525.Az

Kitabçılığa dəyən zərbələr, yaxud kitaba biganəliyin yeni təzahürü - Mövqe


 

Kitabçılığa dəyən zərbələr, yaxud kitaba biganəliyin yeni təzahürü - <b style="color:red">Mövqe </b>

Paytaxt Bakıda kitab mağazalarının sayının xeyli az olması ilə bağlı giley və narazılıqlar son zamanlar sıx-sıx səslənir. Sovetlər dönəmində şəhərdə onlarla kitab mağazası olduğu halda, indi bu say dəfələrlə azdır. Paytaxtda 3 milyona yaxın adamın yaşadığını nəzərə alsaq, təqribən 300 min nəfərə bir kitab mağazası düşür. Bəs görəsən, kitab mağazalarının sayının azalmasının səbəbi nədir: oxucuların azlığı, yoxsa kitab biznesinin çətinliyi? Paytaxt rəhbərliyi bu istiqamətdə necə bir mövqe tutub və onun yanaşmasının kitabçılığa nə kimi təsiri var?

Mövcud durumu öyrənib oxuculara çatdırmaq üçün "525-ci qəzet"in əməkdaşı "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğluyla söhbətləşib.

Ş.Xuduoğlu ilk növbədə bildirdi ki, hazırda Bakı Şəhəri İcra Hakimiyyətinin paytaxtda kitabın təbliğinə kifayət qədər şərait yaratmamasından və gömrük orqanlarında kitaba görə tətbiq edilən cərimələrdən olduqca narazıdır. "Gənclik" metrosunun və Hökumət Evinin yaxınlığında fəaliyyət göstərən kitab satışı məkanlarının ləğv olunmasından şikayətlənən naşir, bukinistlərin kirayə qiymətlərini kitab satmaqla ödəyə bilmədikləri üçün öz yerlərini masajxanalara verməyə məcbur olmalarını da dərin təəssüflə qeyd edib.

Ş.Xuduoğlunun fikrincə, kitab dükanları ən azı Bakıdakı teatrlar qədər qorunmalı, mümkün qədər rahat fəaliyyətinə şərait yaradılmalıdır.

"Qanun"un indiyə qədər parklarda keçirilən yarmarkalar hesabına çox sayda oxucu, kitab dostunun tanıdığını deyən naşir bildirib ki, son aylar bu sahədə ciddi çətinliklə üzləşirlər: "Bakı şəhərinin yeni başçısı bu ildən paytaxtda kitab yarmarkasına icazə vermir. Biz hər il parklarda kitab yarmarkaları təşkil etməklə yaddaşları təzələmək istədik. "Əlyazmalar yanmır deyirlər, amma "kitablar unudulur", lazım gələndə hətta "yandırılır" - biz bunu öz təcrübəmizdən bilirik. Bakı Şəhər Ticarət Departamentindən, haqqı ödənilməklə, "Nərimanov" və "Elmlər Akademiyası" parkında yaz-yay aylarında endirimli yarmarkalar təşkil edirdik. Yazarlarla, jurnalistlərlə birgə kitab satırdıq. Parklarda gəzişən, təsadüfi keçən insanlara yeni kitabları nümayiş etdirir, bəzən bütün günü kitablardan danışırdıq. Bizi və oxucuların bundan məhrum edilməsinin səbəbi hələ də qaranlıq qalır".

Gömrük orqanlarında aparılan islahatlara, qanunvericilikdə edilən dəyişikliklərə münasibət bildirən Ş.Xuduoğlu 2019-cu il fevralın 1-dən qüvvəyə minən qanunun sahibkarların fəaliyyətini, o cümlədən, kitabçılıqla bağlı işləri çətinləşdirdiyindən narahatlığını ifadə edib: "Gömrük Məcəlləsinin 113-cü maddəsinə edilən əlavəyə əsasən, ölkəyə gətirilən "mallar" gömrük ərazisinə çatmazdan əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməsi tələb olunur. Bəyannamə vaxtında verilmədiyi halda İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən vəzifəli şəxslər min manat, hüquqi şəxslər isə min beş yüz manat cərimə ödəməyə məcbur olur. Təcrübədə belədir ki, sahibkarlar tələb olunan bu bəyannaməni kitab yükü Azərbaycana gələndən sonra, yol sənədlərinə əsasən gömrük orqanlarına təqdim edə bilirlər. Bəyannamənin yük gəlməmişdən əvvəl gömrük orqanlarına təqdim edilməsi mümkünsüzdür. Belə bir mümkünsüz addıma görə də cərimə ödəməklə xeyli miqdarda zərərə düşürük. Bu da kitabçılığa növbəti zərbədir".

Qeyd edək ki, Ş.Xuduoğluyla ölkədəki kitabçılıq sahəsində problemlər və digər məsələlərlə bağlı geniş söhbətin növbəti sayımızda dərc olunması nəzərdə tutulur.

Şəhla Aslan

 





08.06.2019    çap et  çap et