525.Az

Həmsədrlərin səfəri erməni təxribatı ilə yadda qaldı


 

ERMƏNİSTAN MÜNAQİŞƏNİN HƏLLİNDƏ MARAQLI OLMADIĞINI BİR DAHA ORTAYA QOYDU

Həmsədrlərin səfəri erməni təxribatı ilə yadda qaldı<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrlərinin - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endrü Şoferin (ABŞ) regiona növbəti səfəri də öncəkilərdən fərqlənmədi.

Mayın 27-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə birgə Ermənistanda olan həmsədrlər ertəsi gün işğal altındakı torpaqlarda yaradılmış separatçı rejimin nümayəndələri ilə görüşdülər. Mayın 30-da isə Bakıya səfər edən vasitəçilər işğalçı tərəfin danışıqlar prosesinə nə qədər "sadiq" olduğuna canlı şahidlik etdilər. Ermənistan həmsədrlərin səfərinin mümkün nəticələrini yerindəcə sıfırlamaq üçün növbəti təxribata əl atdı. Azərbaycan Silahlı Qüvvələrinin mayoru, tabor komandiri Aqil Omarov həmin gün, səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində erməni qüvvələrinin açdığı snayper atəşi nəticəsində şəhid oldu. Bu da heç şübhəsiz, Bakıda baş tutan müzakirələrin əhval-ruhiyyəsinə təsirsiz ötüşmədi. Ermənistanın hərbi təxribatına cavab verildi. İyunun 1-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Azərbaycanən işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni əsgər Sipan Melkonyan məhv edildi. O, yerli vaxtla 07:30 radələrində cəbhənin cənub-şərq istiqamətində yerləşən hərbi hissənin müdafiə postunda vuruldu.

Cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesini pozmaq və 25 ildir davam edən Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonu qoruyub saxlamağı qarşıya məqsəd qoyan Ermənistanın bu addımları bir daha təsdiq edir ki, işğalçı ölkə münaqişənin həllində maraqlı deyil.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sahibə Qafarova qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Azərbaycan Ordusunun zabiti Aqil Omarovun snayperlə qətlə yetirilməsi Ermənistan tərəfindən əvvəlcədən planlaşdırılıb və təxribat məqsədilə törədilib. O, "Trend"ə bildirib ki, Ermənistan tərəfi bu cür təxribatlar törətməklə cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək, danışıqlar prosesinə əngəl yaratmaq məqsədi güdür.

Deputat vurğulayıb ki, bu qətl hadisəsi bir daha təsdiq edir ki, işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil: "Ermənistanın sülh danışıqları, atəşkəsə riayət olunması və digər bu kimi iddiaları sadəcə beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür".

S.Qafarova bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan səhvini anlamasa, onun özü üçün ciddi problemlər yaranacaq: "Nikol Paşinyan öz sələflərinin səhvlərini təkrarlamağa davam edəcəksə, bu, onun hakimiyyəti üçün çox ciddi problemlərin yaranmasına səbəb olacaq".

Deputat hesab edir ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu təxribatını pisləməli və status-kvonun dəyişdirilməsi üçün bu ölkəyə ciddi təzyiqlər göstərməlidir.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın 27-30-da regiona səfərin yekunları ilə bağlı bəyanat yayıblar.

Bəyanatda qeyd olunub ki, həmsədrlər mayın 27-də İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan, mayın 30-da isə Bakıda Prezident İlham Əliyev ilə görüşüblər. Hər iki paytaxtda onlar xarici işlər nazirləri və müdafiə nazirləri ilə məsləhətləşmələr aparıblar.

Səfərdə əsas məqsəd təmas xəttində və beynəlxalq sərhəddə vəziyyətin inkişafını dəyərləndirmək, o cümlədən, martın 29-da Vyanada Azərbaycan prezidenti və Ermənistanın baş naziri, aprelin 15-də isə Moskvada iki ölkənin xarici işlər nazirləri arasında aparılan müzakirələri davam etdirmək olub.

Bəyanatda qeyd olunub: "İstəyə uyğun olaraq, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində konkret sonrakı addımlar, həmçinin, humanitar və təhlükəsizlik tədbirləri haqqında təkliflərini təqdim ediblər. Azərbaycan və Ermənistanın XİN rəhbərləri həmsədrlərin yaxın zamanda onların himayəsi altında görüşün keçirilməsi barədə təklifini qəbul ediblər və təfərrüatları müvafiq vaxtda açıqlayacaqlar".

Həmsədrlər son qurbanlara görə dərin narahatlıqlarını ifadə ediblər və tərəfləri eskalasiyadan yayınmaq üçün maksimum təmkinlik göstərməyə çağırıblar.

Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından Minsk qrupunda Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

C.ABASOV

 





05.06.2019    çap et  çap et