525.Az

Məni bağışla deyirəm, yaxşımı?.. - Teymur Bünyadov


 

BÖYÜK YAZIÇI VƏ MÜƏLLİM İSMAYIL ŞIXLININ RUHUNA XİTAB

Məni bağışla deyirəm, yaxşımı?.. - <b style="color:red">Teymur Bünyadov </b>

Xalqımız əsrlər boyu 50-dən çox peşə-sənət növü yaradıb və yaşadıb. Hərəsinin də öz yeri, məqsədi, vəzifəsi. Lakin onların arasında ucadan uca, əlçatmaz olan müəllimlik sənətidir. Əzəli, əbədi müəllimlik sənəti. Xalqımızın inkişafında xüsusi yeri olan müəllimlik sənəti. İşıq saçan, nur paylayan müəllimlik sənəti.

Tarixən məlumdur ki, müəllimi güclü olan xalq güclülər arasında yer alır, zəif olanın isə vayına otur, ağla. Xoşbəxtlikdən xalqımız bu işdə güclülər, öncüllər sırasındadır. Xalqımızın müəllimlik işığına şam-çıraq tutan, onu məşələ çevirənlərdən biri, heç şübhəsiz, İsmayıl Şıxlıdır. Xalqımız ürək genişliyi ilə balalarını İsmayıla etibar etmiş, "oxut" demiş, "öyrət" demiş, "kamala yetir" demişdir. İsmayıl da onlara valideynlik qayğısı göstərib, onları pərvazlandırıb, xoşbəxt gələcəyə uğurlayıb.

Həqiqətdir ki, yüzillər boyu müəllimlik sənəti ilə bağlı müdrik fikirlər söylənib. Hərəsinin də öz yeri, təsiri, məqsəd-məramı. Onlardan bəzilərini xatırlamaq yerinə düşərdi.

2400 il əvvəl yaşamış yunan mütəfəkkiri Platon yazır: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim məni yerdən göyə qaldırdı". Nə böyük ibrətamizlik! Filosof, bəlkə də, İsmayıl Şıxlı kimi müəllimləri nəzərdə tuturmuş. Yox, elə bəlkəsiz, İsmayıl Şıxlı kimi müəllimləri deyirmiş.

Şərqin böyük şairi və mütəfəkkiri Sədi Şirazi özünün "Gülüstan"ında yazır: "Bir gün şah gümüş lövhənin üzərinə qızıl hərflərlə: "Mən valideynlərimin nəvazişindən çox müəllimimin tələbkarlığına borcluyam" - yazır. Nə böyük məna var bu kəlamda, İlahi! Yenə də gözlərimin önünə İsmayıl Şıxlı gəlir.

İsmayıl Şıxlının qoşa qanadının biri müəllimlik, biri yazıçılıqdı. Bu qanadlar qoşalaşanda arzuları kama yetmiş, mətləbləri hasil olmuşdu.

İsmayıl Şıxlının şah əsəri olan "Dəli Kür" xalqımızın ruhunu oxşadı, qəlbində yer tutdu. Qəribədir, hər İsmayıl Şıxlının "Dəli Kür"ünü xatırlayanda qeyri-ixtiyarı irlandiyalı E.L.Voyniçin yeganə romanı "Ovod" yadıma düşür. Bu əsər dünyanı fəth elədi, milyonların qəlbinə hakim kəsildi. "Dəli Kür" kimi.

Məsləkdaşım, dost-mehribanım, unudulmazım, qohumum, qonşum, İsmayıl. Nə yazıq ki, sənin 100 illik yubileyində iştirak edə bilmədim. Gözüm nurdan, ürəyim təpərdən, varlığım hünərdən qaldığına görə. Ruhuna müraciət edir, məni bağışla deyirəm, yaxşımı?..

 





09.06.2019    çap et  çap et