525.Az

Bakıda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” müzakirə olunub


 

Bakıda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” müzakirə olunub<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bakıda dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıların iştirakıyla “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı keçirilib. DQİDK-nin mətbuat xidmətinin məlumatına görə, əvvəlcə konfrans iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, bu konfransın Azərbaycanın 8 bölgəsində keçirilən silsilə tədbirlərin yekunu olduğunu diqqətə çatdırıb. Komitə sədri Azərbaycan zəvvarlarının, o cümlədən dini icma fəallarının bu gün həcc ziyarətinə yola düşəcəyini vurğulayaraq bütün zəvvarlara uğurlu yol arzulamış ibadətlərinin, o cümlədən dövlətimizin inkişafı naminə edəcəyi duaların qəbul olunmasını diləyib. Konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırıb,  dövlətin din siyasətinin pozitiv dünyəviçilik əsasında qurulduğunu vurğulayaraq bunun nümunəsi kimi son illərdə dövlət başçısının qayğısı nəticisində ibadət evlərinin təmiri, bərpası və yenidən əsaslı şəkildə qurulması istiqamətində həyata keçirilən işlərdən söhbət açıb.

E.İskəndərov ölkəmizdə dinlərarası tolerantlığın yüksək səviyyədə olduğunu bildirib və ötən həftə Nyu Yorkda, BMT-nin mənzil qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə “Milli Tolerantlıq Mərkəzinin layihəsi olan “Azərbaycan – tolerantlıq məkanı” adlı fotosərginin açılmasını bunun ən yüksək bariz nümunəsi olduğunu qeyd edib. Dini icmalarla dövlət arasında, həmçinin müxtəlif dinlərə mənsub olan icmalar arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq bildirib ki, son bir ildə icmaların daha çox sosial layihələrə cəlb edilməsi onların cəmiyyətdə daha aktiv fəaliyyətini təmin etmiş olur.  Dövlət Komitəsinin sədri dini icmaları sosial yönümlü layihələri, o cümlədən müxtəlif problemləri ilə əlaqədar bundan sonra da Dövlət Komitəsi ilə sıx əməkdaşlığının zəruriliyini önə çəkərək bu istiqamətdə birgə fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.

Konfransda bildirilib ki, bu gün ölkədəki tolerantlıq mühitinin, dini dözümlülüyün qorunub saxlanılması əsas məsələlərdən biridir: “Ölkədə tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verilir. Azərbaycan cəmiyyəti digər müsəlman ölkələri ilə müqayisədə daha tolerant və dünyəvidir. Azərbaycanda heç vaxt məzhəb qarşıdurması və radikalizm olmayıb. Hazırda ölkə üzrə 1802 məscid fəaliyyət göstərir, eyni zamanda 550-ə yaxın pir və ziyarətgah var”.

Tədbirdə həmçinin qeyd olunub ki, son illərdə dövlət başçısının qayğısı nəticisində 2003-2013-cü illər ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidənqurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub. Dövlət Komitəsinin sədri bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışıb: “Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir”.

Konfransda həmçinin vurğulanıb ki, son zamanlar zərərli cərəyanlar din adında istifadə etməklə öz ideologiyalarını yaymağa çalışırlar: “Biz bunu dünyanın müxtəlif ölkələrində görürük. Azərbaycanda bu istiqamətdə problem nəzərəçarpacaq dərəcədə olmasa da, deyə bilmərik ki, biz bundan tam sığortalanmışıq. Amma düzgün dini təbliğat, insanlara dinimizi mükəmməl şəkildə çatdırmaq siz dini icmaların üzərində olan əsas vəzifədir. Odur ki, dini icmalar bu işdə xüsusilə fəallıq göstərməlidirlər”.

Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, hazırda ölkəmizdə bütün sahələrdə olduğu kimi din sahəsində də uğurlu addımlar atılır: “Bu isə öz növbəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir. Silsilə şəklində regionlarda keçirilən belə konfransın məqsədi dövlətinə, xalqına, Vətəninə, dininə bağlı olan insanlar yetişdirməkdir”.

Toplantıda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (DƏ-İKGF, ARM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə “Dini icmaların sosial layihələrinə dəstək proqramı”nın qalibləri elan olunub və onlara layihələrin icrası ilə bağlı sertifikatlar təqdim edilib. Dini icmaların sosial layihələrə cəlb edilməsi məqsədilə Ramazan ayı ərəfəsində elan edilmiş proqrama  hər biri 5000 manat olmaqla 40-a yaxın layihə təqdim olunub.

Daha sonra çıxış edən dini icma nümayəndələri ilk növbədə Dövlət Komitəsinə bu təşəbbüsü üçün təşəkkürünü bildiriblər. Qeyd ediblər ki, xüsusən də son bir ildə dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir. DQİDK tərəfindən dəstəklənən “Qazi Qarabağ azanı” layihəsini, “Axund və imamlar üçün xütbə vəsaiti” və Milli Tolerantlıq Mərkəzinin yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Respublika konfransı “Milli-mənəvi dəyərlərə baxış: tarixilik və müasirlik”, “Dini radikalizm və onunla mübarizə üsulları”, “İslamda orta yol” panelləri üzrə   “Milli-mənəvi dəyərlərimizə dövlət qayğısı”,  “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, “İslamın radikalizmə və ifratçılığa qarşı münasibəti”, “Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası”,  “Vəhdət naminə məzhəblərarası dialoq”,  “Vətənpərvərlik milli-mənəvi dəyər kimi” mövzularında məruzələrlə davam edib.

Xatırladaq ki, eyniadlı analoji konfranslar bundan əvvəl Gəncə, Sumqayıt, Quba, Lənkəran, Şamaxı, Ağcabədi, Oğuz, Qəbələ kimi şəhərlərdə də keçirilib. Sözügedən sonuncu Bakı konfransı həmin silsilə tədbirlərin yekunu kimi təşkil edilib.

S.MÜRVƏTQIZI

 





04.10.2013    çap et  çap et