525.Az

"İçərişəhər" Muzey Mərkəzinin fonduna yeni eksponatlar verilib


 

"İçərişəhər" Muzey Mərkəzinin fonduna yeni eksponatlar verilib<b style="color:red"></b>

Mayın 31-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Respublika Günü münasibətilə kolleksiyaçı numizmat, Əməkdar mühəndis Rövşən Əhmədov tərəfindən "İçərişəhər" Muzey Mərkəzinin fonduna 4 ədəd dəyərli sikkənin hədiyyə olunması ilə bağlı tədbir keçirilib.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə "İçərişəhər" Muzey Mərkəzinin direktoru, incəsənət üzrə fəlsəfə doktoru Əminə Məlikova çıxış edərək tədbirin əhəmiyyətindən söhbət açıb.

Daha sonra Muzey Mərkəzinin direktor müşaviri Gülnar Əliyeva, numizmat Rövşən Əhmədov məruzələrlə çıxış ediblər.

Tədbirdə Rövşən Əhmədov "İçərişəhər" Muzey Mərkəzinin ekspozisiyalarının təşkil olunmasında yaxından iştirakına görə "Muzeyin dostları" klubuna üzv seçilərək "Qızıl kart" və təşəkkürnamə ilə təltif olunub. Həmçinin "İçərişəhər" Muzey Mərkəzinin fonduna 2008-2019-cu illərdə hədiyyə olunmuş daxıllardan ibarət minisərgi nümayiş etdirilib və videoçarx göstərilib.

Qeyd edək ki, əksər məşhur dünya muzeylərində tətbiq olunan "Muzeyin dostları" klubu 2019-cu ildə "İçərişəhər" Muzey Mərkəzinin təşəbbüsü ilə yaradılıb. Klub cəmiyyətə xidmət edən təşkilat kimi muzeyin təşviqinə və inkişafına yardım edir. Kluba üzv olan şəxs elm və mədəniyyət arasında qarşılıqlı faydalı işlər apararaq, tarixin qorunmasına yardım istiqamətində "İçərişəhər" Muzey Mərkəzinin fəaliyyətini dəstəkləyir. Bu kluba üzv olaraq "Qızıl kart" əldə edən şəxs ömürlük, "Gümüş kart" əldə edən şəxs isə bir il müddətində "İçərişəhər" Muzey Mərkəzinin bütün muzey ekspozisiyalarına daxil olmaq, eləcə də tədbirlərində iştirak etmək hüququnu qazanır.

 





02.06.2019    çap et  çap et