahov deyib: “Belə bir məkanda sərgimin təşkilindən çox həyəcanlanıram. Heydər Əliyev Mərkəzində sərginin təşkili mənim üçün böyük şərəfdir. Mən bu gözəl sarayda fərdi sərgimin açılmasından öz yaradıcılığım üçün böyük impuls alıram. Bu sərgini xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edirəm. Çünki 2013-cü il ulu öndər Heydər Əliyev ilidir. Başqa cür ola da bilməz”.

Sonra mərasim iştirakçıları sərgiyə baxıblar. Sərgidə məşhur fırça ustasının müxtəlif dövrlərdə, eləcə də son illərdə çəkdiyi 100-dən çox əsər nümayiş etdirilir. Onların sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, həmçinin Qara Qarayev, Dmitri Şostakoviç və Mstislav Rostropoviçin portretləri, “Sənə bəşəriyyət”, “Aydan”, “Neftçinin portreti”, “Alagöz – Şərq əfsanəsi”, “Aydan – Şərq ulduzu”, “Odlar yurdu” triptixi –“Atəşgah”, “Xəzər bu gün”, “Qız qalası” və digər məşhur əsərləri də yer almışdır. Sərgidə, həmçinin Tahir Salahovun ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənən işləri də vardır. Ekspozisiyada rəssamın həm tabloları, həm də rəsmlərinin xalça versiyası təqdim olunur.

Tahir Salahovun 85 illik yubileyi ərəfəsinə təsadüf edən bu sərgi Heydər Əliyev Mərkəzinin Azərbaycan rəssamları ilə bağlı həyata keçirdiyi ilk layihədir. Bu layihə Azərbaycanın klassik rəssamlıq ənənələrinin yaşadılmasına, tanıdılmasına xidmət edir.

Sərgi noyabrın 6-dək davam edəcək.

Dünya şöhrətli rəssamın “Neftçi”, “Estakada”, “Neft daşları”, “Neftçinin portreti”, diplom işi olan “Növbədən gələnlər” əsərləri təkcə sənət adamlarının deyil, sadə insanların da marağına səbəb olur. Tahir Salahov rəngkarlıqda “sərt üslub” adlanan istiqamətin əsasını qoyanlardan biri olub. Bu üslub sanki Stalin dövrünün sərt qaydalarına etiraz forması idi.

Tahir Salahov Azərbaycan və Rusiyanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, bir çox dövlət mükafatlarının laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentidir.

O, iyirmidən çox xarici akademiya və yaradıcılıq təşkilatının – Fransa İncəsənət Akademiyası, San-Fernando İncəsənət üzrə İspaniya Kral Akademiyası, UNESCO yanında Plastik İncəsənət üzrə Beynəlxalq Assosiasiyanın fəxri prezidenti, Avstriya, Almaniya rəssamlar ittifaqlarının fəxri üzvü, Billinqz şəhərinin və Montana ştatının fəxri vətəndaşı və Mədəniyyət və Təhsil Fondunun üzvü, Tirenton və Santa-Fe şəhərləri, Nyu-Cersi və Nyu-Mexiko (ABŞ) ştatlarının fəxri vətəndaşı, Qırğızıstan, Qazaxıstan rəssamlıq akademiyalarının həqiqi üzvüdür. Dinlərarası sülhün möhkəmləndirilməsində xidmətlərinə görə Rus Pravoslav Kilsəsinin “III dərəcəli Şöhrət və Şərəf” ordeni ilə təltif edilib. Rəssam 2008-ci ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Heydər Əliyev” ordeni ilə təltif olunub. Tahir Salahov 2012-ci ildə Rusiya Federasiyasının dövlət mükafatlarına layiq görülüb.

S.ABDULLAYEVA

 





03.10.2013    çap et  çap et