525.Az

Onu Təbrizdə də çox sevirlər - Zemfira Məhərrəmli yazır


 

Onu Təbrizdə də çox sevirlər - <b style="color:red">Zemfira Məhərrəmli yazır </b>

Qonaqpərvər Təbrizə hər dəfə səfər edəndə mənə sanki dünyanı bəxş edirlər. Həmişə can atdığımız doğma Təbrizə. Dünya şəhərləri arasında həm məsafə, həm də mənən bizə bu qədər yaxın olan Təbriz! Taleyin sınağa çəkdiyi dönəmlərdə ondan uzağı da olmayıb. Qan qardaşlarımızın yaşadığı bu şəhərin adını belə çəkmək mümkünsüz idi. Qərar tuduğu səmtə belə baxa bilməzdik. Nəhayət, dəmir pərdələr açılıb, ünyetməz Təbrizə əlimiz çatıb, səsimiz eşidilib. Kökümüz, soyumuz bir olan təbrizlilərlə indi görüşə bilirik, ünsiyyət imkanlarımız çoxalıb, mədəni-ədəbi əlaqələrimiz genişlənib.

Uzun fasilədən sonra, iki ay öncə Təbrizə getmişdim. Bu dəfə qələm dostum, istedadlı şair-publisist Fərqanə Mehdiyeva ilə. Əslində, bu səfəri hər ikimiz çoxdan arzulayırdıq. Hər dəfə bir iş çıxır, yola düşməyimiz ertələnirdi. Nəhayət, bu il martın 5-də Təbrizə yollandıq. Bir qədər əvvəl Fərqanənin şeirlərinin toplandığı, həmin günlərdə isə mənim povest və hekayələrimdən ibarət kitablarımız Təbrizin "Yaşar qələm" nəşriyyatında çap edilmişdi. Bu şəhərdə işıq üzü görmüş kitab-larımızın təqdimatı ilə bağlı könül açan bir dəvətimiz də vardı.

Təbrizə səfər edəndə ilk olaraq, o taylı-bu taylı Azərbaycanın böyük şairi Məmmədhüseyn Şəhriyarın ev-muzeyini ziyarət etməyi, məzarına baş çəkməyi düşünürük. İllər öncə ziyarət etmişdik. Nə yaxşı ki, bu dəfə yenidən nəsib oldu. Bakı həsrəti, bu taya gəlmək arzusu ürəyində illərcə qövr edən söz ustasının əsərləri düzülmüş rəflərin, şeirləri əks etdirilən lövhələrin qarşısında dayanıb, "Heydərbabaya salam" müəllifini yad etdik. Fərqanə erkən çağlarımızdan bildiyimiz bu şeirin ölməz misralarını dodaqaltı əzbər söyləyirdi.

Sənət adamları, aydınlarla görüşmək çox xoş idi. Azərbaycan türkcəsində, ərəb qrafikası ilə işıq üzü görmüş, "Analıq haqqı" kitabımın təqdimatı da həmin gün gerçəkləşdi. Çağdaş poeziyamızın ünlü simalarından olan, bənzərsiz şeirləri ilə Təbrizdə də çox sevilən dəyərlimiz, əziz bacım Fərqanə Mehdiyeva, habelə təbrizli ziyalılar - tanınmış elm adamı, ədəbiyyatşünas Səməd Rəhmani, şair-tərcüməçi Rza Fəzipur, sənət, musiqi xadimləri Həmid və Hüseyn Namvərlər mərasimdə çıxış edərək ürək sözlərini bölüşdülər, kitabın məziyyətləri barədə danışdılar. Bakı-Təbriz ədəbi əlaqələri, hər iki şəhərdə çap edilmiş yeni əsərlər, tərcümə ədəbiyyatı barədə fikir mübadiləsi aparıldı.

Sonra söz Fərqanə xanıma verildi. O, xitabət kürsüsünə qalxanda salonu sürəkli alqış sədaları bürüdü. Bu, təbrizlilərin gözəl şairimiz Fərqanə xanımla ilk görüşü deyildi. O, əvvəlki illərdə də o taylı söz-sənət adamlarının düzənlədiyi şeir məclislərinin, müsamirələrin qonağı olmuşdu. Odur ki, elimizin istedadlı şair qızını hələ illər öncədən bu doğma şəhərdə tanıyır və çox sevirlər.

Fərqanə xanım mərasimə toplaşan qələm əhlini, mədəniyyət adamlarını, tələbələri, şagirdləri, onların valideynlərini salamladı. Yenidən Təbrizə qədəm basmasının sevincini dilə gətirdi. Təbriz camaatının şeir-sənət vurğunu olduğunu, o taylı-bu taylı Azərbaycanın poeziya nümunələrini həvəslə söylədiklərini, tədbirə qatılan məktəblilərin milli rəqslərimizi, xalq mahnılarını məharətlə ifa etdiklərini vurğuladı. Ölməz M.Şəhriyarın, S.Rüstəmin, S.Vurğunun, R.Rzanın, Vaqif Səmədoğlunun şeirlərini əzbər söyləyən uşaqların üzündən öpüb, saçlarını sığalladı. Ana laylası qədər şirin dilimizin yaşarılığı üçün səylər göstərən, bunu yetirmələrinə aşılayan müəllimlərin əməyini təqdir etdi.

Şeir söyləməyin vaxtı gəlib çatmışdı. Görünür, Analar gününə yığışdığmızı nəzərə aldı Fərqanə xanım. Dünyaya övlad gətirən, tərbiyə verən, yetişdirən zərif məxluqun şərəfinə yazdığı şeirlərdən birini söylədi:

Bu uzun-uzadı ömür yolunda,
Anamla qoşaca çalışıb təndir.
Ələ düşməyəndə təndir əvəzi
Anamın içindən alışıb təndir...
Qaçanda ağlayan uşaq səsinə,
Əlindən birbəbir düşüb kündələr.
Beləcə böyüdüb anam bizləri,
Qəlbinin odunda bişib kündələr...

Ana mövzusunda yazılmış ən gözəl şeirlərdən birini söyləyirdi Fərqanə. Onu dünyaya gətirən, pərvazlandıran munis varlığa ünvanlanan bu misralar alqışlarla, ehtiramla qarşılandı. Şövqlə oxunan bu şeirdəki anlamlar - Fərqanənin doğma anasına və ana adıyla qoşa çəkilən isti ocağa, yurd yerinə olan sevgisi ürəkləri titrətdi. Oxucu auditoriyası ilə ünsiyyəti o qədər canlı, duyğulu və səmimi idi ki, şairdən təkrarən şeir istəyirdilər:

Gəzirəm qərib-qərib,
Nə ümid var, nə inam.
Adam qalmır soruşum:
Hayana gedib anam?
Uşaqları yanında
Canını qoyub gedib,
Atam təzə aldığı
Donunu qoyub gedib.
Dəli kimi sevdiyi
Atamı qoyub gedib.
Bəlkə uçub göylərə,
Günəşlə, ayla gedib?
Üz-gözündə bayatı
Dilində layla gedib.

Yenə də ana mövzusu. Mərasimə toplaşanlar Fərqanənin anaya nəhayətsiz sevgi və ehtiramını, köksünə darlıq edən hiss və duyğularını bu dəfə ayaq üstə, sayğı ilə alqışlayırdılar.

Şairin boyaları rəngarəng olan söz "fırçası" nələri əks etdirmirdi? Sinədəftər söylədiyi şeirləri bir-birindən gözəl idi. Bu poetik nümunələrin emosional yükü əks etdirdiyi məna tutumunu tamamlayırdı. Fərqanə xanım bu dəfə "Qadınlar, sıxmayın kişiləri siz..." şeirini dilə gətirmişdi:

Qadınlar, sıxmayın kişiləri siz,
Bəzən kükrəyirik, bəzən daşırıq.
Yox-yox, danlamayın, incitməyin siz,
Mən də içinizdə özümqarışıq.
Qadınlar, sıxmayın kişiləri siz,
Eşitsin səsimi qoy uzaq-yaxın,
Yox-yox, danlamayın, incitməyin siz,
Köhnəni təptəzə geyinib çıxın.

Ürəyinin istəyini; arzusunu şeirlərinin dili ilə insanlara ötürürdü Fərqanə. Hər cür şablondan, sünilikdən uzaq şeirləri ilə.

Sən demə, həmin gün onu sürpriz gözləyirmiş. Təbrizin sayılıb-seçilən ziyalılarından olan, əvvəldə haqqında bəhs etdiyim Həmid Namvər Fərqanə xanımın bir qədər öncə bu şəhərdə işıq üzü görmüş "Məni yağışda saxla" kitabını təkrar nəşr etdiribmiş. Həmin kitab salona gətiriləndə F.Mehdiyeva bu sürprizdən az qala şaşırdı və fərəh hissi ilə bu kitabları imzalayaraq mərasim iştirakçılarına ərməğan etdi.

Ertəsi gün onun gəlişindən xəbər tutan və bunu sevinclə qarşılayan Təbriz radiosunda Fərqanənin şeirləri bədii qiraət ustasının ifasında ana dilimizdə səsləndirilirdi:

Açılan səhərdən üzü axşama
Mən sənə darıxmaq öyrədəcəyəm.
Bir bahar axşamı söykənib şama
Mən sənə darıxmaq öyrədəcəyəm.
Həsrətin gözümdən axıb süzülər,
Bu varaq ömrümə misram düzülər.
İkimiz darıxsaq, dünya düzələr,
Mən sənə darıxmaq öyrədəcəyəm.

Fərqanə xanımın şeirləri çağdaş poeziyamızın ruhunu tutan bədii-estetik məziyyətləri ilə seçilən nümunələrdir. Şair öz poetik dünyasını tərcih edir. Onun qələm nümunələri şeirdən-şeirə arınıb-durulub, cilalanıb. Şeirlərinin dili çox sadə, axıcı, rəvandır.


Allah ona yaradıcı fərd olaraq, ilham və parlaq istedad payı verib. Şairin ədəbi taleyini bəzəyən daha bir şeiri:

Bu nə xasiyyətdi, cəhətdi deyin,
Sənə söz deyənin nə həddi, deyin.
Başına bir sənət qəhətdi, deyin,
Siz məni qoymayın şair olmağa.
Şairlər bölünməz, bütün olurlar,
Tüstüsü çıxmayan tütün olurlar.
Şair balaları yetim olurlar,
Siz məni qoymayın şair olmağa.

Söz sənəti, həm də poeziya həyatın obrazlı inikasıdır. Nə yaxşı ki sən anadan şair doğulmusan, əzizim Fərqanə. Təpədən-dırnağa şair olmusan. Sənin üçün şeir coşub-daşan fikirlərinin, könül dünyanın tərcümanıdır. Qoy çağlayan təbin heç vaxt ayazımasın. Yaz, yarat, poeziyamızı rövnəqləndirən əlahəzrət sözə ehya verən dəyərli şairimiz! Şeirlərinin vurğunu olaraq, ürək sözlərimi sənin 55 yaşına həsr etdim. Qoşa beşin mübarək!

 





10.06.2019    çap et  çap et