525.Az

"Bizdə şeir də var, sənət də vardır" kitabı təqdim olundu


 

"Bizdə şeir də var, sənət də vardır" kitabı təqdim olundu<b style="color:red"></b>

Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun "Bizdə şeir də var, sənət də vardır" adlı kitabının təqdimatı keçirilib.

Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov Ramiz Göyüşovu təbrik edərək bildirib ki, onun tədqiqatlarının mühüm cəhətlərindən biri bugünkü ictimai düşüncəni tamamilə əks etdirməsidir. Bu gün ictimai-siyasi sahədə fəaliyyət göstərən, siyasi prosesləri, hadisələri yaxından bilən, izləyən insan kimi onun yazıları mühüm əhəmiyyət daşıyır.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ramiz Göyüşovu kitabının  nəşri münasibətilə təbrik edərək bildirib ki, onun toxunduğu mövzular ətraflı və çox əhatəlidir. Bu tədqiqatların hər biri dərin araşdırmaların nəticəsidir.

Qazax Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycan Texniki Universitetin prorektoru, professor İlham Pirməmmədov çıxışında tanınmış insanlar haqqında fikir bildirmək, məqalə yazmaq, təhlil etməyin hər adama xas olmadığını bildirib: "Bu təhlillər zəngin dünyagörüşü və tədqiq etdiyin şəxsiyyət və onun dövrü haqqında bilgi tələb etdiyindən bunu ancaq geniş mütaliəyə malik olan insanlar edə bilər. Ramiz Göyüşov ictimai xadim kimi ölkənin siyasi proseslərində, mədəni həyatında iştirak etdiyi kimi, həm də ədəbiyyatımızın keşiyində dayanır".

 Kitabın ön sözünün müəllifi, ədəbiyyatşünas alim, professor Rüstəm Kamal ilk dəfə qeyri-filoloqun məqalələr toplusuna ön söz yazdığını və bu halın xoş istisna olduğunu vurğulayıb. O bildirib ki, R.Göyüşov uzun illər yerli icra hakimiyyəti orqanlarında rəhbər vəzifələrdə çalışması ilə bərabər, həm də səmimi ədəbiyyatşünasdır: "O, yazdığı məqalələri ruhən duyaraq onunla sanki sirdaş olur. Onları özünün xatirə, ömür məkanına daxil edir və onlarla doğmalaşır".

"Bələdiyyə xəbərləri" saytının baş redaktoru Vüqar Tofiqli Ramiz Göyüşovu yenicə işıq üzü görən kitabı münasibətilə təbrik edib, kitaba daxil edilən məqalələrin bir çoxunu oxuduğunu, bu məqalələrin hər birini tədqiqat əsəri hesab etdiyini vurğulayıb, müəllifə yaradıcılığında yeni uğurlar arzulayıb.

Təqdimatda Filologiya elmləri doktoru, professor Məti Osmanoğlu, professor Məhəbbət Dəmirçiyeva, şairlər - Ramiz Məmmədzadə, Oktay Rza, Zaməddin Ziyadoğlu, Rafail İncəyurd, İbrahim İlyaslı və başqaları çıxış edərək kitab və kitabdakı məqalələr haqqında təəssüratlarını bölüşdülər.

Təqdimatın sonunda çıxış edən kitabın  müəllifi Ramiz Göyüşov ona göstərilən diqqət və qayğıya görə tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

 





08.06.2019    çap et  çap et