525.Az

Əhməd Bəy Ağaoğlu şəxsiyyəti - Təhminə Vəliyeva yazır


 

Əhməd Bəy Ağaoğlu şəxsiyyəti - <b style="color:red">Təhminə Vəliyeva yazır </b>

Milli müstəqillik sözlərə, fikirlərə ədəbiyyata da yeni can, yeni ruh gətirdi. Xalqımızın mədəni-mənəvi irsini öyrənmək, özünü tanımaq fürsəti ələ düşdü.

Bizdən gizli saxlanılan həqiqətləri, bizə yanlış tanıdılan şəxsiyyətləri! Sovet ədəbiyyatında mürtəce romantizmin nümayəndəsi kimi verilən, "pantürkist", "panislamist" damğaları vurulan Əhməd bəy Ağaoğlu da bu şəxsiyyətlər sırasında idi. Ancaq həqiqət bir gün zühur edir. Elmi həqiqətə susayan tədqiqatçılarda Əhməd bəy Ağaoğlu şəxsiyyəti və yaradıcılığını öyrənmək istəyi baş qaldırdı. Onların sırasında ədibin irsinin öyrənilməsi istiqamətində görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədovun apardığı tədqiqatları uğurla davam etdirən və daha yüksək səviyyəyə qaldıran Vilayət Quliyevin adı xüsusi yer tutur. O, "Əhməd bəy Ağaoğlu kimdir?" sualına hələ 1997-ci ildə nəşr etdirdiyi "Ağaoğlular" adlı monoqrafiyasında elmi şərh vermişdi. Əhməd bəy Ağaoğlu ilə bizi tanış etdiyinə görə Vilayət Quliyevə minnətdar olmaq mənəvi borcumuzdur. Daim dövri mətbuatda Ə.Ağaoğlu irsinin tədqiqinə dair sanballı məqalələrlə çıxış edən V.Quliyev ədibin 150 illik yubileyi ərəfəsində də ciddi fəallıq göstərir. O, bu münasibətlə "Atatürk və Əhməd Ağaoğlu" və "Əhməd bəy Ağaoğlu: Xatirələr" kitablarını nəşr etdirdi.

Ədibin çoxşaxəli həyat və fəaliyyətini öyrənmək baxımından zəngin material verən "Əhməd bəy Ağaoğlu: Xatirələr" kitabında "Altmış yeddi il sonra" və "Sərbəst firqə xatirələri" adlı memuarları yer alır. "Sərbəst firqə xatirələri" daha öncə  ixtisarla Ağaoğlunun "Seçilmiş əsərləri"nə daxil edilmişdi. Burada isə memuar tam variantda Azərbaycan oxucusuna təqdim edilir. Həmçinin, kitab vasitəsilə ədibin ilk dəfə "Altmış yeddi il sonra" adlı xatiratı ilə tanış oluruq. Kitabın tərtibçisi, ön söz, izah və şərhlərin müəllifi Vilayət Quliyev həm də xatiratı Türkiyə türkcəsindən Azərbaycan dilinə çox gözəl uyğunlaşdırıb. Memuarların bədii dil xüsusiyyətləri elə qorunub, Ə.Ağaoğlunun yazı üslubu, deyim tərzi elə gözlənilib ki, əsərin tərcümə olunduğu hiss edilmir. Bunu V.Quliyevin uzun illər Əhməd bəy Ağaoğlunun yaradıcılığı üzərində tədqiqat aparması və tərcümə sahəsində yetərincə təcrübəsi olması ilə də əlaqələndirmək olar. Əhməd bəy Ağaoğlunu "əsrin əvvəllərində Bakıdakı "müsəlman mühiti"nin daim oyaq olan vicdanı" adlandıran V.Quliyev onun həyati mübarizəsindən səmimi bir dillə bəhs açır. Ədəbiyyatşünas alimin kitaba yazdığı "Əhməd bəy Ağaoğlu: hadisələrlə zəngin ömürdən iki xatirə" adlı ön sözdə də ədibə olan ehtiramı, sevgini duymaq olur. V.Quliyevin "Əhməd bəy Ağaoğlunun cild-cild kitablara, böyük seriallara material verən həyat yolunu göz önündə canlandıranda istər-istəməz insanın qəlbində bir istək baş qaldırır - kaş ki ümumtürk mədəniyyətinin və ictimai fikrinin inkişafına əvəzsiz xidmətlər göstərmiş bu böyük şəxsiyyət öz ömür salnaməsini özü qələmə almış olaydı!" qeydi isə qələmə alınmamış ssenarinin yazılmasına rəvac verə bilər.

"Əhməd bəy Ağaoğlu: Xatirələr" kitabı oxucunun "Əhməd bəy Ağaoğlu kimdir?" sualına cavab tapmasına əyani köməklik göstərir. XX əsrin əvvəllərində Türkiyənin ictimai-siyasi həyatında baş verənlərin bədii əksi Ə.Ağaoğlu xatirələrində yer alır. O, həmin dövrdə Türkiyədə baş verənlərin izləyicisi yox, fəal iştirakçısı olduğundan onun qələmə aldığı xatirələri birbaşa qaynaq rolunu oynayır.

Ömrünün 67-ci ilində qələmə aldığı "Altmış yeddi il sonra" memuarı ədibin həyatının Şuşa, Tiflis, Peterburq və Paris dönəmini ayna kimi əks etdirir. Təəssüflər olsun ki, xatirat yarımçıq qalıb. Əsərdə o, özünün doğulub boya-başa çatdığı patriarxal ailəsindən - Şərq düşüncəli mömin atası Həsən ağadan, oğlunun "yalançı mollalardan olmasını" istəməyən anası Tazə xanımdan, Şərq dilləri və ədəbiyyatına yaxşı bələd olan böyük əmisi Hacı Mirzə Məhəmməddən və anadangəlmə filosof adlandırdığı əmisi Əli bəydən bəhs açır. Sarıcalı obasından olan anası Əhməd bəyin dünyəvi təhsil görməsi üçün əlindən gələni edir. Ona rus dilini öyrətmək üçün gizlicə müəllim tutur, oğlunun rus məktəbində təhsil almasına nail olur. Əhməd bəyin "nədən bu fəlakətlə dolu yolu oğluna rəva gördün?" sözlərində həyati mübarizədə yorğun düşmüş bir qəhrəmanın üsyanı duyulur. Bəzən sakit ömür sürmüş əmilərini, atasını xatırlayıb öz həyatından gileylənir də - "Ah, nə olardı mən də onlar kimi ola biləydim!"

Oxuduğu məktəb mühiti, müəllimləri onun dünyagörüşünün formalaşmasında, düşüncələrinin təzələnməsində misilsiz rol oynayır. Ənənəvi mollaxana məktəbi ilə rus məktəbini müqayisə edərkən 54 il sonra da cavabını tapa bilmədiyi "niyə? bu fərqliliyin səbəbi nədir?" sualı doğur. O, onsinifli lisey timsalında XIX əsrin sonlarında "hər məktəb bir inqilab təlimi yuvası idi" qeydini verməklə təhsil ocaqlarının inqilabi fikrin formalaşdırılmasında roluna işarə edir. Çarizmin apardığı siyasətə rəğmən məktəblərdə müəllimlərin uşaqları inqilab ruhunda tərbiyə etməsi məsələsinə toxunulur. Bu məktəblərdə Əhməd bəyə də aşılanan inqilabi ruh bütün həyatı onunla bərabər irəliləmiş, ən sərt mübarizələrdən geri döndərməmişdir.

Əhməd bəy Nəsir bəy Tahirovun təşviqi ilə məktəbin yeddinci sinfini Tiflisdə oxumağa qərar verir. Ailəsindən razılıq ala bilməyən gənc Tiflisə gizlicə qaçmağa məcbur olur. O dövrdə fikri və siyasi cərəyanların mərkəzi olan Tiflisdə türklər, ləzgilər, osetinlər, çərkəzlər kimi "çarın sadiq bəndələri"ndən fərqli olaraq, erməni, gürcü və ruslar hər biri ayrı-ayrı gizli təşkilatda fəaliyyət göstərirdi. Ə.Ağaoğlunun şeyxülislamı ziyarətə gedərkən mülkün giriş qapısı üzərində yazılan "Əli təriqəti", "Ömər təriqəti" ifadələri o zaman onda necə təəccüb doğurmuş və düşündürmüşdüsə, sonradan təriqətləşmə İslamın birliyi uğrunda apardığı mübarizəsində yeni problem təşkil edəcəkdi.

Əhməd bəy oxuduğu kitabların təsirilə Peterburq sevdasına düşür. Şuşadan uzaqlaşdıqca mənən də ondan ayrıldığını bildirən ədib Peterburqdakı həyatı barədə -  "qafqazlılıq duyğusu"ndan bəhs açır, tələbələr arasında türklərdən təhsil almağa gələnlərin olmadığının heyrət doğurduğunu qeyd edirdi. Buna görə bir yandan təəssüflənir, bir yandan da özü ilə qürur duyurdu. Onun Peterburqdakı mühitlə bağlı bildirdiyi "on minlərlə tələbədən tək bir nəfər tapılmazdı ki, bu təşkilatlardan hansınasa mənsub olmasın" sözləri isə şəhərin inqilabi təşkilatlanmasından xəbər verirdi. Burada o, Əlimərdan bəy Topçubaşov və Əli bəy Hüseynzadə ilə tanış olur.

Peterburq mühitindən sıxılan Əhməd bəy hələ gimnaziyanın dördüncü sinfində oxuyarkən xəyalını qurduğu Parisə yollanır. Paris dövrünü Ə.Ağaoğlunun ilk ən çətin sınaqlar dövrü adlandırmaq olar. Ancaq bu dövr onun iradəsinin möhkəmlənməsində, bir insan kimi yetişməsində misilsiz rol oynayır.

Əhməd bəy təhsil aldığı "College de France" məktəbini "insanı yüksəltmək, irəli aparmaq xüsusiyyətləri sanki zahirindən özünü bəlli edirdi" sözləri ilə xatırlayır, burada Ernest Renan, Ceyms Darmsteterdən dinlədiyi məruzələri yada salır. Əsərin əlyazması isə elə burada qırılır...

"Sərbəst firqə xatirələri" aynasında isə Türkiyə Cümhuriyyətinin ilk müxalif partiyası "Sərbəst Cümhuriyyət Firqəsi"nin fəaliyyətinin bütün cəhətləri əks olunub. Siyasi memuar Türkiyə Cümhuriyyətinin ilk onilliyinin xronikasını vermək baxımından əhəmiyyətlidir. 1930-cu il avqustun 10-dan noyabrın 16-na qədər fəaliyyət göstərən "Sərbəst firqə"nin heyətində Əhməd bəy Ağaoğlu da yer almışdı. Ə.Ağaoğlu həyatının "Sərbəst firqə" dövrünü fikir böhranları ilə dolu bir dövr kimi səciyyələndirmək olar. "Sərbəst firqə" M.K.Atatürkün Türkiyədə həyata keçirdiyi demokratikləşmə siyasətinin bir parçası idi. Firqənin yaradılmasını zəruri edən səbəblər içərisində Avropanın çoxpartiyalı sistem təcrübəsinin sınaqdan keçirilməsini, M.K.Atatürkün fərqli fikirlərin ortaya qoyulması və ölkədə hansı proseslərin getdiyini izlənilməsi istəyini göstərmək olar. Bu partiya Cümhuriyyət Xalq Firqəsinin bir qolu olacaq, Qazinin (M.K.Atatürk) maliyyə dəstəyi ilə yaradılacaqdı. "Sərbəst firqə"nin üzvləri, idarə heyəti də Qazi tərəfindən seçiləcəkdi. Ə.Ağaoğlu öncə bu işə - razılaşdırılaraq firqə yaradılmasına inamsızlıqla yanaşır. Lakin sonradan partiyanın iti qələm sahiblərindən, kəskin çıxış yiyələrindən birinə çevrilir. O da, Qazi də fərqli fikirlərin, mövqelərin inkişafa aparacağına inanırdı.

"Sərbəst firqə"nin tərkibində "İttihad və Tərəqqi"nin üzvlərindən - Əli Fəthi bəy (sədr), Əhməd bəy Ağaoğlu (sədr müavini) və Mehmet Nuri Conkerlə Həsən Təhsin Üzer, M.K.Atatürkün bacısı Məqbulə xanım, ümumilikdə isə sayı 13-ü keçməyən millət vəkili yer alırdı. Atatürk "Sərbəst firqə"yə ən inandığı və ən güvəndiyi adamları gətirmişdi. Xatiratdan məlum olur ki, firqənin adı da Əhməd bəyin "sərbəstlik" ideyasından qaynaq götürmüşdür.

Xatirat ədibin xarakterini ortaya qoymaqda misilsiz rol oynayır. "Xalqa pul lazımdır, pul!" deyiləndə onun "türk kəndlisinin ətindən-dırnağından kəsib vəkillərə, məhbuslara, komandanlara, böyük məmurlara pul verməyə heç kimin haqqı yoxdur" sözləri təmiz vicdanının bariz göstəricisidir. Ə.Ağaoğlu hər zaman cəsarəti ilə seçilən, dürüst söz adamlarından biri olub. O, Qaziyə yazdığı məktubunda onun CXF üzvlərinin əməlləri üzündən get-gedə nüfuzunu itirdiyini deyirdi.

Firqə yaranar-yaranmaz, xalq arasında böyük əks-sədaya səbəb oldu. Xalqın mənafeyini müdafiə edən yazıları, dövlətin malından sui-istifadə edənləri sərt tənqid edən məqalələri ilə kütlənin qəlbinə yol tapır. CXF üzvləri yeni firqə qurulan gündən düşmən mövqeyə keçdilər.

Firqənin qısa müddətdə qazandığı mövqe Qazini daxilən narahat edirdi. Axı o, türk xalqının qurtuluşu üçün nələr fəda vermiş, nələrdən keçmişdi. Necə ola bilər ki, yeni firqə yaranar-yaranmaz xalq onun partiyasından üz çevirir. Əhməd bəy "o, mübarizəni sevir və qarşı tərəfin məğlub vəziyyətindən zövq alaraq qarşıdurmanı aradan qaldırmağı deyil, qızışdıraraq ən son həddə çatdırandan sonra üzərinə atılıb bir anda yox etməyi düşünürdü" - fikirlərini bildirərək Sərbəst firqənin yaradılmasını və hər iki tərəfi mübarizəyə təhrik etməsini M.K.Atatürkün mübariz xarakteri ilə bağlayır.

Ağır ittihamlar, sərt tənqidlərlə üzləşən "Sərbəst firqə"çilərin hətta "vətən xaini ittihamı ilə mühakimə altına alınmağı" təklif edilirdi. Əhməd bəy "Sərbəst firqə" oyununun belə bitəcəyini gözləmədiyini bildirirdi.

Ə.Ağaoğlu "Sərbəst firqə" timsalında ümumiləşdirdiyi qənaətlər əsasında bir zamanlar dinin unudulmasından şikayət edən xocaları, hürriyyətdən, azadlıqdan ağızdolusu danışanların sonradan hürriyyəti zərərli hesab edənləri, liberallıqdan faşizmə keçid alıb onun ideallığından dəm vuran ədibləri ifşa edir. O, xalqın maariflənməyini vacibliyini vurğulayır və ədalət hissi olmayan bir millətdə hürriyyət, firqə kimi anlayışların heç bir məna ifadə etmədiyini bildirirdi.

Kitabın "İzah və şərhlər" bölməsi isə "Altmış yeddi il sonra" və "Sərbəst firqə xatirələri" memuarlarında sözü gedən şəxslər və bəhs açılan hadisələr barədə geniş məlumat almaqda yardımçı rol oynayır, hadisələrin daha aydın qavranılmasını təmin edir. Həmçinin, bu bölmədə ədibin oğlu Səməd Ağaoğlunun xatirələrindən qeydlərin verilməsi də həmin şəxsiyyətlər barədə ətraflı məlumat almaq imkanı yaradır.

İnanırıq ki, Vilayət Quliyevin tərtibçisi olduğu "Əhməd bəy Ağaoğlu: Xatirələr" kitabı ağaoğluşünaslığa böyük töhfə verməklə yanaşı, Ə.Ağaoğlu şəxsiyyətinin kütləyə tanıdılmasında misilsiz rol oynayacaq. Onun vətən, türk milləti uğrunda üzləşdiyi çətinliklərə sinə gərməsi, xalqının inkişafa, yeniliyə nail olması üçün sərf etdiyi əməyi neçə-neçə qəlbi riqqətə gətirəcək, onun cəsarətindən neçə gənc mənəvi güc alacaq, haqq, ədalət naminə apardığı mübarizədən heç vaxt yayınmayacaq, qarşısına çıxdığı əngəlləri əzmlə aşacaq, həmçinin, gənc tədqiqatçıları da onun irsini öyrənməyə sövq edəcək.

 





09.06.2019    çap et  çap et