525.Az

Azərbaycan və Türkiyə yaslarının fərqi- İlhamə Qasımlının bloqu


 

Azərbaycan və Türkiyə yaslarının fərqi- <b style="color:red">İlhamə Qasımlının bloqu</b>

Ankara

Acı tale elə gətirib ki, Türkiyədəki yas mərasimi ənənələri ilə bu acıyı yaşayaraq tanış olmuşam. May ayında anam dünyasını dəyişəndə uşaqlıqdan görüb müşahidə elədiyim bir prosesə özümü hazırlamışdım. Azərbaycanda ölüsü düşən ailə təlaş içində mərhumun dəfnindən tutmuş yas süfrəsinin açılmasına qədər hazırlıq məsələləri ilə birbaşa məşğul olur. Üstəlik, ən yaxının dəfn prosesində iştirak da məhduddur – yalnız kişilər məzarlığa gedir, qadınlar isə adətlərdən asılı olaraq mərhumun üçündə, yeddisində və ya qırxında qəbir üstə gedə bilirlər. Uşaqlar isə gördüyüm dəfn mərasimlərinin heç birində olmayıb, daha doğrusu, dəfn prosesini izləmək onlara yasaq olub.

Anam, onu mənə yaxın yerdə dəfn etməyi vəsiyyət eləmişdi.

 

Vidalaşmaq haqqı 

Anamın dəfn mərasiminə hazırlaşdığım anlarda bunları xatırlayaraq mənə ən əziz insanla necə vidalaşacağımı düşünür, həm də iki yaşyarımlıq oğlumu həmin gün hara qoya biləcəyimi ağlımdan keçirirdim. Dəfn məsələləri ilə bağlı yaşadığımız binanın rəhbərliyi və qonşularla evdə söhbət gedəndə bildim ki, dəfn mərasimi zamanı əvvəlindən sonunacan mən də, oğlum da məzarlıqda ola bilərik yox, olmalıyıq! Türkiyədəki müsəlman dəfn inanclarına görə yeni vəfat etmiş mərhumun ruhu əzizlərinin cənazənin başında olduğunu hiss edir.

Uşaq olsa belə, ona vəfat etmiş əzizi ilə son dəfə vidalaşmaq haqqı verilməlidir.

 

Bina yönetimi 

Yaşadığımız binanın rəhbərliyini xatırlatdım. Türklər “bina yönetimi” deyirlər. Bir də heyətə rəhbərlik edən inzibatci – “bina yöneticisi” var.

Anamın vəfatı ilə bağlı xəstəxanadan qara xəbəri aldıqdan dərhal sonra ailə dostlarımızla birlikdə xəstəxanada idik. Üstündən çox az keçmişdi ki, bina yöneticimiz Bülent bəy və yönetimden olan Zıhni bəyi xəstəxanada gördüm. İlk əvvəl ağlıma gəldi ki, yəqin xəstəxanaya öz işləri üçün gəliblər. “Bina yönetimi olaraq size her türlü destek üçün yanınızdayıq” dedilər. Yönetimin vəzifələrindən biri imiş  – bina sakinlərinin cənazə mərasimlərində ailənin yanında olub köməyini təklif etmək. Düzdür, əzizini itirən adam sonunda dərdi ilə baş-başa qalır, amma çevrəndəki insanların təşkilatlanmış halda yanında olduğunu görüb hiss etmək insana mənəvi-psixoloji rahatlıq verir.

 

Bölgələrə görə fərq

Türkiyədə bölgələrə görə yas mərasimləri qaydaları fərqlidir. Kiçik əyalət şəhərlərində yas mərasimləri qismən Azərbaycandakına oxşayır – mərhum, ailəsi, qohum-qonşusunun iştirakı ilə fərdi dəfn olunur. Amma yas məclisində Azərbaycandakı kimi zəngin süfrə açılmır. Kiçik əyalət şəhərlərində yasa gələnlərə ehsan olaraq əsasən, çay, bulka, bəzən halva verilir. Mərhumun ailəsinin maddi imkanına bağlı olaraq lokantada pide və ya lahmacun sifariş edib paylayır, ya da plov bişirirlər. Amma böyük şəhərlərdə yas mərasimləri çox fərqlidir.


Bələdiyyələrin iştirakı 

Böyük şəhərlərdə dövlət və bələdiyyə qurumları hüquqi və mənəvi kömək üçün ölümdən dəfnə qədər prosesdə yaxından iştirak edir. Türkiyə hökuməti bununla bağlı dövlət və bələdiyyə orqanlarının üzərinə vəzifə və səlahiyyətləri tənzimləyən qaydalar da təsdiqləyib.

Böyük şəhərlərin məzarlıqları Azərbaycanda görməyə alışdığımız yalnız qəbirlərdən ibarət ərazi deyil. Karşıyaka məzarlığı sistemli idarə olunan nəhəng kompleksdir. Kompleksdə ölümdən dəfnə qədər prosedurun həyata keçirilməsi üçün hər şey var. Morq, yuyulub-kəfənləmə xidmətlərinin də daxil olduğu kompleksdə cami də var. Bələdiyyənin cənazə maşınları ilə mərhumun nəşi məzarlığa gətirildikdən sonra dəfn mərasimi keçirilir. Ən köklü fərq isə məzarlıqda eyni gündə dəfn olunacaq şəxslərin cənazə mərasiminin toplu şəkildə keçirilməsidir.

Bu mənzərə ilə ilk dəfə qarşılaşan adamda kütləvi dəfn təəssüratını yaradır. Amma səninlə eyni dərddə olan adamlarla birlikdə dərdini paylaşdıqca insanda rahatılıq yaranır. Və ən əsası, ağır itki vermiş vətəndaş dövləti yanında hiss edir.

 

Qiymətlər 

Məzar xərclərinə gəlincə, qiymətlər müxtəlifdir. Vəfat etmiş şəxsə məzar qiyməti 400 türk lirəsidirsə, (təxminən 200 dollar) vəfat etmiş yaxının yanında ölməzdən əvvəl məzar yeri götürmək bunun on qatı mislindədir. Bir də dəfndən ən azı 5 il keçdikdən sonra birinci dərəcəli qohum olmaq şərti ilə məzarın açılmasına və yenidən dəfn edilməsinə icazə verilir. Eyni zamanda, əmlakçılar internetdə 50 m2 sahəsi olan 10 nəfərlik ailə məzarlığının 125 min türk lirəsinə satışa çıxarıldığı barədə elanlara da rast gəlmək olur.

Türkiyənin məhşur müğənnisi Orxan Gəncəbay özü və sevgilisi üçün 100 min lirəyə məzar aldığını bildirmişdi. İnsanın son ünvanı olan məzarlar isə çox təvazökar biçimdədir. Məzarlar insanların maddi imkanlarını nümayiş etdirmir.

Hətta məzarların üstündə mərhumun şəkli də vurulmur. Məzarlar bir-birindən daha çox üstündə əkilmiş çiçəklərlə fərqlənir. Anamın xatirəsinə Bakıda da ehsan verdim. Türkiyədəki ilə müqayisədə orda dəbdəbəli zal, toylardan çox da fərqlənməyən barmaq qoymağa yer tapmayacağımız qədər bol süfrə.

Türkiyədə zənginlə imkansızın xeyir-şər mərasimlərinin fərqi yeməyin ya var, ya da yox olmasındadırsa, Azərbaycanda neçə çeşid yeməyin, içkinin, şirniyyatın verilməsi ilə görünür  (“BBC Azərbaycanca).

 





03.10.2013    çap et  çap et