525.Az

Rasim Musabəyov: "Qarabağda bu işi təkrar etmək istəyən artıq anlayacaq ki…"


 

Rasim Musabəyov: "Qarabağda bu işi təkrar etmək istəyən artıq anlayacaq ki…"<b style="color:red"></b>

"Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 2018-ci il 22 oktyabr tarixli qeyri-qanuni "saziş"in ləğv olunmasına dair qərarı ilk növbədə bir president olduğu üçün mühüm əhəmiyyət daşıyır". 

Bu fikirləri qeyd edilən məsələyə münasibət bildirən millət vəkili, politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, digər tərəfdən bu, Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinə ağır zərbə oldu. Deputat xatırladıb ki, Azərbaycan hökuməti Xarici İşlər Nazirliyi vasitəsilə bu məsələdə öz sərt etirazını qarşı tərəfə çatdırmışdı: "Fransanın Bakıdakı  səfiri XİN-ə dəvət olunaraq ona belə hərəkətlərin Azəbaycan-Fransa münasibətlərinə və Parisin ATƏT-in Minsk qrupundakı vasitəçi kimi tərəfsizliyinə kölgə saldığını aydın şəkildə bildirilmişdi. Nəzərə alınmalıdır ki, bu cür əlaqələr Fransa qanunlarına da ziddir. Fransada qanun var və orada regionların əlaqələrini tənzimləyən şərtlər öz əksini tapıb. Tanınmamış hansısa qurumlarla bu cür "saziş" əsasında münasibət yaratmaq Fransa qanunlarına ziddir".

R.Musabəyov əlavə edib ki, Azərbaycan Fransa üçün həm ticarət, həm siyasi baxımdan önəmli bir tərəfdaşdır: "Fransa XİN və Daxili İşlər Nazirliyi məhkəməyə bu cür məsələlərə son qoyulmasına dair bir tövsiyə göndərmişdir. Məhkəmə də bu məsələyə baxaraq konkret olaraq həmin "saziş"i ləğv etdi. Həmin "saziş"i hazırlayan və imzalayan merə də cəza nəzərdə tutdu. Bu, ilk növbədə ona görə vacibdir ki, bir presidentdir. Sabah erməni lobbilərinin təsirinə düşən, yaxud əslən erməni olan hansısa bir fransız şəhərinin meri gedib Qarabağda belə işi təkrar edəcəyi halda, anlayacaq ki, məhkəmədə cavab verməlidir, onu cəza gözləyir, imzalayacağı sənəd isə ləğv ediləcək. Bu baxımdan mənə elə gəlir ki, qərar çox əhəmiyyətlidir". 

Politoloq digər bir məsələyə də diqqət çəkib. Deyib ki, Fransa parlamenti qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanun qəbul etmişdi. Amma Fransanın Konstitusiya Məhkəməsi bunu konstitusiyaya zidd, söz azadlığına qəsd adlandırdı və qərarı ləğv etdi: "Yəni kimlərsə "soyqırımın" yalan  olduğunu desə, inkar etsə,  buna görə cəzalandırılmayacaq". Deputat bundan sonra separatçılarla əlaqələrin qurulmasına hansısa cəhdlərin olacağını istisna etməyib, lakin onları cilovlamaq üçün hüquqi mexanizmin mövcudluğunu əlavə edib: "Fransa məhkəmələri birdən-birə düşünməyiblər ki, ədaləti təmin etmək lazımdır. Əlbəttə ki, bu, görülmüş işlərin, konkret olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı danışıqların, Xarici İşlər Nazirliyinin sərt reaksiyasının və bunların arxasınca da Azərbaycan səfirliyinin mütəmadi apardığı iş və səylərin nəticəsidir".

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi öz açıqlamasında Fransa məhkəməsinin bu "saziş"in ləğv olunmasına dair 29 may tarixli qərarını alqışlayıb. XİN bəyan edib ki, Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması, yüz minlərlə insanın zorla qovulduqları evlərinə geri dönüşünün qarşısının alınması, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətin həyata keçirilməsi, bu gün bölgədə davamlı sülh və təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinin tapdanılmasıdır: "Fransada, eləcə də dünyanın digər məntəqələrində yaşayan ermənilər anlamalıdırlar ki, bölgənin, ilk növbədə isə Ermənistanın gələcək inkişafı məhz ölkələr arasında normal qonşuluq münasibətərinin yaradılması, işğalçılıq siyasətinə son qoyulması və beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətlə yanaşılmasıdan asılıdır.

PƏRVANƏ

 





09.06.2019    çap et  çap et