525.Az

Naxçıvan Muxtar Respublikasının qurucularından biri - Mirzə Vahab Həsənzadə


 

GÖRKƏMLİ SİYASİ XADİM, PEDAQOQ, POLİQLOT VƏ ENSİKLOPEDİK BİLİYƏ MALİK ALİM HAQQINDA QEYDLƏR

Naxçıvan Muxtar Respublikasının qurucularından biri - <b style="color:red">Mirzə Vahab Həsənzadə</b>

(Əvvəli ötən sayımızda) 

Mirzə Vahab Həsənzadə Naxçıvanda maarif komissarı işləyərkən 1926-1927-ci illərdə "Qızıl qələmlər" ədəbiyyat cəmiyyətini yaradıb və ilk sədri olub. Bu haqda protokol №28-də məlumat verilir: 1926-cı il sentyabr ayının 3-də Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyətinin ümumi iclası yoldaş V.Həsənzadənin sədarəti və Ə.Sadıqzadənin katibliyi ilə açılır. İclasda 20 üzv və bir neçə nəfər Azərbaycan Pedaqoji İnstitut tələbələri iştirak edirdilər. Müzakirə olunan 2-ci məsələ haqqında müəllim Ə.Sadıqzadə məruzə edərək Azərbaycan Ədəbiyyat Cəmiyyətinin Naxçıvanda şöbəsini təşkil etməyi təklif edib Nizamnaməsini oxuyur. İclas tərəfindən şöbənin təşkil olunması qəbul olunub. Şöbənin heyəti-rəyasəti 9 nəfərdən ibarətdir:

1. Mehdi bəy Hacınski

2. Vahab Həsənzadə

3. Mirbağır Mirheydərzadə

4. Qəzənfər Hacılı

5. Müəllim Şərif Əfəndizadə

6. Əbülfəzl Sadıqzadə

7. Məhəmməd Rasizadə

8. Rza Paşazadə

9. Həsən Səfərli

Bunlardan sədrliyə Vahab Həsənzadə, katib isə Əbülfəzl (Sadıqzadə) seçilir. M.V.Həsənzadənin foto arxivində ədəbiyyat cəmiyyətinin üzvləri ilə birlikdə maraqlı fotoşəkilləri vardır. Burada adı çəkilən Əbülfəzl Sadıqzadə yazıçı Əvəz Sadıqdır. Qeyd etmək yerinə düşər. 1928-ci ildə "İnqilab və mədəniyyət" jurnalında proletar yazıçılarının birinci qurultayı münasibətilə verilmiş materialların arasında M.V.Həsənzadə sədrlik etdiyi Naxçıvan Ədəbiyyat Cəmiyyətinin üzvlərinin onunla birlikdə fotoşəkli də dərc olunmuşdu. M.V.Həsənzadə 1929-cu ildən 1934-cü ilin may ayına kimi Ordubad konserv zavodunun direktoru olub. O, bu zavodda işlədiyi illərdə fəhlələrin yaxşı əmək haqları almalarına çalışıb, hətta buna görə yuxarı təşkilatların tənqidinə də məruz qalıb.

Şərq dillərinin mahir bilicisi olan M.V.Həsənzadənin yaşadığı Yuxarı Əylis kəndindəki memarlığı ilə göz oxşayan evində çox zəngin kitabxanası olub. Onun kitabxanasında olduqca zövqlə tərtib edilmiş orijinal kitablar səliqəli yığılırmış. Orada Nadir şahın münşisi və saray tarixçisi olmuş Mirzə Mehdi xan Astrabadinin (Nizaməddin Məhəmməd Hacı əl-Hüseyni əs Səfəvi) "Tarixi-Nadiri" (Nadirin tarixi), Mirxondun ən qədim dövrdən on beşinci əsrin sonlarınadək baş vermiş hadisələrdən bəhs edən 7 cildlik ("Rövzətəs-səfa fi sirat əl ənbiya və-l-muluk və-l xüləfa" - "Peyğəmbərlər, hökmdarlar xəlifələrin həyatına dair təmizlik bağçası"), Mirxondun nəvəsi Xandəmirin (Xondəmir Qiyasəddin ibn Hümaməddin əl-Hüseyni) "Həbib əs-siyərfiəxbarəfrad əl-bəşər" ("Görkəmli adamlar haqqında xəbərləri təsvir edən ilk əsər") və digər kitablar vardı. Zəngin bədii ədəbiyyat xəzinəsində Sədi Şirazinin, Hafizin, Nizami Gəncəvinin "Xəmsə"si, Xaqani Şirvaninin, Məhəmməd Füzulinin "Leyli və Məcnun"u, Firdovsinin "Şahnamə"si və digər şairlərin kitabları olub.

Onun nəvəsinin dediyinə görə, bu kitabxananı alimin sədaqətli həyat yoldaşı Həlimə xanım qoruyub saxlayırdı. Qədim kitablarla dolu sandıqlar son illərədək M.V.Həsənzadənin Yuxarı Əylisdəki mülkündə qalırmış. Hətta bu kitabxana haqqında akademik Yusif Məmmədəliyevin tədqiqatçıları da yazmışlar. "Mamedaliyev" kitabının (rusca) müəllifi, B.A.Platonov yazır: "Məlum oldu ki, evdə və qonşularda olan kitablar hamısı oxunub. Yusif eşitmişdi ki, Ordubaddan 7-8 km aralı olan Əylis kəndində müəllim Mirzə Əbdülvahab Həsənzadənin zəngin kitabxanası vardır (sonralar Naxçıvanda Sovet hakimiyyəti qurulanda Mirzə Əbdülvahab maarif komissarı işləmişdi). Hər şeyi öyrənmək istəyən gənc müəllimin xoşuna gəldi, onu kitablarla təchiz etdi, ancaq şərt kəsdi: "Bir-bir götürmək və onlarla səliqəli davranmaq lazımdır". Mirzə Vahab Həsənzadənin zəngin kitabxanasından istifadə edənlərdən akademik Yusif  Məmmədəliyevin, Müzəffər Abutalıbın, professor Bəhmən Axundovun, müəllim, ziyalı Əli Qənbərlinin, Həsən Kazımzadənin və bir çoxlarının təhsil görüb yetişmələrində onun böyük xidmətləri olub.

1934-cü ildə M.V.Həsənzadə Bakıda "Azərbaycankinofilm" trestində işə dəyişdirilib və o, 1935-ci ilin axırınadək burada işləyib. M.V.Həsənzadə həm də poliqlot imiş. O, ərəb, fars, əfqan, tacik, özbək, rus dillərini mükəmməl bildiyindən onu SSRİ Elmlər Akademiyasının Azərbaycan filialına dəvət etmişdilər. 1936-cı ildən orada elmi kitabxananın müdir müavini və akademiyanın Şərq şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bu müddətdə respublika əlyazmaları Fondunun yaradılması və təşkili işində ilk fəaliyyət göstərənlərdən biri olub. Bu səbəbdən o, tariximizlə və ədəbiyyatşünaslığa aid çoxlu əlyazmaların və qiymətli kitabların toplanması üçün böyük işlər görüb. Mirzə Vahab ərəb və fars dillərini, islamşünaslığı mükəmməl bildiyindən Quranın müxtəlif nəşrlərini və nadir əlyazmaların toplaması kimi çox xeyirxah və faydalı işlərə imza atıb. İndiki M.Füzuli adına Əlyazmalar İnstitutunun yaradılmasında da Mirzə Vahab Həsənzadənin böyük xidmətləri olub.

Mirzə Vahab Həsənzadə Bakıda işləyərkən İçərişəhərdə, Əli Bayramov küçəsində kommunal mənzildə (25 №-li evdə) akademik Həsən Əliyevlə qonşu olub. Bu iki ailə arasında həm də mehriban dostluq əlaqələri yaranıb. Bu haqda Xalq yazıçısı E.Axundova yazır: "Zərifə xanımın atası Mirzə Əbülvahab Həsənzadə Naxçıvanın məşhur pedaqoqu, Naxçıvan Muxtar Respublikasının ilk xalq maarif komissarı, keçən əsrin 30-cu illərinin sonu, 40-cı illərinin əvvəllərində Azərbaycan Elmlər Akademiyası kitabxanasının direktoru vəzifələrində işləyib. Heydər Əliyevin qardaşı Həsən Əliyev kommunal mənzildə onunla qonşu olub. Onlar İçərişəhərdə, Əli Bayramov küçəsi, 25 nömrəli evdə yaşayır, axşamlar isə bir-birinə qonaq gedirmişlər. Kitabın qəhrəmanı da bura tez-tez baş çəkərmiş. Zərifə xanım o günləri belə xatırlayır: "Atamı yazıçılardan Məmməd Səid Ordubadi, İslam Səfərli, Səməd Vurğun yaxşı tanıyırdılar. Mənzilimizdə bədii qiraət gecələri keçirərdilər. Bəzən Bakıya, qardaşıgilə qonaq gələn Heydər Əliyev də bu tədbirlərdə iştirak edərdi. Heydər Həsən müəllimgilə qonaq gələndə, qardaşlarım nərd oynayardılar. Onu da deyim ki, Heydər uduzmağı xoşlamırdı... Bir gün onlar yenə də nərd oynayırdılar. Oyunu bitirəndən sonra Heydər mənə dedi: "Zərifə, belə otur, şəklini çəkim". Çəkdi. Portret mənim çox xoşuma gəldi. Mən onu aparıb çarpayımın üstündən asdım. Sonra biz Ordubada köçdük, portreti rayona gətirdim. Sonralar onu özümlə albomda gəzdirirdim. Biz Bakıdan Ordubada köçəndə mənə məxsus əşyalarımdan yalnız bu portreti götürdüm. Onu çantamda gizlətdim. O, mənim üçün həyatda hər şeydən qiymətli idi. Sonralar hara köçürdümsə, bu şəkli özümlə götürürdüm. Onu cehiz kimi ərimin Ordubaddakı evinə də gətirdim".

Ümummilli lider Heydər Əliyevin gənc vaxtlarında böyük ustalıqla çəkdiyi rəsmlərdən biri olan və öz əli ilə yazdığı "Zərifənin şəkli" rəsm əsəri bu gün də çox maraqla nümayiş etdirilir.

Mirzə Vahab Həsənzadə 1935-1938-ci illərdə Tarix, Dil və Ədəbiyyat İnstitutunun "Azərbaycan tarixi" şöbəsində kiçik elmi işləyərkən həm də tərcüməçiliklə məşğul olub. O, Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sini ruscadan, Səədullanın Azərbaycanın tarixindən bəhs edən "Zübdət-ət-Təvarix"ini farscadan, həmçinin, Nizamülmülkün "Siyasətnamə"sini, Həmdulla Qəzvininin, Şeyx Fəzlullahın, Mirzə Mehdixanın, Mirxondun, Xandəmirin, Mirzə Məmməd Tağı xanın və digərlərinin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. O, 1937-ci ilin avqustundan dövlət tapşırığını yerinə yetirmək üçün Din Tarixi Muzeyinin açılışı işlərinə cəlb edilmişdi.

1941-ci il dekabrın 19-da Azərbaycan SSR  XDİK orqanları tərəfindən "əksinqilabi ədəbiyyatı saxlamaqda" təqsirli bilinərək həbs edilmiş və 5 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Mənzilində aparılan axtarış zamanı tapılan kitablar (ərəb əlifbası ilə) "zərərli" olduqlarına görə SSRİ  EA Azərbaycan Filialının xüsusi şöbəsinə təhvil verilərək məhv edilməli idi. Həmin kitabların Filialın xüsusi şöbəsinə təhvil verilməsi haqqında özünün qeyd aparmasına baxmayaraq, əslində, onlar onun kitabxanasında saxlanılırdı.

Beləliklə, öz həyatı və azadlığı hesabına o nadir əlyazmaları və kitabları məhv olmaqdan xilas etmişdi. Əslində, Mirzə Vahabı 1918-1920-ci illərdə erməni daşnaklarına qarşı vuruşduğu üçün sovet çekistləri (ermənilər) mühakimə edir və incidirdilər. Onun foto arxivində 1919-cu ildə Yuxarı Əylis kəndində türk zabiti Ədib bəylə birlikdə şəkli də vardır. Həbsdən sonra Azərbaycana qayıdan Mirzə Vahaba Bakıda və Naxçıvanda yaşamağa icazə vermirlər. 1944-cü il mart ayının 30-dan Azərbaycan Maarif Nazirliyinin əmri ilə Quba iki illik Dövlət Müəllimlər İnstitutuna fars dili və Azərbaycan orta əsrlər ədəbiyyatı müəllimi təyin olunur. Həmin illərdə o, institutun kitabxanasına həm də müdir təyin edilir. Təqaüdə çıxandan, daha doğrusu, 1956-cı ildən sonra ana vətəni Yuxarı Əylisə dönmüş və ömrünün qalan 4 ilini ailəsi və balaları ilə birlikdə keçirmişdi. Qeyd edək ki, Mirzə Vahabla Həlimə xanımın nikahından iki oğlu və bir qızı olub. Oğlanları Turan və Rauf, qızları Zərifə. Mirzə Vahab və ömür-gün yoldaşı Həlimə xanım öz övladlarını da Azərbaycana layiq böyütmüşlər və onlar ali təhsilli mütəxəssislər kimi fəaliyyət göstərmişlər.

Görkəmli siyasi xadim və maarifpərvər ziyalı, böyük alim Mirzə Vahab Həsənzadə 1960-cı il yanvarın 14-də, ürəkdən sevdiyi Yuxarı Əylis kəndində vəfat edib və orada dəfn olunub.

 





07.06.2019    çap et  çap et