525.Az

"Rusiya prezidenti Paşinyanın rəqiblərinə simpatiya bəsləyir"


 

"Rusiya prezidenti Paşinyanın rəqiblərinə simpatiya bəsləyir"<b style="color:red"></b>

"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə qapalı görüşlərdə danışdıqlarını yazılı şəkildə, nöqtə-vergülünə qədər işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejmin rəhbəri Bako Saakyana çatdırsa da, xeyri yoxdur. Çünki separatçılar Paşinyana müvəqqəti fiqur kimi baxırlar və inanırlar ki, Qarabağ klanı Moskvanın dəstəyi ilə onu hakimiyyətdən uzaqlaşdıracaq".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Dövlət başçısı İlham Əliyevin iyunun 3-də Rusiya prezidenti Vladimir Putinə telefonla zəng etdiyini xatırladan politoloq deyib ki, Azərbaycan prezidenti Rusiyanın Surqut şəhərinin hava limanına görkəmli neftçi Fərman Salmanovun adının verilməsi ilə bağlı rusiyalı həmkarına təşəkkürünü bildirib: "Telefon söhbəti zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əldə edilmiş nailiyyətlərdən məmnunluq ifadə olunub. Azərbaycan və Rusiya prezidentləri əlaqələrimizin inkişafına dair müxtəlif məsələlər və əməkdaşlığımızın perspektivləri, eləcə də gələcək təmaslar haqqında fikir mübadiləsi aparıblar".

E.Şahinoğlunun sözlərinə görə, maraqlıdır ki, bir neçə gün əvvəl Putin Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib onu ad günü münasibətilə təbrik etmişdi: "Putin Paşinyanla telefon danışığında da münasibətlərin inkişafı haqqında oxşar sözləri demişdi. Digər tərəfdən, Putin hava limanlarına ad qoyması məsələsində də balansı qoruyub. Surqut şəhərinin hava limanına Fərman Salmanovun adı verildi. Azərbaycanlı Fərman Salmanov Sibirdə neft istehsalında vacib rol oynayıb. Putin, eyni zamanda, Simferopol hava limanına İvan Ayvazovskinin adını verib. Ayvazovski milliyətçə erməni rəssam olub. Yəni bu yolla Putin azərbaycanlılarla ermənilər arasında balansı saxlamış oldu".

Mərkəz sədri hesab edir ki, Putinin Ermənistanın baş nazirə zəng etməsinə baxmayaraq, Rusiya prezidenti Paşinyanın rəqiblərinə simpatiya bəsləyir: "Bunu Paşinyan da bilir, ancaq mövcud reallığı dəyişə bilmir. Dağlıq Qarabağ separatçıları əvvəlki kimi Paşinyana problem yaradırlar. Misal üçün, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Paşinyanla görüşəndə onun fikirlərinə etiraz etmir, hətta razılaşdığını bildirir. Ancaq daha sonra Qarabağ separatçıları xəbər yayırlar ki, Paşinyan guya torpaqları Azərbaycana qaytarmaq istəyir. Paşinyan Bako Saakyanı hətta onda ittiham edir ki, separatçıların lideri müşavirlərinə Ermənistanın baş naziri əleyhinə statuslar yazmağı tapşırır. Ciddi ittihamdır".

"Paşinyan etiraf edir ki, bağlı qapılar arasında Qarabağla bağlı aparılan danışıqların bütün təfərrüatlarını Bako Saakyana təqdim edib. Halbuki Paşinyanın iddiasına görə, Ermənistanın ondan əvvəlki liderləri Bako Saakyana heç bir məlumat vermirdilər. Başqa sözlə, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan Qarabağdakı tərəfdarlarına yuxarıdan aşağı baxırdılar", - deyə politoloq bildirib.

E.Şahinoğlunun fikrincə, Qarabağ separatçıları eks-prezidentlər Koçaryan və Sarkisyandan ona görə hesabat istəmirdilər ki, separatçı olan hər ikisi Azərbaycan torpaqlarının işğalına bilavasitə rəhbərlik ediblər, yəni Bako Saakyandan biri idilər: "Paşinyan isə onlardan biri deyil. Ona görə də Dağlıq Qarabağ separatçıları ona etibar etmirlər. Paşinyan İlham Əliyevlə qapalı görüşlərdə danışdıqlarını yazılı şəkildə nöqtə-vergülünə qədər Bako Saakyana çatdırsa da, xeyri yoxdur. Çünki separatçılar Paşinyana müvəqqəti fiqur kimi baxırlar və inanırlar ki, Qarabağ klanı Moskvanın dəstəyi ilə onu hakimiyyətdən uzaqlaşdıracaq".

C.ABASOV

 





09.06.2019    çap et  çap et