525.Az

Qəzənfər Paşayevin 10 cildlik "Seçilmiş əsərləri"nə xülasə - Əlizadə Əsgərli


 

Qəzənfər Paşayevin 10 cildlik "Seçilmiş əsərləri"nə xülasə - <b style="color:red">Əlizadə Əsgərli </b>

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Azərbaycan elmi-ictimai fikrinin görkəmli nümayəndələrindən biridir. Elm-tədris mühitində nüfuzlu söz sahibidir. O, klassik və müasir ədəbiyyat adamlarına, habelə mədəniyyət xadimlərinə yazıları ilə dəqiq dəyər verən ziyalıdır. Kitablarının, sözünün qayğısına qalandır. Çap etdirdiyi 10 cildlik "Seçilmiş əsərləri" bunun bariz nümunəsidir.

Alimin 2012-ci ildə 10 cilddə "Seçilmiş əsərləri"nin 7 cildi, 2018-ci ilin VIII-X cildlər "Təhsil" nəşriyyatında çapdan çıxıb. I cild alimin mübarək şəkli və qiymətli avtoqrafı ilə başlayıb: "Elm əvvəli görünən, sonu görünməyən bir aləmdir. Bu aləmdə hərə bir yolla gedir. Hərə bir nəticəyə gəlir. Yenilik görülmüş işlərin sayəsində yaranır".

Oncildlikdə alim Qəzənfər Paşayevin elmi, ədəbi, publisistik və tərcümə əsərləri, habelə müsahibə, məktub, çıxış və rəyləri toplanıb. Bir sözlə, professor Qəzənfər Paşayevin söz ruhunun dəyərli yazıları olan bir kitab alınıb.

I cildin redaktorları AMEA-nın müxbir üzvü, professor doktor Əbdüllətif Bəndəroğlu və Alim-şair Ayaz Vəfalı, rəyçilər professor Paşa Əfəndiyev, filologiya elmləri doktoru Vaqif Yusifli və doktor Şəmsəddin Kuzəçidir. Bu cilddə alimin "İraq-Türkman folkloru" və "Altı il Dəclə-Fərat sahillərində" kitabları özünə yer tapıb.

İkinci cilddə alimin elmi əsərləri: "Dilimiz-varlığımız" (2011), "Kərkük dialektinin fonetikası" (2003) adlı monoqrafiyaları və ədəbi əlaqələr məcrasında "Könüldən könülə yollar görünür" başlıqlı məqalələri, habelə bəzi mətnlər və İraq-türkman ləhcəsinə aid lüğət toplanıb. II cildin redaktorları akademik Ağamusa Axundov, akademik Tofiq Hacıyev, professor Mustafa Arquşah, rəyçilər professor Qəzənfər Kazımov və professor Məhərrəm Məmmədlidir.

Professor Qəzənfər Paşayevin elmi tədqiqatlarının bir qolu kərkük dialektləri ilə bağlıdır. Bu baxımdan onun "Seçilmiş əsərləri"nin II cildinə daxil olan "Kərkük dialektinin fonetikası" monoqrafiyası (2003) İraq türkmanlarının fonetikasına həsr edilib, Kərkük dialektinin fonetikası geniş dil materialı əsasında araşdırılıb. Monoqrafiya "Bir neçə söz", materialların toplandığı şəhər, qəsəbə, rayon və kənd adlarının ixtisarı, qısaltmalar, transkripsiya və 3 fəsildən ibarətdir. I fəsildə saitlər və onların variantları, ahəng qanunu, heca; II fəsildə samitlər; III fəsildə fonetik hadisələr, vurğu, mətn, adətlər, lətifə, tapmaca, bayatı və sazlamalardakı fonetik xüsusiyyətlərdən bəhs edilib.

Alimin "Seçilmiş əsərləri"nin III cildi folklor janrlarına elmi-nəzəri baxışın ifadəsidir. "İraq-türkman folklorunun janrları" (İstanbul, 1998, Bakı, 2003, Tehran, 2008) monoqrafiyası ilk dəfə nəzəri aspektdə işlənib. Əsərin elmi redaktorları akademik Bəkir Nəbiyev, professor Mahir Naqib, rəyçilər professor Azad Nəbiyev və doktor Əbdüllətif Bəndəroğludur. Əsərdə Kərkük folkloru janr baxımından təsnif edilib, onun lirik və epik növlərinə ideya-məzmun və poetik keyfiyyət baxımından dəyər verilib.

Kitaba Türkiyə Erciyes Universitetinin professoru, professor Mahir Naqib "Abidə bir əsər" adlı ön söz yazıb. Kitab giriş, "Mərasim folkloru", "İlkin janrlar", "Dualar və bəddualar", "Fallar, xalq mərasim və nəğmələri", "Dini bayram və nəğmələr", "Məişət mərasim və nəğmələri", "Yas mərasim və nəğmələri", "Toy mərasim və nəğmələri"nin ehtiva olunduğu I fəsil; Lirik növ. Xoyratlar və manilər, Xoyrat üsulları, Xalq türküləri, Beşik nəğmələri, Bayatı-tapmacalar başlıqlı II fəsil; Epik növ."Nağıllar", "Atalar sözləri və məsəllər", "Tapmacalar, lətifələr" və "Dastanlar"ı əhatə edən III fəsil, nəticə və qaynaqlar hissəsindən ibarətdir.

Professor Qəzənfər Paşayevin "Borcumuzdu bu ehtiram" adlı kitabının elmi redaktoru akademik Bəkir Nəbiyev, rəyçi və ön sözünün müəllifi professor Nizaməddin Şəmsizadədir. Alim bu kitabda dostluq etdiyi, ünsiyyətdə olduğu, habelə dünyasını dəyişmiş bir sıra dəyərli insanlar haqqında fikir və düşüncələrini ifadə edib. 38 məqalədən ibarət olan, deməli, 38 şəxsiyyət haqqında olan yazılar Ümummilli lider Heydər Əliyev ("Xilaskar"), Səməd Vurğun ("Səməd Vurğunun dünya şöhrəti"), Rəsul Rza ("İki zirvədən biri"), İhsan Doğramacı ("Sağlığında heykəlləri ucaldılan fenomen insan"), Bəxtiyar Vahabzadə ("O, xalqın ümid və güvənc yeri idi") və başqalarına həsr olunub.

Qəzənfər Paşayev redaktorları akademik Nizami Cəfərov, professor Suphi Saatçı, rəyçisi Flora Xəlilzadə olan IV cilddə "Nəsimi haqqında araşdırmalar", "Ədəbiyyatşünaslıq elmimizin patriarxı" və "Sevərək yaşayanlar" adlı monoqrafiya və əsərləri, ədəbi əlaqələrə aid məqalələrini, habelə "Ürəkdən gələni deməsən olmur" və "Sazlı-sözlü dünyamızdan" mövzusunda publisistik yazılarını çap etdirib.

İmadəddin Nəsiminin 640 illiyinə həsr edilmiş kitabın elmi redaktoru və ön söz müəllifi akademik Bəkir Nəbiyev, rəyçisi AMEA-nın müxbir üzvü Əlyar Səfərlidir. Monoqrafiyada alimin müxtəlif illərdə Nəsiminin həyat və yaradıclığına həsr etdiyi məqalələri toplanıb.

Xalq yazıçısı Elçinə həsr edilmiş "Sevərək yaşayanlar" toplusu "Elçin haqqında düşüncələr, onun sənət dünyası barədə elmi-nəzəri yazılardan ibarətdir.

Q.Paşayev xarici ölkə səfərləri ilə bağlı xeyli publisistik məqalə yazıb və onların bir hissəsini IV cildə daxil edib. "Hər xalqın öz adəti", "Mənəvi körpü, Azərbaycan xalçaları Amerikada", "Xətaişünaslığa yeni töhfə", "Silinməz tarixdən izi şairin" və başqaları "Ürəkdən gələni deməsəm olmur" adı altında toplanıb.

Folklorşünas alim kimi aşıq mühitləri və aşıq şairlər silsiləsindən çox yazan müəlliflərdən biri də professor Qəzənfər Paşayevdir. IV cilddə onun "Sazlı-sözlü dünyamızdan" adı altında "Azərbaycan xalqının mədəniyyət tarixində aşıq sənətinin yeri və rolu", "Aşıq şeiri şəkilləri və Mikayıl Azaflı", "Əkbərin bülbülü susduran səsi", "Xanların sazından və sözündən doymaq olmurdu" və digər məqalələri toplanıb.

V cildin redaktorları akademik Teymur Bünyadov və professor Asif Rüstəmli, rəyçilər Ərşad Hürmüzlü və Sərvaz Hüseynoğludur. Bu cilddə alimin çıxışları, müsahibələri, məqalə və məktubları, habelə opponent rəyləri yer alıb.

VI cilddəki materialların bir qismi elmi yazılar, digəri isə tərcümələrdir.

VII cildin ön söz müəllifi Türkiyənin Erciyes Universitetinin professoru, doktor Mahir Naqib, redaktorları professorlar Əzizə Hacıyeva, Nigar Vəliyeva, rəyçisi isə professor Abbas Abbasovdur.

Bu nəşrdə alimin rus, ingilis dilində elmi yazıları, rusca və türkcə məqalələri, ingilis dilindən Azərbaycan dilinə tərcümələri, habelə Nostradamus haqqında fikir və düşüncələri toplanıb. Bu baxımdan rus dilində verilən "İraq türkman folklorunun janrlar sistemi" adlı monoqrafiyası da xüsusi qeyd olunmalıdır.

"Elçin haqqında düşüncələr", "Ədəbi məktublar" və "Həyat düşüncələri" kitablarının, 2017-2018-ci illərdə çıxan məqalələrinin ehtiva olunduğu VIII cildin elmi redaktoru professor Bədirxan Əhmədov, rəyçisi Vaqif Bəhmənlidir.

Elmi redaktoru və ön söz müəllifi professor Şirindil Alışanlı, rəyçisi professor Alxan Bayramoğlu olan IX cild məqalələr toplusudur. Bunlar 2012-2017-ci illərin yazıları, qəzet, jurnal və kitablarda çıxmış məqalələrdir.

X cildin elmi redaktoru, akademik İsa Həbibbəyli, rəyçisi professor Məhərrəm Qasımlıdır. Kitabda "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" (2016) və "Hüseyn Kürdoğlunun poetik dünyası" (2017) adlı iki monoqrafiya, habelə xalq yazıçısı Anar, Elçin, akademiklər İsa Həbibbəyli, Teymur Bünyadov və başqalarının professor Qəzənfər Paşayev haqqında yazıları və müəllifin 80 illik yubileyi münasibətilə məqalə və şeirlər, habelə çəkilən şəkillər əksini tapıb.

Birinci monoqrafiyanın ön söz müəllifi Əməkdar elm xadimi Məhərrəm Qasımlı, redaktorları professorlar Süphi Saatçı, Mahir Naqib, rəyçilər akademik Muxtar İmanov və doktor Mustafa Ziyadır.

"Hüseyn Kürdoğlunun poetik dünyası" (2017) monoqrafiyasının ön söz müəllifi akademik İsa Həbibbəyli, elmi redaktoru professor Şirindil Alışanlı, rəyçilər dosent Safura Quliyeva və dosent Əroş Vəliyevdir.

10 cildlik "Seçilmiş əsərlər" görkəmli alimimizin böyük yaradıcılıq uğurudur. Bu münasibətlə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevi ürəkdən təbrik edir, ona yeni nailiyyətlər arzulayırıq.

 





09.06.2019    çap et  çap et