525.Az

“Qara piar”la bağlı Mətbuat Şurasına şikayət daxil olmayıb”


 

“Qara piar”la bağlı Mətbuat Şurasına şikayət daxil olmayıb”<b style="color:red"></b>

ƏFLATUN AMAŞOV: “SEÇKİ GÜNÜ JURNALİSTLƏRİN NORMAL FƏALİYYƏTİ ÜÇÜN ŞƏRAİT YARADILACAQ”

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “525-ci qəzet”in suallarını cavablandırıb.

– 2008-ci ildə keçirilən prezident seçkiləri ilə müqayisədə hazırda mətbuatda namizədlərlə bağlı “qara piar”a rast gəlinirmi?

– Hər seçkiqabağı bizi narahat edən əsas məsələlərdən biri də KİV-in namizədlərə qarşı “qara piar”dan istifadə edilməsi halları olub. Elə hallar olurdu ki, mətbuatda namizədlərin şərəf və ləyaqəti təhqir olunur, onların ailə məsələlərinə qarışılırdı. Hazırkı seçkilərdə isə demək olar ki, “qara piar”a rast gəlinmir və bununla bağlı Mətbuat Şurasına şikayət daxil olmayıb. Seçki ərəfəsində namizədlərin bir-birilərinə qarşı kobud, təhqiramiz rəftarına rast gəlmək mümkündür. Bu, hər yerdə belədir. Namizədlər, onların tərəfdarları qarşı tərəflə bağlı müəyyən fikirlər səsləndirir, böhtan kampaniyasından istifadə edir. Bu, əvvəlki seçkilərdə daha çox rast gəlinən hallar idi. Əslində bu vəziyyət cəmiyyət tərəfindən də yaxşı qarşılanmır. Çünki prezidentliyə namizəd olan bir şəxsin etik qaydaları pozması mənfi haldır. Nəticədə  işlər namizədlərin əleyhinə çevrilir.

– Seçkiqabağı keçirilən mitinqlərdə jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən hansısa təzyiqlərlə üzləşməsi faktı qeydə alınıbmı?

– Mətbuat Şurası artıq seçkilərlə bağlı öz iş fəaliyyətini müəyyənləşdirib. Bu işdə əsas yerlərdən birini seçkiqabağı mitinqlər, aksiyalar zamanı polislər və jurnalistlər arasındakı münasibətlərin tənzimlənməsi tutur. Bununla əlaqədar Mətbuat Şurasında rəsmi qurumlarla işləyən daimi komissiya fəaliyyət göstərir. Həmin komissiyanın üzvləri həm jurnalistlərin, həm müvafiq rəsmi qurumların nümayəndələrindən ibarətdir. Eyni zamanda həmin komissiya aksiyalar zamanı monitorinqlər keçirir. Jurnalistlərin aksiyalar zamanı informasiya əldə etmələrinin qarşısını alan hər hansı bir problem yaranarsa, bu zaman onlar hadisə yerində olan monitorinq qrupunun nümayəndələrinə müraciət edə bilərlər. Onlar da öz növbəsində bu məsələni həll edə bilmədiyi təqdirdə Mətbuat Şurasına məlumat verib məsələni yoluna qoyurlar. Artıq komissiyanın fəaliyyətini daha da genişləndirmək üçün onun üzvlərinin sayını artırmışıq. Onu da qeyd edim ki,  bu, Mətbuat Şurası ilə Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi monitorinqdir. Monitorinq qrupunun tərkibinə Baş Prokurorluqdan, Ədliyyə Nazirliyindən və ayrı-ayrı redaksiyalardan nümayəndələr daxildir. Beləliklə, onlar aksiyalarda öz işini görür. Mətbuat Şurasının bu sahədəki 2-ci işi fəaliyyəti KİV-in seçkilərlə bağlı yazdığı yazıların monitorinqini aparmaqdır. Biz bundan əvvəlki istər  prezident, istərsə də parlament seçkilərində də monitorinqlər keçirmişik. Əvvəlki illərlə müqayisə etsək deyə bilərik ki, Azərbaycan jurnalistikasına qayğı və diqqət müsbətə doğru dəyişib. Jurnalistlərə qarşı qanun pozuntuları artıq kifayət qədər azalıb.  Bunu aksiyalardakı insanların azlığı, mitinqlərin səngiməsi ilə də əlaqələndirmək olar.

– Seçki günü jurnalistlərin prezident seçkilərinin gedişatını rahat izləməsi üçün nə kimi şərait yaradılacaq?

– Bununla bağlı tədbirlər görülüb. Həmin gün qaynar xətt təşkil olunacaq. Mətbuat Şurasının telefon nömrələri KİV-lər vasitəsilə ölkə jurnalistlərinə çatdırılacaq. Onların informasiya alma hüququ məhdudlaşdırılarsa, jurnalistlər həmin nömrələrə zəng edə bilərlər. Məsələ ilə bağlı hüquq- mühafizə orqanlarına, Mətbuat Şurasına məlumat verə bilərlər və beləliklə də qanun pozuntularının qarşısını almaq mümkün olar. Başqa bir məqam isə jurnalistlərin də özlərinin seçkilərdə hansı hüquqa malik olmalarını bilməsidir. Seçki Məcəlləsinin 7-ci bəndinə əsasən birmənalı şəkildə jurnalistlərin hüquqları müəyyənləşdirilib. Jurnalistlər seçki komissiyalarının işini işıqlandıra, iclaslarında iştirak edə, seçkilərin nəticələri, yekunları ilə bağlı protokollarını komissiyanın təşkil etdiyi şəkildə möhürlü bir nümunəsini ala bilərlər. Əgər bu zaman jurnalistlər qanun pozuntusu ilə üzləşsə, cavabdeh şəxslərə bu məsələni bildirməsinə şərait yaradılacaq. Seçki günü jurnalistlər öz vəsiqəsini göstərib istənilən seçki dairəsində seçkilərin gedişatını müşahidə edib, informasiya ala bilərlər. Eyni zamanda vəsiqəsi olmayan jurnalistlərin də hansı KİV-ə mənsub olduğunu bildirdikdən sonra seçkilərdə maneəsiz iştirak etmək hüququ var. Seçkilərlə bağlı qanunvericilik düzgün mənimsənilərsə heç bir pozuntuya yol verilməz.

Orada qeyd olunur ki, jurnalistlər seçkiyə 5 gün qalmış seçki məntəqələrində qeydiyyatdan keçib müşahidəçi vərəqəsi ala bilərlər. Onu da qeyd edim ki, jurnalistlər üçün kifayət qədər qanunvericilik bazası mövcuddur. 5-7-ci bəndlərdə onların hüquqları lazımınca göstərilib. Bu, onların işlərinin öhdəsindən layiqincə gəlmələrinə kifayət edir. Seçkilərlə bağlı hər hansı şikayət daxil olarsa bu işə Mətbuat Şurasının özünün baxma prosedurası var. Əvvəlcə katiblikdə məsələ araşdırılır,  daha sonra şikayətlər üzrə komissiya qaldırılır, əgər şikayətlər komissiyada həll olunmasa, Mətbuat Şurası məsələni özü həll edir. Yekun qərar isə KİV-də açıqlanır.

Kəmalə YUSİBOVA

 





07.10.2013    çap et  çap et