525.Az

Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri


 

Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri<b style="color:red"></b>

Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir. Keçən silsilə yazılarımızda şəxsi müşahidələrimizə, müxtəlif mənbələrə, o cümlədən də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytına əsaslanaraq ölkə ərazisində mövcud olan qədim alban məbədləri haqqında oxucularımıza məlumat vermişdik. İndi isə Azərbaycan əhalisinin böyük əksəriyyətinin – təxminən 95 faizdən artığının etiqad etdiyi islam dininin müqəddəs ibadətgahlarından – məscidlərdən söhbət açacağıq. Ölkə ərazisində, demək olar ki, hər bir rayon və şəhərdə böyük və kiçik olmaqla onlarla məscid fəaliyyət göstərir. Növbəti silsilə yazılarımızda paytaxt və Abşeron yarımadasından başlamaqla ölkə ərazisində fəaliyyət göstərən məşhur məscidlərimizdən bəhs edəcəyik.

 

 

(Əvvəli 2 oktyabr sayımızda)

 

Ölkəmizin şimal-qərb bölgəsində də möhtəşəm dini abidələr mövcuddur. Zaqataladakı məscid binasının inşasına 1998-ci ilin fevral ayında başlanılıb, 2000-ci ilin oktyabr ayında başa çatıb. 2001-ci ilin may ayının 7-də məscidin rəsmi açılışı keçirilib. Bu ibadət ocağında ilk cümə namazı 2001-ci ilin mayında qılınıb. Türk memarlığı əsasında inşa edilən məscid binasının baş ustası Türkiyənin Giresun bölgəsindən olan Adem Elmas usta olub. Tikintidə həmçinin Zaqataladan olan ustaların da böyük zəhməti var. Məscidin iki minarəsi mövcuddur. Minarələri də giresunlu minarəçi ustalar inşa ediblər. Məscid daxilindəki bəzək işləri, xəttat yazıları və ornamentli rəsmlər istanbullu Əli ustanın və Zaqatala rayonunun Tala kəndindən olan ustaların əl əməyinin bəhrəsidir. Məscidin daxili uzunluğu 25 metr, eni 17 metr, hündürlüyü 21 metrdir. Binanın tamamlama hissəsi günbəzvari olub, ana günbəzin diametri 15 metrdir. İrili-xırdalı cəmi 13 günbəz var. Günbəzlər qurğuşun təbəqə ilə örtülüb. Ümumiyyətlə, binanın örtüyü üçün 24 tondan yuxarı qurğuşun təbəqədən istifadə edilib. Məsciddaxili birinci mərtəbə qismi divarlar, mehrab və onun əhatəsi xüsusi hazırlanaraq, İstanbuldan gətirilmiş çini örtüklə işlənib. Həmin örtüyün üzərində divarboyu “İnsan” surəsinin 5-25-ci ayələri həkk edilib. Mehrabın əhatəsində və ana günbəzin ortasında “Ayətəl-Kürsü” yazılıb. Məscidin minarələri, moizə kürsüsü və məhəccərləri İstanbul emalatxanalarında Afrikadan gətirilmiş xüsusi ağac materialından hazırlanıb.

Zaqatalanın Tala kənd Cümə məscidinin tikintisinə 1901-ci ildə başlanılıb, 1911-ci ildə başa çatdırılıb. Tikintinin təşəbbüskarı talalı şeyx Hacı Əhməd Əfəndi olub. Tikintinin ustası Talalı usta Məhəmməd olub. Məscidin dam örtüyünün dəmirini böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev verib. Məscidin uzunluğu 52, eni 37 metr, hündürlüyü isə 8,5 metrdir. Daxili sahəsi 1200 kvadratmetrdir. Məscidin daxilində aralarında 6 metr olmaqla 24 sütun vardır. Məscidin minarəsi 17 metr olub binanın damında yerləşir. Məscid tək günbəzlidir. Gümbəzin diametri 4 metrdir. Məscid binası üç tərəfdən eni 6 metr olan eyvanla əhatə edilib. Ölçülərinə və əzəmətinə görə Cənubi Qafqazda ən möhtəşəm məscidlərdən sayılır. Məscid tarixi abidə kimi 5214 inventar nömrəsi ilə dövlət tərəfindən qorunur. Bu ibadət ocağının mehrabı taxta şəbəkədən mismarsız, olduqca incə naxışlarla işlənib.Hicri 1337-ci ildə hazırlanmış minbərin naxışlarında həm də ərəbcə çarpaz yazılmış iki “Məhəmməd” yazısı əhatəsində “Allah”, “Ya Məhəmməd”, “Əbu Bəkr”, “Ömər”, “Osman”, “Əli” sözləri oxunur. Minbərin qapı çərçivəsinin kənarlarında məscidlə bağlı Quran ayələri yazılıb. Minbərə aid rənglər unikaldır və hələ də təravətini itirməyib.   Zərif naxışlarla bəzədilmiş, əl işləməli taxta qapılar deformasiyaya məruz qalmayıb. Tikintidə həmçinin yerli dulusçuların bişirdiyi 500 mindən çox qırmızı kərpicdən istifadə edilib.  Məscid 1929-1944-cü illərdə bağlı saxlanılıb, 1944-cü ildə yenidən dindarların istifadəsinə verilib. Abdulməcid Əfəndi, Məhəmməd Şeyxzadə, Şaban Əfəndi kimi görkəmli yerli İslam alimləri bu məsciddə imamlıq ediblər.

Zaqatalada qədimliyi və arxitekturası ilə seçilən maraqlı məscidlərdən biri də Əliabad qəsəbəsindəki Cümə məscididir.

Cümə məscidinin tikintisinə 1610-cu ildə başlanıb.Məscid kənd əhalisinin yardımı hesabına inşa edilib. Məscidin fasadında divara hörülən daş kitabədə yazıldığına görə 1876-cı ildə yenidənqurma işləri aparılaraq ikinci mərtəbə əlavə edilib. Yenidənqurma işlərini aparan usta Məhəmməd Nəbi olub. Sahəsi 600 kvadratmetrdir. Məscid minarəlidir. Minarə məscid binasından kənarda tikilmiş və hündürlüyü 19 metrdir.

Balakəndəki Cümə məscidi də qədim abidələrdəndir. Məscid binasının fasadındakı daş kitabəyə görə bu ibadət ocağının tikintisinə 1867-ci ildə başlanılıb, 1877-ci ildə başa çatıb. Fasaddakı başqa kitabədə aşağıdakı sözlər həkk olunub: “Hicri tarixinin XIII əsrində yaşamış bütün Balakən camaatı, hətta yüksək rütbəli, vəzifə sahibi olan şəxslər belə razılığa gəlmişlər ki, hamının arzu və istəyini nəzərə alıb qəşəng və göz oxşayan, hamının nəzər diqqətini cəlb edən bir Came məscidi tikdirsinlər. Böyük Allahın köməyi ilə camaatın arzusu yerinə yetmiş, Peyğəmbərin (s) nuru ilə bu ev nurlanmış və bütün müsəlmanları özünə cəlb etmişdir. Qazi Məhəmməd Dəbir və bənna usta Ömər İlisulu Allah xatirinə məscidin sonrakı təmir işlərini görmək üçün hamını bu işdə səy göstərməyə çağırmışdır”. Kitabənin ayaq tərəfində yazılıb: “Allah günahkarı bağışlasın, məscid və onun hücrələri və eləcə də başqa tikililər üçün lazım olan torpağı Ləki bin Həllac Məhəmməd vəqf etmişdir”. Məscidin planı daxildən və xaricdən düzbucaqlı olmaqla, sahəsi 1025 kvadratmetrdir. Məscidin əsas binasından ayrı tikilmiş minarəsinin hündürlüyü 45 metrə yaxındır. Balakən rayonunun mərkəzindəki bu minarəli məscid təkcə bölgədə deyil, bütün Azərbaycanda İslam memarlığının nadir nümunələrindən hesab olunur.

İsmayıllının Lahıc qəsəbəsindəki Bədöyün məscidi də ən azı qəsəbənin özü qədər unikaldır. 1791-ci ildə əhali tərəfindən inşa edilmiş Bədöyün məscidi eyni adlı məhəllədə yerləşir. Ərazisi 196 kvadratmetr, tutumu isə 200 nəfərlikdir. Məscidə “Hacı Qurban məscidi” də deyilir. Buna səbəb onun qəsəbə sakini Hacı Qurbanın təşəbbüsü ilə tikilməsidir. Sovet hakimiyyəti illərində minarəsi uçurulmuş məscid xalça sexi kimi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid əsaslı təmir olunaraq dindarların istifadəsinə verilib.

(Ardı var)

S.ABDULLAYEVA

 





07.10.2013    çap et  çap et