525.Az

Özbəkistanda "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri"


 

Özbəkistanda "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" <b style="color:red"></b>

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə iyun ayının birinci ongünlüyündə bu ölkədə "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirlər çərçivəsində Özbəkistanın Sırdərya Vilayətinin mərkəzi Gülüstan şəhərindəki Əlişir Nəvai adına mərkəzi parkda "Azərbaycan! sənsən mənim ülviyyətim" adlı kitab, suvenir, milli libaslar sərgisi təşkil olunacaq.

AMM-nin və Sırdərya Vilayət Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi parkda geniş konsert proqramı təqdim ediləcək. Konsertdə Azərbaycanın Əməkdar artistləri Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov xalq mahnıları və təsniflərimizi, Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edəcəklər.

Tədbirlər çərçivəsində Sırdərya Mərkəzi parkında Azərbaycan milli geyimlərinin dəb sərgisi də nümayiş olunacaq.

Mədəniyyət tədbirləri Özbəkistanın Sənət və Mədəniyyət İnstitutunda "Sən yaşa Vətən" adlı dostluq konserti ilə davam edəcək. Bu konsertdə də Əməkdar artistlər Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynov milli musiqilərimizi ifa edəcəklər. Proqramda Azərbaycan sənətçilərinin birgə dueti, habelə Özbəkistanın "SOQDİANA" xalq çalğı alətləri ansamblı ilə birgə çıxışları nəzərdə tutulub.

Özbəkistanda "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri"nin davamı olaraq ədəbiyyat sahəsində də bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu il yüz illiyini qeyd edən Özbəkistanın "Turan" kitabxana-informasiya mərkəzi ilə AMM arasında əməkdaşlığa dair Memorandumun imzalanması, kitabxanada "Azərbaycan" fondunun yaradılması nəzərdə tutulub.

Bundan başqa, Özbəkistan Yazıçılar Birliyində "Azərbaycan ədəbiyyatı özbək dilində" adlı sərginin açılışı da planlaşdırılır. Sərgidə AMM-nin layihəsi ilə son 5 ildə Daşkənddə özbək dilində işıq üzü görən kitabların Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat sahəsinin mütəxəssislərinə, ictimaiyyət nümayəndələrinə təqdim ediləcək.

Bundan başqa, Özbəkistan Yazıçılar Birliyində tanınmış Azərbaycan yazıçısı, türkoloq alim Yunus Oğuzun Aprel döyüşlərinə həsr etdiyi və özbək dilinə tərcümə olunmuş "Ovçu" romanının Daşkənddə təqdimatı keçiriləcək.

 





02.06.2019    çap et  çap et