525.Az

Naxçıvan Muxtar Respublikasının qurucularından biri - Mirzə Vahab Həsənzadə


 

GÖRKƏMLİ SİYASİ XADİM, PEDAQOQ, POLİQLOT VƏ ENSİKLOPEDİK BİLİYƏ MALİK ALİM HAQQINDA QEYDLƏR

Naxçıvan Muxtar Respublikasının qurucularından biri - <b style="color:red">Mirzə Vahab Həsənzadə</b>

XX əsrdə Naxçıvanın muxtariyyət əldə etməsi bir çox tarixi mərhələlərdən keçib. Çar hökumətinin 10 aprel 1840-cı il islahatına əsasən, 1841-ci il yanvarın 1-də Gürcüstan-İmeretiya quberniyasının tərkibində Naxçıvan qəzası yaradılmışdı.

Mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan qəzası 1920-ci ildə yaradılmış Naxçıvan Sovet Sosialist Respublikasının, 1923-cü il fevralın 27-dən Naxçıvan ölkəsinin (diyarının), 1924-cü ildən isə Naxçıvan MSSR-in tərkibinə daxil olub və 1929-cu ildə ləğv edilib. Muxtariyyətin qazanılması ərəfəsində və qazanıldığı dövrdə naxçıvanlılar hər sahədə ciddi mübarizə aparıblar. Belə ki, 1918-ci illərdə azğın düşmənlə - erməni daşnakları ilə qəhrəmanlıqla döyüşən naxçıvanlılar, sonralar bir çox sahələrdə, o cümlədən, maarifçiliklə, yeni məktəblərin yaradılmasında ciddi fəaliyyət göstəriblər. Naxçıvanı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qoruyan naxçıvanlılar, sonralar Naxçıvan Muxtar Respublikasının yaradılmasında da var qüvvələri ilə çalışıblar. Belə  unudulmaz şəxsiyyətlərdən biri də görkəmli siyasi xadim və ensiklopedik alim Mirzə Vahab Həsənzadədir. O, 1919-cu ildən 1934-cü ilədək Naxçıvanın siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edib. Əvvəlcədən qeyd edək ki, Mirzə Vahab Həsənzadə haqqında onun oğlu, filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami adına  Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi mərhum Turan  Həsənzadə, tədqiqatçı alimlər F.Xəlilov və T. Kərimova  yazmışlar. Aparılan araşdırmalar göstərir ki, M.V.Həsənzadənin həyatı və fəaliyyətinin  açılmamış  səhifələri var. Azərbaycanın dövlətçilik tarixində və elmində böyük xidmətləri olan M.V.Həsənzadə az qala unudulub. Müasir gəncliyin  çox az tanıdığı  vətənpərvər,  ensiklopedik biliyə malik alim unudulmağa layiq deyil. Buna görə də əsas məqsədimiz onun həyatını və fəaliyyətini hərtərəfli araşdırmaqdır. Azərbaycanın dövlətçiliyi tarixində onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın xüsusi yeri vardır. Çünki çox mürəkkəb və ziddiyyətli olan 1918-1920-ci illərdə naxçıvanlılar müstəqillik uğrunda qan və can bahasına mübarizə aparıb, həmçinin, yadelli işğalçılara qarşı qəhrəmanlıqla vuruşublar. Zəfərlərlə dolu Azərbaycan tarixinin parlaq səhifəsini yaradıblar.

1918-1920-ci illərdə erməni daşnakları ilə vuruşan və sonralar Naxçıvan Muxtar Respublikasının yaradılmasında fəal iştirak edən Mirzə Vahab Həsənzadə Salman oğlu 1890-cı ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olub. Qeyd edək ki, Yuxarı Əylis Azərbaycanda yaşayış məntəqəsi olmaqla, sənətkarlıq və ticarət mərkəzi kimi orta əsrlərdə məşhurlaşıb. Yuxarı Əylis kəndi sanki orta əsrlərə aid bir maraqlı tarixi abidələr muzeyidir. O, Arazın sol qolu olan Əylis çayının hər iki sahilində əzəmətli qayalıqlar içərisində yerləşir. Əylis çayı Zəngəzur silsiləsindən (3100 m) başlanan Vardanaxdərə və Dabaxlıdərə çaylarının birləşməsindən əmələ gəlir. Əsasən ipək ticarəti ilə məşğul olan Yuxarı Əylis tacirləri bir çox Şərq və Avropa ölkələri ilə ticarət edirdilər. Tarixi mənbələr təsdiq edir ki, 1752-ci ilədək Əylis adlı şəhər olub. Lakin XVII-XVIII əsrlərdə baş vermiş Səfəvi-Osmanlı müharibələri nəticəsində Əylis dağıdılmış, XIX əsrin sonlarında isə Yuxarı və Aşağı Əylis kəndlərinə ayrılmışdı. Mirzə Vahabın atası Salman kişi Yuxarı Əylisin çox bacarıqlı boyaqçılarından olub. Maraqlıdır ki, Həsənzadələrin ailələri Şəkiyə köçüblər, oradakı məktəbin də adı "boyaq" mənasını verən ərəbcə "sibqət" sözündəndir. Şəki də öz ipəyi ilə məşhur olduğundan orada belə bir adda məktəb fəaliyyət göstərmişdi. Mirzə Vahab Həsənzadə ilk təhsilini Yuxarı Əylis kəndində almışdı. Amma sonralar, daha doğrusu, 1905-ci ildə Atası Salman və anası  Zöhrə ilə birlikdə Şəki şəhərinə köçüb. O, 1905-1907-ci illərdə Şəkidəki "Sibqət" məktəbində oxumaqla bərabər, həm də Şəki mədrəsəsində ərəb dilini öyrənib. "Sibqət" məktəbini bitirdikdən sonra təhsilini davam etdirmək üçün Gəncə şəhərindəki ruhani seminariyasına daxil olub. Aparılan araşdırmalar göstərir ki, M.V.Həsənzadənin seminariyada oxumaqda məqsədi ərəb dilini və islam dininin incəliklərini dərindən öyrənmək olub. O, 1905-1912-ci illərdə Gəncədəki ruhani seminariyasında oxumuşdur. Seminariyada təhsilini davam etdirən Mirzə Vahab Həsənzadə ərəb dilini, fars dilini, ərəb qrammatikasını, məntiq, kəlam, fiqh, üsul, islamiyyət, İslam tarixini, astronomiya, nücum və s. elmləri mükəmməl öyrənməyə nail olub. Bacarıq və istedadına görə seminariya müəllimlərinin böyük etimad və hörmətini qazanıb.

M.V.Həsənzadə 1912-ci ildə seminariyanı bitirdikdən sonra islamiyyətə aid bir çox fənlərdən Zaqafqaziya "Şeyxül-islam idareyi-ruhaniyyə"sində imtahan verərək diplom alıb. Seminariyanı bitirən M.V.Həsənzadə Yuxarı Əylis kəndinə qayıdıb, vətən övladlarının maarifləndirilməsi, savadlandırılması üçün "Üsuli-cədid" məktəbi təsis edib. Maraqlı haldır ki, onun foto arxivində müəllim işlədiyi həmin illərə aid fotoşəkilləri vardır. Öz ana vətəni olan Yuxarı Əylis kəndində yaratdığı məktəbin müdiri və müəllimi olan M.V.Həsənzadə məktəbə cəlb etdiyi qız və oğlanlara əlifbadan başlayaraq dil, ədəbiyyat, şərq ədəbiyyatı, fars dili, habelə təbiət, zoologiya, coğrafiya, astronomiya və digər dünyəvi elmlərin əsaslarını öyrədirdi. "Üsuli-cədid" məktəbində təhsil alan qızlar və oğlanlar birbaşa ibtidai sinif müəllimi hüququ alırdılar. Onun yazdığı ərəb dərsliyi üç hissədən ibarətdir: I hissə: "Əldürusül-ibtidaiyyə", II hissə: "Əldürusül-nəhviyyə", III hissə: Nurəddin Əbdürrəhman Caminin "Qəvaidültəyaiyyə" əsəri. Mirzə Vahab Həsənzadənin məktəbində qısa müddətdə təhsil alıb müəllim kimi işləməyə layiq olanları gördükdə hamı onun bacarıq və biliyinə, qabiliyyətinə heyran olaraq "Üsuli-cədid" məktəbini bir "Küpə" oxşadaraq deyirdilər ki, bu müəllimlər Mirzə Vahabın küpündən çıxanlardır. Hətta  M.V.Həsənzadə İkinci Dünya müharibəsi illlərində öz evinin yarısını məktəbə verib ki dərs keçsinlər

Mirzə Vahab Həsənzadə 1918-1920-ci illərdə Naxçıvan diyarına hücum edən erməni daşnaklarına qarşı mərdliklə vuruşub. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində saxlanılan bir sənəddə göstərilir ki, Yuxarı və Aşağı Əylis kəndlərinə köməyə gəlmiş türk döyüşçülərinin komandiri Ədib bəy gənc müəllim M.V.Həsənzadənin döyüş hünərlərindən razıdır. Həm də döyüşçülər M.V.Həsənzadənin evində qalırlar. Buna görə də Ordubadın həmin vaxt pristavı olan Mir Əbülfət ağa (o, türk zabiti Ədib bəylə yola getmirdi) M.V.Həsənzadəni incidir. Türk döyüşçülərin dostu olan M.V.Həsənzadəni hamının gözü önündə möhkəm döydürür. Bundan xəbər tutan Xəlil bəy və III Kalbalı xan Naxçıvanski, həmçinin, Naxçıvanın qubernatoru Cəmillinski Naxçıvanda məsləhətləşirlər. Qərara alırlar ki, geniş səlahiyyətlərə malik bir komissiya yaradılsın və məsələni dərindən araşdırmaq üçün Ordubada ezam edilsin. Yaradılan komissiyaya Əmirov Türkiyə tərəfdaşı kimi, Müsavatın nümayəndəsi Mirzə Cabbar Məmmədov və ictimaiyyət adından isə Bəhmən bəy Kazımbəyov daxil edilir. Komissiya Ordubadda məsələni araşdırıb Xəlil bəyə və III Kalbalı xana hesabat təqdim edir. Baş verən hadisələrdə qubernatorun qohumu, pristav Mir Əbülfət ağa günahkar bilinir. Naxçıvana çağrılan pristav səhvlərini etiraf edir və Ordubaddakı qarşıdurma aradan qaldırılmış olur. Əylis kəndini erməni quldur dəstələrindən müdafiə edən qoşunların tərkibində cəsurluqla vuruşan M.V.Həsənzadə 1918-1920-ci illərdə Müsəlman İctimai Siyasi Təşkilatları Milli Şurasının İcraiyyə Komitəsinin katibi olmuşdur. Ordubad Müdafiə Komitəsinin ən fəal üzvlərindən və cəsur döyüşçülərindən biri olan Mirzə Vahab Həsənzadə 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan Maarif  Komissarlığının əmri ilə yenidən Yuxarı Əylisdəki məktəbə müdir təyin olunub. M.V.Həsənzadə 1921-1922-ci illərdə Ordubad Qəza İnqilab Komitəsinin sədri, Naxçıvan İnqilab Komitəsinin üzvü olmuşdur. O, 1923-cü ildə Ordubad qəza xalq maarif şöbəsinin müdiri, 1923-cü ildən 1929-cu ilin fevral ayına kimi Naxçıvan ölkə xalq maarif komissarı vəzifəsində çalışmışdır. 8 dekabr  1992-ci ilə aid bir arxiv sənədindəki 167 nömrəli əmrdə deyilir: Ordubad Qəza İnqilab Komitəsinin və Ordubad xalq maarifinin müavini M.Səməndərov işdən azad olunsun və onun yerinə V.Həsənzadə təyin edilsin.

M.V.Həsənzadə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmiş və deputatı olmuşdu. Qeyd edək ki, vəzifədə işlədiyi illərdə o, Naxçıvanda və Ordubadda maarifçiliklə ciddi məşğul olub, müəllim kadrlarının yetişdirilməsində böyük zəhmət sərf edib. Onun Naxçıvanın Maarif komissarı işlədiyi illərdə imzaladığı çoxlu sayda vəsiqələr arxivdə saxlanır. Hətta burada onun bir çox şəxslərin günahsız olması haqda imzaladığı və möhürlədiyi rəsmi məlumatlar da var. Bütün bunlar bir daha Mirzə Vahabın ən çətin illərdə təmiz və xeyirxah insan olduğunu təsdiqləyir. Arxiv fondlarında onun 1923-1924-cü illərdə həm də müxtəlif məktəblərdə müəllimlik etməsi haqda xeyli  sənədlərə rast gəlinir .

25 may 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsi yaradıldı. M.V.Həsənzadə bu cəmiyyətə sədr təyin edilir. Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin 1925-1928-ci illər ərzində keçirilən 41 iclasının protokolları Azərbaycan dilində ərəb əlifbası ilə yazılıb. Qeyd etmək yerinə düşər ki, həmin protokolları ilk dəfə filologiya elmləri doktoru F.Xəlilov elmi dövriyəyə daxil etmiş və bu haqda maraqlı kitab yazmışdı (Bax: F.Xəlilov. Naxçıvanı öyrənən elmi cəmiyyət. Bakı, 2005). Bu protokollardan aydın olur ki, Mərkəzi Cəmiyyətin nümayəndəsi Məhəmməd Baharlının iştirakı ilə keçirilən birinci iclasda Vahab Həsənzadə sədr, Mirbağır Mirheydərzadə isə elmi katib seçilib. Protokolda qeyd edilib ki, bu cəmiyyətin yaradılmasında məqsəd Naxçıvan respublikasının maddi mədəniyyət abidələrini, etnoqrafiya və tarixini, iqtisadiyyatı və təbiətini ətraflı və planlı şəkildə öyrənməkdir. Naxçıvanı öyrənən elmi cəmiyyətin - Tədqiq və Tətəbbö Cəmiyyətinin iclas protokollarından məlum olur ki, M.V.Həsənzadə bu elmi cəmiyyətə sədrliklə yanaşı, həm də bilavasitə elmi ekspedisiyalarda iştirak edib. Hətta onun Xaraba Gilanda bir arxeoloq kimi qazıntılarda olduğunu təsdiqləyən foto da şəxsi arxivində saxlanılır.

Məşhur tarixçi-arxeoloqlardan V.M.Sısoyevin, A.A.Millerin, İsa bəy Əzimbəyovun və digərlərinin  məruzələrinin dinlənilməsi və axtarışların nəticələri Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin diqqət mərkəzində olub. Bu baxımdan professor A.A.Millerin Qızılvəngin (Qızılburunun) tədqiqi haqqındakı məruzəsinin tarixi əhəmiyyəti böyükdür. Cəmiyyətin sədri M.V.Həsənzadə fəaliyyətə başladığı ilk günlərindən etibarən tarixi abidələrin qorunması məqsədi ilə onların təmir edilməsinə çalışmış və bu işi həmişə diqqət mərkəzində saxlamışdır. Bu dövrdə cəmiyyətin keçirdiyi iclaslarda  Naxçıvan şəhərinin Şahab məhəlləsindəki Yusif  Kuseyir oğlu türbəsinin, Qala məhəlləsindəki İmamzadə memarlıq kompleksinin, Qarabağlar kəndində olan türbə və qoşa minarələrin təmir və bərpa edilməsi məsələsi qaldırılmışdı.

(Ardı var)

 





03.06.2019    çap et  çap et