525.Az

"Mədəniyyət"in "Afişa" əlavəsinin iyun sayı çıxıb


 

"Mədəniyyət"in "Afişa" əlavəsinin iyun sayı çıxıb<b style="color:red"></b>

İyun ayı bir qayda olaraq teatrlarda sənət mövsümünün son premyeralarının oynanıldığı, teatr truppalarının, eləcə də əksər konsert müəssisələrinin, yaradıcı kollektivlərin hamı kimi yay istirahəti barədə düşündüyü və təbii ki, qarşıdakı yeni mövsümlə bağlı planların gözdən keçirildiyi aydır. Lakin hələ paytaxtdakı sənət ocaqlarının istirahətə çıxmasına bir qədər var və iyun ayının afişası da müxtəlif təqdimatlar, tamaşa, konsert, sərgi və digər tədbirlər baxımından dopdolu və zəngindir.

Bu zənginliyi və tədbirlər bolluğunu "Mədəniyyət" qəzetinin "Afişa" əlavəsinin yeni çapdan çıxan iyun buraxılışında da görmək mümkündür. Üstəlik, iyun ayı təqvimdəki bayramlar və əlamətdar günlərlə yanaşı, bu il həm də ikigünlük Ramazan istirahəti ilə yadda qalacaq. Deməli, mənalı istirahət istəyi ilə bu dəfə "Afişa"nı daha diqqətlə gözdən keçirib paytaxtın incəsənət həyatında nəyin harada və nə vaxt olacağını öyrənməyə dəyər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq çap olunan və Bakı şəhərinin mədəniyyət ocaqlarının aylıq repertuarı, təqdimatları barədə məlumatları əks etdirən "Mədəniyyət+Afişa" nəşri mədəniyyət ocaqlarında sakinlər, eləcə də şəhərin qonaqları arasında pulsuz yayılır, həmçinin, "ASAN Xidmət"in dəstəyi ilə vətəndaşlara təqdim edilir.

"Afişa" əlavəsinin iyun buraxılışında ay ərzində Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima, Marionet teatrlarında göstəriləcək tamaşalar, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrı və digər məkanlarda təqdim olunacaq konsertlər, Nizami Kino Mərkəzində nümayiş olunacaq yeni filmlər, Heydər Əliyev Mərkəzi, muzey və qalereyalardakı sərgilər barədə ətraflı məlumat almaq mümkündür. Nəşrdə teatrlardakı tamaşaların nümayiş günü və saatı ilə bərabər, ayrı-ayrı səhnə əsərlərinin mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, həmçinin, konsertlər, filmlər, sərgilər və s. barədə anons-informasiyalar da verilib. 

"Mədəniyyət" qəzetinin "Afişa" əlavəsinin yeni sayı 31 may tarixindən  paytaxtdakı 1, 2, 3 və 5 saylı "ASAN Xidmət" mərkəzlərində, eləcə də Bakı şəhərindəki teatr-konsert müəssisələrində vətəndaşlara, sənətsevərlərə təqdim olunur. Bundan əlavə, nəşrin iyun buraxılışını M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxucuları da əldə edə bilərlər.

Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan qəzetdə hər kəs öz zövqünə, maraq dairəsinə uyğun mədəni istirahət məkanı, istədiyi günə, saata uyğun tamaşa, konsert, film, sərgi seçərək vaxtını səmərəli dəyərləndirə bilər.

Nəşrin məqsədi ictimaiyyəti, sənətsevərləri paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkili üçün bu müəssisələrin fəaliyyətinə informasiya dəstəyi verməkdir.

 





02.06.2019    çap et  çap et