525.Az

Sözün önündə və ya ön söz - Sona Vəliyeva yazır


 

Sözün önündə və ya ön söz - <b style="color:red">Sona Vəliyeva yazır </b>

Azərbaycan publisistikasında öz dəsti-xətti ilə seçilən Flora Xəlilzadə müxtəlif mövzular qalereyası yaradan, zəngin yaradıcılığı ilə hər zaman imzası oxucular tərəfindən izlənilən və sevilən ziyalılarımızdandır.

Bu dəfə isə o, oxucularının görüşünə tarixi mövzuda yazdığı "Hökmdar qadınlar" araşdırmalar toplusu ilə gəldi. Onun yazdığı istənilən məqalə və ya araşdırma mövzusu imzası yazılmasa belə, ruhunun şəffaflığına görə Flora xanımın qələminə məxsus olduğunu dərhal xəbər verir.

Bütün yazılarında sadiq qaldığı əsas yaradıcılıq prinsipləri mövcuddur. Bu prinsiplər vətənpərvərlik, milli-mənəvi dəyərlərdən yol alır, xalqımızın ictimai-siyasi həyatında rol oynayan elm, ədəbiyyat, incəsənət xadimlərinin fəaliyyətinə həsr etdiyi mövzularla, eləcə də müəllifin vətəndaşlıq və milli ziyalılıq mövqeyi birləşərək tarix və qədirbilənlik anlayışına dərin ehtiram nümunəsini yaradır. Flora xanım həm də onlarla kitabın müəllifi kimi yazmış olduğu əsərlərdə vətən, xalq, millət taleyindən bəhs edən əhəmiyyətli mövzularla oxucuların dərin rəğbətini qazanıb.

Şair kimi ruhunun qidası olan "Ürəyim aldatdı məni", "Ruhumun ehtiyacı", uşaq hekayələr toplusu - "Aysel adını itirib", publisistik yazılar toplumu - "Analar", "Taleyimdən keçən adamlar", "Yolum düşə Zəngəzura", "Yazdıqlarım", "Ruhumun ünvanı Şuşa" kitabları onun zəngin mənəvi dünyasının inciləri kimi yaradıcılıq taleyini bəzədi.

Bu kitabda isə Flora xanım İslam dövlətlərində, eləcə də türk dünyasının və xalqımızın yetirdiyi tarixi hökmdar qadınlar haqqında ətraflı məlumat verir. Məni kitaba ön söz yazmağa vadar edən əsas məqsəd Flora xanımın qələmə aldığı bu mövzuların vaxtı ilə "Kaspi" qəzetində ardıcıl olaraq çap edilməsi və yüzlərlə oxucunun marağına səbəb olmasıdır.

Kitabda müsəlman qadın hökmdarlar, eləcə də tarixin sərhədlərini aşaraq cəsurluğu, mərhəməti, ana və qadın dəyanəti, dövlət rəhbərliyində intellekt və taktiki çevikliyi ilə seçilən müsəlman türk xanımlar haqqında məhəbbətlə söz açılır.

Müdriklik və cəsurluq, eləcə də yüksək idarəçilik keyfiyyətlərinə məxsus olmaq İlahi tərəfindən insana hədiyyə olunanda onun qadına və ya yalnız kişilərə verilməsi məsələsində ayrı-seçkilik qoyulmayıb.  Xalqına qəlbən vurğun olmaq və fədakarlıqla, ədalətlə idarəçilik qabiliyyətinə malik olmaq əsas şərtdir. Nümunə olacaq tarixi qadın hökmdarlar haqqında folklorlaşan hadisələrlə Flora xanım oxucunu həm də tarixin özünə səyahətə aparır.

Dünyanın qloballaşan dönəmində tarixə qayıdış, tarixi şəxsiyyətlərin öz xalqları qarşısında xidmət nümunəsini təqdim etmək, yetişən nəsillərin ənənələrdən bəhrələnməsi mənasında çox aktual məsələ kimi bu gün əhəmiyyətlidir.

Dehlidə müsəlman türk dövlətinin sultanı Raziyyə xatun haqqında, Misir sultanı Şəcər Uddur, İranın Kirman vilayətindəki Kutduq dövlətinin hökmdarı Türkan xatun, Səfabəddin padişah Xatun, Lalə xatun, Əbəş xatun, XIV əsrdə monqol-müsəlman elxanlı qolunun xan nəslindən Satı bəyim, Cəlarilər dövlətinin tarixində ilk qadın hökmdar kimi rol oynayan Döndü xatun, XIV əsrdə Maldiv sultanlığına 42 il hökmdarlıq edən üç bacı - Sultan Xədicə, Sultan Məryəm və Sultan Fatma haqqında, onların hakimiyyət ideologiyası, ədalət və mərhəmətə əsaslanan dövlətçilik təcrübələri həqiqətən dərindən öyrənilməyə layiq tarixdir.

Ana olaraq, qadın olaraq cəmiyyətin problemlərinə mənəvi ucalıqdan yanaşmaq, cəmiyyətin hər bir vətəndaşının problemlərinin çözülməsi, eləcə də xarici dövlətlərlə münasibətlərin doğru-düzgün tənzimləməsində, uğurlu həll yollarının tapılmasında adı çəkilən qadın hökmdarlar misilsiz rol oynamışdılar.  Flora xanım on yeddi qadın hökmdarın həyatını, onların müxtəlif tarixi şəraitlərdən asılı olan çətinlikləri dəf etmək yollarını kəşf etmələrindən məhəbbətlə söz açır. Bu tarixi xidmətli qadınların bəziləri rəsmi dövlət rəhbəri kimi bəzən təsdiq olunmadan belə fəaliyyət göstərərək dövrün bütün dini maneələrini millət, xalq mənafeyi naminə ləyaqətlə qarşılayaraq şöhrətdən uzaq duraraq - dolayı yolla xalqın, dövlətin inkişafına töhfələr vermişlər. Şəcər - Oddur və Raziyyə Sultan belə hallarla rastlaşan xanım hökmdarlardan idi.

Digər tərəfdən, əksər qadın hökmdarların türk və ya elə moğol sülalələrindən olması türklərin qadına verdiyi önəmin nümunəsi idi. Qadının Tanrı yanında ucalığı türk inancından irəli gələn nümunədir. Həm də qadının dünyaya övlad gətirməsi, yaranış qüdrətinə malik olması ona Tanrıdan həyat ərməğanıdır. Türk gələnəklərində qadın iki sərkərdə arasında davaya belə öz örpəyini araya ataraq son qoymağa qədər ehtirama layiqdir. Yaxud ən qatı cinayətlərdə kişi qohumlarının əfvi üçün hökmdara müraciətinin müsbət nəticələnməsi qadına göstərilən dərin ehtiram və dəyərin ifadəsidir.

Qadın hökmdarların çoxunun eyni zamanda, sözə, şeirə dəyər verməsi onların mənəvi dünyalarının zənginliyinin göstəricisi idi. "Hər qadın bez örtməklə xanım əfəndi olmadığı kimi, hər kişinin də papağının olması onun sərdarlığına dəlalət etməz" - deyən Lalə xatun hökmdarlığı ilə yanaşı, həm də sözü ilə tarixdə yaşayır.

Flora xanım Tomris anadan məhəbbətlə söz açır. Bu gün bizim öyündüyümüz tarixi dəyərlər sırasında Tomris ananın öz yeri var. Tək Azərbaycanın deyil, bütün Şərqin qürur yeri, sərkərdə, hökmdar, iradəsi dağı-daşı yerindən tərpədən Tomris ana yunan tarixçisi Heredotun "Tarix" əsərində adı şərəflə çəkilərək, Əhəmənilər hökmdarı Kirin işğalçılığına öz oğlunun ölümü ilə son qoyaraq, düşmənin başını öz əlləri ilə qan ləyəninə  salan qadın hökmdardır. Gözəlliyi və zərifliyi sərkərdəlik gücündən ilham alan döyüşçü Tomris Alp Ər Tonqa nəslinin davamçısıdır. Eramızdan əvvələ - 585-625-ə təsadüf edən illərə söykənən tarixin əbədi sağ olan sərkərdə qadınının adı çəkiləndə yenə də onu "Tomris ana" deyə doğmalıq hissi ilə, ehtiramla yad edirik.

Flora Xəlilzadə XXI əsrin əvvəlində texnoloji əsrin yetişdirdiyi Azərbaycan övladlarının yaddaşına Tomris ananın qəhrəmanlığını həkk edir. 

Müəllifin yenə böyük məhəbbətlə XII əsrin sonu,  XIII əsrin əvvəllərində Naxçıvan hökmdarı, Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəgizin nəvəsi, Məhəmməd Cahan Pəhləvanın övladı, Qızıl Arslanın qızı Cəlaliyyə xatun haqqında ətraflı yazılmış məqaləsi ilə "Kaspi" qəzetində çıxış edərkən lirik ruhlu xanımın tarixi biliklərinə heyran qalmamaq olmadı.

Hakimiyyət qanunlarının genetik mənimsənilməsi Cəlaliyyə xatuna imkan vermişdi ki, Naxçıvanın inkişaf edərək çiçəklənməsini təmin etsin. Hətta müəllif Nizami Gəncəvinin Naxçıvanda Qızıl Arslanın qonağı olarkən Cəlaliyyənin də həmin görüşdə iştirakını yazır. Eyni zamanda, Atabəylər nəslinin digər davamçısı Mehrican Xatun haqqında məlumat müəllifin qələminin məhsulu kimi diqqətimizi cəlb edir.  Flora xanımın bu kitabdan oxuyub özüm üçün bildiklərim əsas məlumatlarla üz-üzə gəldiyim faktlar içində qalib gələn hiss Taclı xanıma olan ümumxalq sevgisinin davamı kimi görünən qarşılıqlı ehtiram duyğusu idi. Mən də Şeyx Səfəvilər xanədanın, Şah babamız, Azərbaycanın bütövlüyü uğrunda on üç yaşından mübarizə aparan, pirlər piri Şah İsmayıl vurğunu olduğum üçün Taclı bəyimə tükənməz ehtiram hissi ilə məqaləni su kimi içmişdim.

Mübahisəli məqamlar öz yerində, Taclı xanım Şah babamızın Şahbanusudur, ulu anamızdır. Ona qarşı bütün qələmlər ehtiramlı və sayğılı davrananda Tanrı məqamında ruhları incitməmiş olarlar.

Şah Təhmasibin ilk taxta çıxarkən qədəmlərinin möhkəmlənməsində Taclı xatun hökm verməyən, amma oğlunun tarixi fəaliyyətinə çıraq yandıran Şah anası kimi fəaliyyət göstərdi.

Flora xanım Tutu Bikə, Xədicə Bikə, Pəricahan xanım və Xanbikə haqqında yazısına "Durna qatarı - məlikələr" adı verərək lirik-romantik xətlə oxucunun diqqətini mövzuya cəlb edir.

Fətəli xanın xanımı (XVIII əsr) Tutu Bikə, bacısı Xədicə Bikə, qızı Pəricahan xanım dövlətçilik münasibətlərinin inkişafında xoş niyyətli, sözün əsl mənasında fədakar elçilər kimi öz talelərini deyil, dövlətçiliyin taleyini düşündülər.

Azərbaycanın görkəmli şairi Qarabağ hakimi, Mehdiqulu xanın qızı Şuşada "Məclisi-üns" ədəbi məclisinin 25 il rəhbəri olmuş Xurşud Banu Natəvanın taleyi, onun atasının ölümündən sonra Qarabağın inkişafında, eləcə də təhlükəsizliyində oynadığı fədakar rolu sonuncu məqalədə yer alır.

Flora xanım nə yazırsa yazsın, hansı mövzuya üz tutursa-tutsun ruhunun mayası olan vətənpərvərlik və milli dəyərlərə sadiqlik hissi misraların arasından boy verərək müəllifin vacib ideyasını, ali məqsədini  oxucuya məmnuniyyətlə aşılayır.

Siz çox yaşayın əziz Flora xanım və çox yazın! "Kaspi" qəzetinin qapıları ürəyimiz kimi hər zaman üzünüzə açıqdır. Mütləq yazın!

 





10.06.2019    çap et  çap et