525.Az

"Nəsimi humanizminin ümumbəşəri əhəmiyyəti" mövzusunda məruzə


 

"Nəsimi humanizminin ümumbəşəri əhəmiyyəti" mövzusunda məruzə <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Nəsimi humanizminin ümumbəşəri əhəmiyyəti" mövzusunda elmi məruzə ilə çıxış edib. 

Akademik bildirib ki, antik fəlsəfi-sosial fikrin təsiri altında islam aləmində yüksək səviyyəyə çatmış humanist istiqamətli bədii-fəlsəfi yaradıcılıq Azərbaycanda XII əsrdə Nizami Gəncəvi irsi ilə özünün zirvə nöqtəsinə çatıb.  Natiq bildirib ki, Nəsimi humanizmi yüksək istedadlı, təbiətdəki harmoniyaya və insan gözəlliyinə vurğun olan böyük bir şairin humanizmidir. Alim nəzərə çatdırıb ki, Nəsimi özündən əvvəlki Azərbaycan poeziyasının birbaşa varisi kimi çıxış edərək ona qədər irəli sürülmüş bədii-obrazlı düşüncələri, əldə edilmiş poetik nailiyyətləri daha da inkişaf etdirib.

Sonra mövzu ətrafında akademik Muxtar İmanov, professorlar - Qəzənfər Paşayev, İmamverdi Həmidov, Zümrüd Quluzadə, Elçin Məmmədov, filologiya üzrə elmlər doktoru, dosent Paşa Kərimov, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Məruzə Rəyasət Heyətinin qərarı ilə bəyənilib. Humanitar Elmlər Bölməsinə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi haqqında" və "2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında" sərəncamları ilə əlaqədar AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə təsdiq edilmiş Tədbirlər Planının icrasının təmin olunması tapşırılıb.

AMEA-nın elmi müəssisələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali təhsil müəssisələrinin fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantları, habelə magistrantları arasında "Nəsimi yaradıcılığında humanizm ideyaları" mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi, bölmənin elmi müəssisələrində fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertasiya mövzuların müəyyənləşdirilməsində Nəsimi irsinin humanitar elmin müasir tələbləri səviyyəsində araşdırılması ilə bağlı tədqiqatlara üstünlük verilməsi tapşırılıb. Qərarda, həmçinin, Nəsimi humanizminin qlobal səviyyədə təbliği üçün şairin sosial-humanist məzmunlu əsərlərinin Avropa dillərinə tərcümə edilməsi və Nəsimi humanizmi haqqında elmi-populyar monoqrafiyanın nəşri, humanitar və ictimai elm sahələrində fəaliyyət göstərən Azərbaycanın böyük şəxsiyyətləri haqqında "Görkəmli adamların həyatı" seriyasından kitabların hazırlanması və nəşri üçün mütəxəssislərdən ibarət redaksiya heyətinin tərkibi ilə bağlı təkliflərin hazırlanıb AMEA Rəyasət Heyətinə təqdim edilməsi, Nəsimi yaradıcılığının araşdırılması, şairin fəlsəfi dünyagörüşünün, humanizm fəlsəfəsinin kompleks tədqiqi istiqamətində müvafiq tədbirlər görülməsi öz əksini tapır. Bundan başqa, qərarda Nəsimi yaradıcılığının Azərbaycan ədəbi dil tarixinin inkişafı baxımından müasir elmi səviyyədə araşdırılması, onun irsi ilə bağlı əlyazmaların tekstoloji aspektdən öyrənilməsi, əsərlərinin yeni akademik və izahlı nəşrlərinin hazırlanmasına dair tədbirlərin həyata keçirilməsi, Nəsiminin ərəb və fars dillərində olan əsərlərinin öyrənilməsi istiqamətində işlərin daha da gücləndirilməsi, Nəsimi və başqa böyük klassiklərin yaradıcılığına həsr edilmiş viktorinaların və poeziya gecələrinin keçirilməsi və digər məsələlər yer alır.

Şahanə MÜŞFİQ

 





02.06.2019    çap et  çap et