525.Az

Afad Qurbanovun yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi


 

Afad Qurbanovun yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi<b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, görkəmli dilçi-alim, türkoloq Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş "Müasir dilçiliyin aktual problemləri" mövzusunda beynəlxalq elmi konfransı keçirilib.

ADPU-dan verilən məlumata görə, konfransın plenar iclasını giriş sözü ilə açan universitetin rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, mərhum alim A.Qurbanovun 90 illik yubileyi münasibətilə ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Görkəmli alim A.Qurbanovun həyatının böyük bir hissəsi ADPU ilə bağlı olub. ADPU-nun rektoru işlədiyi müddətdə universitetin tamamilə yenidən qurulması, maddi-texniki bazanın gücləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni kafedraların, regionda ilk hərbi fakültənin yaradılması, çoxmərtəbəli tədris binasının tikintisi, habelə sədri olduğu filologiya və pedaqogika üzrə müdafiə şuralarının işinin keyfiyyətinin artırılması A.Qurbanovun adı ilə bağlıdır. Onun çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitləri dünya və milli dilçilik xəzinəsinin ən kamil, dəyərli incilərindəndir. Məşhur alimin müxtəlif ideyalarla zəngin elmi irsi Azərbaycan dilçilərinin yaradıcılığının inkişafına güclü təsir göstərməkdədir".

Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək bildirib ki, çoxşaxəli və çoxcəhətli elmi fəaliyyəti ilə dilçilik elmimizə layiqli töhfələr verən, özünəməxsus yaradıcılıq dəst-xəttinə malik olan A.Qurbanov elmi məktəb yaradıb. Şərəfli-müəllim alim ömrü yaşamış A. Qurbanov bacarıqlı və təcrübəli elm və təhsil təşkilatçısı olub. Vətənpərvər ziyalı A.Qurbanov ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib.

Türk Dil Qurumunun sabiq sədri, Hacətəppə Universitetinin Sözlükçülük Mərkəzinin sədri, professor Şükrü Halük Akalın isə bildirib ki, professor A.Qurbanov bütün Türk dünyasında, o cümlədən, Türkiyədə yaxşı tanınan nüfuzlu bir alim olub.

Böyük alimlə bağlı xatirələrini bölüşən professor Ş.H.Akalın vurğulayıb ki, A.Qurbanov gözəl ailə başçısı, qayğıkeş ata olub. 5 övladını faydalı insan, həqiqi vətəndaş, yüksək səviyyəli elmi mütəxəssislər kimi yetişdirib.

Plenar iclasda A.Qurbanovla bağlı sənədli film nümayiş etdirilib.

AMEA-nın Humanitar elmlər bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri, professor Marika Jikia, Serbiya Elmlər və İncəsənət Akademiyasının Serb Dili İnstitutunun İdarə Heyətinin üzvü, professor Marija Dindic və başqaları çıxış edərək A.Qurbanovun yüksək intellekt səviyyəsinə, geniş dünyagörüşünə, zəngin mənəviyyata malik alim, təmkinli və müdrik ziyalı olduğunu xüsusi vurğulayaraq türkologiya elminin inkişafına dəyərli töhfələr verdiyini bildiriblər.

 





09.06.2019    çap et  çap et