525.Az

Klassik Musiqi Həvəskarları Klubunda daha bir yubiley gecəsi


 

Klassik Musiqi Həvəskarları Klubunda daha bir yubiley gecəsi<b style="color:red"></b>

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunda əməkdar incəsənət xadimi, dirijor Çingiz Hacıbəyovun anadan olmasının 100 illik yubileyi qeyd edilib.  Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov Çingiz Hacıbəyovun həyat və yaradıcılığından danışıb: “Görkəmli dirijora aid sənədlərdə, o cümlədən onun vaxtilə işlədiyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından əldə edilmiş əmək kitabçasında və arayışda bəstəkarın yalnız anadan olduğu il (1913) göstərilib. Niyazinin mənzil-muzeyinin kollektivinin birgə araşdırmaları nəticəsində Çingiz Hacıbəyovun doğum gününün oktyabrın 2-si olduğu müəyyən edilib. Çingiz Hacıbəyov ölkəmizdə musiqili teatrın yaradıcılarından olan Zülfüqar Hacıbəyovun oğlu, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin qardaşı oğlu, eləcə də maestro Niyazinin qardaşıdır.

O, 1921-ci ildə Bakıda fəaliyyət göstərən türk musiqi məktəbində skripka sinfində təhsil alıb. Çingiz Hacıbəyov 1932-ci ilin noyabrından Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında skripkaçı kimi fəaliyyətə başlayıb. Müxtəlif vaxtlarda Azərbaycan Xalq Komissarları Soveti nəzdində Radio Komitəsinin simfonik orkestrində, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrində işləyib. Həmçinin Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

Əməkdar incəsənət xadimi Çingiz Hacıbəyov 1971-ci il yanvarın 18-də Bakıda vəfat edib.Məzarı II Fəxri Xiyabandadır”.

Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, professor Fərhad Bədəlbəyli, Xalq Artisti, bəstəkar, BMA-nın professoru Sevda İbrahimova və başqaları Çingiz Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən danışaraq xatirələrini bölüşüblər. Azərbaycan Dövlət simli kvarteti, BMA-nın professoru, Əməkdar İncəsənət Xadimi Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri – Əməkdar artistlər Gülnaz İsmayılova və Səbinə Əsədovanın ifalarında konsert proqramı təqdim edilib.

Tədbirdə Niyazinin mənzil-muzeyinin materialları əsasında hazırlanmış Çingiz Hacıbəyovun həyat və fəaliyyətinin əks olunduğu slayd-şou nümayiş etdirilib.

S.ABDULLAYEVA

 





04.10.2013    çap et  çap et