525.Az

Atalar və oğullar: Konfutsi atasına qarşı


 

Atalar və oğullar: <b style="color:red">Konfutsi atasına qarşı</b>

Konfutsinin təliminə görə, "hökmdar - hökmdar, əyan - əyan, ata - ata, oğul - oğul olmalıdır", yəni hər kəs öz yerini bilməli, cızığından çıxmamalı, mərifət-qanacaq ölçülərini gözləməlidir.

Sözü uzatmayıb, bir şeyi də qeyd edim: Konfutsinin qənaətincə, insan zadəgan zümrəsinə aiddirsə, onun işi xeyli yüngülləşmiş olur. Sıradan, adi insan həyatı yaşayan adamların "yaxşı kişi" olmamaq şansı isə çox yüksəkdir.

"Cızığından çıxma" deyir atam mənə haçandı,
Bəs çıxmasam, nə bilim cızığım haracandı?

Ramiz Rövşən 

Bugünlərdə çinlilər və Konfutsi haqqında bir yazı oxudum. İronik tərzdə də olsa, Konfutsi və konfutsiçiliyin mahiyyəti dürüst ifadə edilirdi.

Elə isə gəlin görək, Konfutsi ilə bağlı əsl ironiya nədən ibarət idi.

Deməli, Konfutsi və yaxud Kun-tszı (hərfən, Kun müəllim) eramızdan əvvəl 551-ci ildə dünyaya gəlib. Onu Çin tərəflərdə "ləyaqətli həyatın normativ proqramı"nı bəşriyyətə bəxş etmiş adam adlandırırlar. İnsafən, Konfutsi bu yöndə az iş də görməyib. Məsələn, Avropa mədəni ənənəsindəki əxlaq və ədəb-ərkanın qızıl qaydasını - özünə rəva bilmədiyini başqasına da rəva görmə - məhz Konfutsi formalaşdırıb. Bu prinsip bütün müqəddəs kitablarda öz yerini alıb.

Çin xalqının mənəvi atası sayılan Konfutsinin təlimi "Mülahizələr və söhbətlər" adlı kiçik bir kitabçada toplanıb. Onun bütün təlimi ritualın etikası kimi də qəbul olunur. "İnsansevərlik - hər zaman ritualın tələblərinə uyğun hərəkət etməkdir" - Konfutsi belə deyir. Onun çağdaşlıq baxımından son dərəcə ziddiyyətli sayıla biləcək müddəaları atalar-oğullar məsələsində birmənalı olaraq üstünlüyü atalara verir. O deyirdi ki, insanlardakı dəyişiklik həvəsi və şövqü əcdad kultuna xələl gətirməməlidir. Konfutsi ritualının normalarına görə, atanın evdə qoyduğu qayda-qanunu uşaqlar onun ölümündən yalnız üç il keçəndən sonra dəyişdirə bilərdilər. O hesab edirdi ki, insan daim ideal keçmişin səviyyəsinə yüksəlmək istiqamətində mənəvi, əxlaqi səylər göstərməlidir: "İnsanpərvərliyin əsasını ata-anaya ehtiram, böyük qardaşlara hörmət təşkil edir". Ata övlad üçün son əxlaqi və mənəvi instansiyadır.

Konfutsinin təliminə görə, "hökmdar - hökmdar, əyan - əyan, ata - ata, oğul - oğul olmalıdır", yəni hər kəs öz yerini bilməli, cızığından çıxmamalı, mərifət-qanacaq ölçülərini gözləməlidir. Sözü uzatmayıb, bir şeyi də qeyd edim: Konfutsinin qənaətincə, insan zadəgan zümrəsinə aiddirsə, onun işi xeyli yüngülləşmiş olur. Sıradan, adi insan həyatı yaşayan adamların "yaxşı kişi" olmamaq şansı isə çox yüksəkdir.

İndi gələk Konfutsi ilə bağlı ironiya məsələsinə...

Konfutsinin atası Şulyan Xe şöhrətli bir savaşçı imiş, hamı ona hörmət edir, yolunu gözləyirmiş. Ancaq o dövrlər (əslində bütün Şərq) Çin cəmiyyətindəki təsəvvürlərə görə, çoxsaylı övladlarının hamısı qız olduğundan Şulyan Xe, az qala, bədbəxt adam sayılırmış. Doqquz qızdan sonra Şulyan artıq hər şeyə tüpürüb, öz kənizinə evlənir. Onun kənizdən bir oğlu olur, lakin bədbəxtçilikdən uşaq xəstə və şikəst doğulur. 66 yaşlı döyüşçü yenidən evlənmək qərarına gəlir. Bu dəfə o, 20 yaşlı qızla nikaha girir və bu nikahdan Konfutsi dünyala gəlir. Deyə bilərsiniz, nolsun? O olsun ki,  həmin dövrun qayda-qanunlarına və mütləq mənada gözlənilməli olan rituallara görə, Şulyanın öz kənizinə evlənməsi, sonra onu boşayıb cavan bir qız alması (bu nikah ikiqat barbarlıq sayılırdı, çünki əvvəla, ər-arvadın yaş fərqi 10 ili keçməməli idi, ikincisi isə, 64 yaşdan sonra evlənmək böyük ədəbsizlik hesab olunurdu) qəbahət idi. Deməli, belə çıxır ki, Konfutsi özü, əsasını qoyduğu və bütün həyatı boyu mühafizəkarcasına müdafiə etdiyi təlimin, ritual normaların böyük pozuntusu nəticəsində dünyaya gəlmiş sayılırdı. Yəni əgər atası Konfutsinin sözüylə oturub-durmuş olsaydı, o zaman dünyaya Konfutsi adında adam gəlməyəcəkdi.

Taleyin ironiyası deyilsə, bəs nədir?

Bəlkə, doğrudan da, qaydalar onları pozmaq üçün qoyulur...

Və yaxud, bəlkə də, Konfutsi bu dünyaya gəlməsindən çox peşmanmış deyə, gələcəkdə belə halların baş verməməsi üçün belə bir təlim fikirləşib ərsəyə gətirmışdı...

 





05.06.2019    çap et  çap et