525.Az

Çoxuşaqlı ata Yanuş - Rəsul Bəxşanlı


 

Çoxuşaqlı ata Yanuş - <b style="color:red">Rəsul Bəxşanlı </b>

Hitlerçilər otuz doqquzuncu ildə Varşavanı işğal etdikdə polyakların da, özlərini polyak kimi göstərməyə çalışan yəhudilərin də canına vəlvələ düşmüşdü.

Bombardmandan yaralananların xilasına həkim Yanuş da kömək edirdi. Onun "Yetimlər evi"ndən olan uşaqları damlara düşmüş yandırıcı bombaları söndürürdü. O, polyak zabiti formasında şəhərin küçələrində sərbəst gəzişirdi. Ona irad tutan, ehtiyatlı davranmağı tövsiyə edən tanışına əminliklə dedi:

- Mənimçün heç bir işğal yoxdur. Polşa ordusunun zabiti olmağımdan qürur duyuram, istədiyim kimi də gəzəcəyəm.

Sakinlərdə şəhərin işğal ediləcəyinə əminlik yarananda oranı tərk edənlər çox olmuşdu. Yanuşa da vaxtında deyilmişdi. Kimisi təklif eləmişdi, kimisi də ciddi xəbərdarlıq. O isə qəti qərara gəlmişdi ki, mühacirətə getməyəcək. Bu şəhərdə qalacaq. Birisi ona atmaca atdı:

- Yəqin çoxuşaqlı ata Yanuş doğma balalarını kimsəsiz qoymaq istəmir.

 O, atmacaçıya diliylə cavab vermək istəmədi, sadəcə kinayəli baxışlarını ani olaraq yönəltdi.

Həmin adam israrla:

- "Yetimlər evi"ni gettoya köçürməzdən öncə, - dedi, - gələcəyi real düşünə bilsəydin, öz ayaqlarınla buraya gəlməzdin. Heç olmazsa indi ağlını yığ başına. Sən ki ağıllı adamsan, Yanuş. Özünü aldadıb çarəsizlərə qurban vermə.

 O, yaratdığı "Yetimlər evi"ni özbaşına qoymağı, bu qədər çəlimsiz uşağı, necə deyərlər, taleyin ümidinə buraxmağı özünə rəva bilmirdi. İndiki dövrdə qat-qat artıq çalışırdı. Növbəti ilin yayında özünün belə cüzi ümidi qaldığı məsələni həll etməyin öhdəsindən gəldi. Uşaqları yay düşərgəsinə apardı. Heç olmazsa qısa müddətə uşaqlar ətrafda baş verən dəhşətləri unutsunlar.

Payız ağır gəldi. Uşaqların Varşava gettosuna göndərilməsinin qarşısını heç cür ala bilmədi. Gettoya aparılarkən alman əsgərləri uşaqların bir araba kartofunu götürdü. Qəzəblənmiş Yanuş alman rəhbərliyinə şikayətləndi. Hitlerçilərsə onun yadına saldılar ki, nasistlərin qoyduğu qanunu pozur. Yəhudilər üçün məcburi sayılan, üstündə Davidin ulduzunun şəkli olan sarğını qolunda daşımır. Onu bir aylığa türməyə saldılar. Pani Stefa üçün dözülməz dərəcədə ağır keçdi həmin müddət, hər cəhətdən. O, gettoya qayıdanda uşaqların da, Stefanın da sevinci yerə-göyə sığmırdı. Onun özünün isə sevinməyə sanki vaxtı yox idi. Ən vacib olan ərzağı tapmaq günü-gündən çətinləşirdi. Ətrafda çarəsizlik, əlacsızlıq hökm sürürdü. Hətta ən yumşaq qəlbli tanışlar, ən yaxın dostlar belə kömək əlini uzada bilmirdi.

Gettodan qaçmağa gizli yol tapılmışdı. Qaçanlar olurdu. Yanuşa canıyananın birisi dilə gəldi:

- Sən də qaç, canını qurtar. Bu girəvəni əldən buraxma. Bəlkə də beləsi daha ələ düşməyəcək.

Onun gözləri önünə uşaqların başsız qalmaları gəldi. Düşüncəli halda susdu.

- Onunsuz da uşaqları gec-tez öldürəcəklər. Sənin də axırına çıxacaqlar, burada qalsan. Ad-sanına əsla güvənmə, bugünkü gündə boş şeydi. Nasistlər adamlıqdan çıxmışlardı. Düzdü, camaat səni həm həkim, həm yazıçı, həm yetimlərim xilaskarı, həm pedaqoq, həm zabit, həm də vicdanlı adam kimi tanıyır. Nasistlər üçünsə sən yəhudisən, bunu bilməlisən.

Bu sözləri eşitmək nə qədər ürək ağrıdan olsa belə, o, təmkinini qoruya bildi. Cavab vermədi. Özlüyündəsə düşündü ki, Hitler digər xalqları qırmaqla, kölə halına salmaqla dünyanı öz xalqı üçün cənnətə çevirmək xülyasına düşübsə, deməli, həqiqətən adam deyil. Ətrafındakılar da elə onun tayıdı. Amma bu heç də o demək deyil ki, fağır durub ölümünü gözləyəsən. Yox, belə yaramaz.

Qırx ikinci ilin iyul ayının sonu yaxınlaşırdı. Nasistlər getto əhalisini tədricən qırmağa başladı. Yetimlərin deportasiya ediləcəyi xəbəri yayıldı. Haraya, kimsə bilmirdi. Deportasiyanın sonunun nə olduğu aydın idi.

Pani Stefa əlacsız halda Yanuşun qarşısında dayanmışdı. Gözləri dolmuşdu. Nəsə demək istəyirdi. Yanuş ilk gündən onunla çiyin-çiyinə çalışmış paninin ürəyindən keçənləri anlayırdı. Onun ürəyini boşaldıb bir qədər yüngülləşməsini gözləyirdi.

- Bizə elə gəlirdi ki, ən ağır dövr arxada qalmış ilk illərdi. Varşava yəhudilərini, sənayeçilərini, filantroplarını inandırmağı bacardınız. Ümid nə qədər az olsa belə, onların kifayət qədər pul ayırmasına nail oldunuz. Bina tikildi, uşaqlar küçələrdən, zirzəmilərdən yığıldı. Gündə on altı-on səkkiz saat işləyirdik, yorulmağın nə olduğunu bilmirdik. Dünənki kimsəsiz uşaqlara küçə adətlərini, söyüşlərini tərgitdirməyimizə sevinirdik. Üst-başlarının təmizliyindən, qarınlarının toxluğundan, yazıb-oxumağı öyrənmələrindən şadlanırdıq. Uşaqları ədalətli, məsuliyyətli olmağa, bir-birinə kömək etməyə alışdırırdıq. Kiçicik uğurlarımız qəlbimizi fərəh hissi ilə doldururdu. Onları gələcəyə hazırlayırdıq. Xəyalımıza belə gələcəkdə xoş olmayan, ümidsiz nəsə gəlmirdi, - pani başını aramla aşağı-yuxarı tərpətdi.

Paninin dolmuş gözlərindəki damcıları barmaqları ilə ehmallıca silən Yanuş ümid dolu ahənglə onu ovundurdu:

- Nəsə fikirləşəcəyəm. Ümidini qırma.

- Ümidim təkcə sizədi, Yanuş.    

Nasistlər işləməyənlərin, xeyir verməyənlərin hamısının deportasiya ediləcəklərini bildirdi. Nə etməli? Yanuş düşünüb tapdı. Təklif elədi ki, gettodakı sığınacağın bazasında hərbi forma tikişi fabriki təşkil olunsun. Uşaqlar işləsinlər, göstərsinlər ki, onlar da fayda verirlər. Ağlabatan təklif idi, amma qəbul olunmadı.

İsti avqust ayının ilk günləri idi. Sübh çağı Yanuş uşaq evinin həyətindəki çiçəkləri suladı. Qurumuş torpaq sanki cana gəldi, nəfəs aldı. Mürgüləyən boynubükük çiçəklər ayılmağa başladı. Gözətçi ayaqlarını geniş açıb durmuşdu, tüfənfi də çiynində idi. Yanuşun hərəkətlərini diqqətlə izləyirdi. Yanuş son günlərdə çox məşğul idi. Hər an gözlənilən ölüm-itimdən uşaqları xilas etmək üçün haralara getməmişdi? Ümid yeri olan qurumlara, adamlara baş çəkmişdi. Gizli yəhudi antifaşist qurumuna, şəhər gettosu yudenratının rəhbəri Adam Çernyakova, işğalçılarla əməkdaşlıq edən yəhudi iş adamlarına, yəni kollaboratsionistlərə, daha kimlərə. Qısası, bütün imkanlardan faydalanmağa can atmışdı. Digər ümid yerləri olan radio, qəzetlər bağlanmışdı. Vəziyyətə görəmi, yoxsa maddi duruma görəmi? Məlum deyil. Bir də ki, nə fərqi var? Başlıcası odur ki, bağlanıb.

SS zabitinin başçılığı altında hərbiçilər "Yetimlər evi"ndəkiləri aparmağa gəlmişdi. Hamının qatarın vaqonuna minməsi əmri verildi. Uşaqlar mindi. Yanuş Korçak da, Stefaniya Vilçinskaya da vaqonda idi. SS zabiti vaqonun qapısına yan aldı:

- "Kral Matiuş"u siz yazmısınızmı, - deyərək Yanuşa müraciət elədi, - mən uşaqlıqda həmin kitabı oxumuşam. Yaxşı kitabdı. Siz azad ola bilərsiniz.

Yanuş vaqondan düşməyə tələsmədi:

- Bəs uşaqlar?

- Uşaqlar gedəcəklər. Siz isə vaqonu tərk edə bilərsiniz.

- Yanılırsınız, cənab zabit, tərk edə bilmərəm. İnsanların heç də hamısı alçaq deyil.

Zabitin göstərişi ilə vaqonun qapısı bağlandı. Öz xoşu ilə ölümə gedən axmaq da tapılırmış, SS-çi düşündü. Qatar yola düşdü. Onlar Treblinka həbs düşərgəsinə gətirildi. Yol boyu Yanuş uşaqlar haqda narahatlıq keçirirdi. Günlərin birində yad birisiylə təsadüfi söhbəti xatırladı. Söhbətcil kişi ilə danışıqlarının sonu belə bitmişdi:

- Mənim dostlarım, tanışlarım çoxdu. Uşaqlarım, nəvələrim də var. Bəs sənin necə?

- Mənim də var.

- Mənimkilər az deyil. Bəs səninkilər?

- Yanuş fəxrlə cavab vermişdi:

- İki yüzü.

- Oh, bəs edəcək qədərdi.

Necə deyə bilərdi ki, onun uşaqları yoxdu? Axı var. Bunların hər biri onun balasıdı.

Onun bu qədər balası birdən-birə peyda olmamışdı. Universitetdə oxuyarkən işləmişdi. Gah uşaq kitabxanasında çalışmışdı, gah da yay düşərgələri cəmiyyətində iştirak etmişdi, tərbiyəçi işləmişdi. Uşaqları öyrənməyə çalışırdı. Onların istəyini, arzusunu, hansı münasibəti umduğunu aydınlaşdırırdı. Bunların səbəbləri onda maraq doğururdu. Araşdırmalar aparırdı. "Küçə uşaqları" romanını qələmə aldı. Henrik Qoldşmidt dönüb Yanuş Korçak oldu. Onu elə bu təxəllüslə də tanıdılar.

Universiteti bitirib həkim diplomu alanda uşaq xəstəxanasında işlədi. "Yetimlərə kömək" cəmiyyətinin qəyyumluğu altında yəhudi uşaqları üçün "Yetimlər evi"nin əsasını qoydu. Stefaniya Volçinska ona qoşuldu, kömək elədi. Yanuşda yaranan yeni pedaqoji fikirlərin tətbiqinə səy göstərdi. Kimsəsiz uşaqları tapıb bir-bir, iki-bir gətirirdilər...

Yudenratın başçısı Adam Çernyakov gettodan yəhudilərin kütləvi deportasiya edilməsi fikrindən nasistləri döndərməyi bacarmadı. Hətta uşaqları belə saxlada bilmədi. Gördüklərinə ürəyi dözmədi. O, intihar elədi.

Bir neçə gün ötdü. Treblinka düşərgəsinə gətirilənlərin hamısı qaz kamerasına aparıldı. Yol boyu pani Stefa uşaqların əlindən tutmuşdu. Yanuş isə uşaqların iki ən balacasını quçağına almış, köksünə sıxmışdı. Uşaqlar hara aparıldıqlarını anlamırdılar. Yanuş özünü ələ almağa çalışır, onlara mümkün qədər xoş avazla nağıl söyləyirdi.

Rəsul RƏXŞANLI 
May, 2018

 





07.06.2019    çap et  çap et