525.Az

Siyəzəndə IX Şairlər Günü təntənəsi - Fotolar


 

Siyəzəndə IX Şairlər Günü təntənəsi - <b style="color:red">Fotolar </b>

Bir müddət bundan əvvəl Siyəzən şəhər mədəniyyət mərkəzində görkəmli sənətkarımız Cəfər Cabbarlının 120 illik yubileyi tədbiri keçirilmişdi.

Böyük əks-səda vermiş bu tədbirdə  ölkənin tanınmış alimləri, mədəniyyət xadimləri iştirak etmişdi. IX Şairlər gününün anonsu da elə həmin tədbirdə səslənmişdi. Hamı səbirsizliklə gözləyirdi bu günü də. Qeyri-adi, çox maraqlı bir gün yaşayacağımızı səbirsizliklə gözləyirdik. Nəhayət, həmin gün yetişdi. IX Şairlər günü  Mikayıl Müşfiqimizə həsr olunmuşdu.

Əvvəlcə şairin şəhər parkında olan büstünün ziyarətinə getdik. Xiyabandakı səliqə-səhman  ilk baxışdan diqqəti çəkirdi. Böyük şairin ziyarətinə çoxlu söz, sənət adamları, şeir həvəskarları  gəlmişdi. Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin başçılığı altında nümayəndə heyətinin, qardaş Türkiyədən olan İLESAM başqanı Məhməd Nuri Barmaksızın, Cabir Novruz Mədəniyyət  Fondunun prezidenti  Cavanşir Qurbanovun, eləcə də digər tanınmış söz və qələm adamlarının iştirakı tədbirə xüsusi rəng qatırdı.

IX şairlər günü Siyəzən Rayon Gənclər Mərkəzində davam etdirildi. Siyəzən rayon İcra Hakimiyyətinin başçısı, özü də tanınmış yazıçımız olan Novruz Novruzov tədbiri giriş sözü ilə açaraq qonaqları salamladı, görkəmli şair M. Müşfiqin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. N.Novruzov bu il Siyəzəndə ilk dəfə təşkil edilən tədbirə dəstək olan AYB-yə təşəkkürünü bildirdi. Qeyd etdi ki, ölkədə mədəniyyətə, ədəbiyyata böyük diqqət və qayğı göstərilir. Bu ənənənin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Daha sonra tədbiri idarə etmək üçün söz Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı Xəyal Rzaya verildi. Xəyal Rza ölkəmizdə şairlər gününün keçirilməsi tarixindən, bu işin ildən-ilə daha böyük vüsət almasındn, onun coğrafiyasının genişlənərək  Azərbaycanda keçirilən tədbirlərdə tükdilli xalqların, xüsusilə Türkiyə Respublikası yazarlatının iştirakından söhbət açdı.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid belə tədbirlərin böyük əhəmiyyətini qeyd etməklə poeziyaya, sözə marağın artırılması istiqamətində görülən işlərin cəmiyyətin mənəvi tərbiyəsində rolunu xüsusi vurğuladı. Daha sonra Rəşad Məcid VIII şairlər gününün bir neçə il qabaq qonşu Şabranda Novruz müəllimin başçılığı ilə yüksək səviyyədə keçirilməsindən, AYB sədri, Xalq Yazıçısı Anarın həmin tədbirlə bağlı məmnunluğundan, türkiyəli yazarların onlara göstərilən qonaqpərvərlikdən necə təsirləndiklərindən danışdı. Yazıçılar Birliyi Şabran bölməsinin (Şabran, Siyəzən, Xızı rayonlarının əhatə edir) bu işdə böyük fəallıq göstərdiyini, bu bölgədə ədəbi mühitin formalaşmasında indi Siyəzən rayon İcra Hakimiyyətinin başçısı olan, dəyərli ədibimizı Novruz Novruzovun xüsusi xidmətlərini minnətdarlıqla qeyd etdi. Müşfiq poeziyasının, onun şəxsiyyətinin bütövlüyündən, mərdlik, mərdanəliyindən söhbət açmaqla çox-çox illər bundan əvvəl  ona həsr etdiyi şerini oxuyan R.Məcid, Şairlər Günü ilə bağlı tədbirlərin əhatəsinin ildən-ilə genişlənməsindən də danışdı.

Məhməd Nuri Barmaksızın Türkiyə-Azərbaycan ədəbi əlaqələri, sənət haqqında düşüncələri də maraqla dinlənildi. Onun Mikayıl Müşfiq haqqında şeiri tədbir iştirakçılarının alqışları ilə qarşılandı.

Cabir Novruz Mədəniyyət Fondunun Prezidenti  Cavanşir Qurbanov  yüksək səviyyədə təşkil olunmuş poeziya bayramında Mikayıl Müşfiq yaradıcılığına geniş yer verilməsinə görə minnətdarlığını bildirdi.

Yerli yazar Çingiz Əliyev Müşfiqin məzarının axtarışı ilə bağlı, düşüncələrinin məhsulu olan şeiri dinləyənlərdə böyük təəssürat yaratdı. Böyük şairin ölməzliyindən bəhs edən elə M.Müşfiqin adından yazılmış elegiya bölgənin tanınmış şairi Ay Bəniz Əliyarın həm də yeni yaradıcılıq uğuru kimi maraqla qarşılandı.

Bu sətirlərin müəllifi kimi mən də rayonumuzun ədəbi mühiti və onun formalaşmasında hörmətli başçımızın gördüyü işlərlə bağlı düşüncələrimi , Mikayıl Müşfiqin istək və arzulrının müasir yazarların əsərlərində tərənnümünə dair fikirlərimi bildirməklə, şairin “Oxu, tar” şeirinə onun doğma Sayadlar kəndində qurulmuş “Oxu, tar” abidəsinə həsr etdiyim “Dağ tar çalır” şeirimi söylədim.

Vüqar Xızılının Müşfiq poeziyasını yada salan şeiri, AYB Şabran bölməsinin sədri Aydın Tağıyevin yerli ədəbi mühitdən, Müşfiq irsinə bölgədə olan sevgidən bəhs edən fikirləri maraqlı idi.

Tədbir Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəbin şagirdləri Feyziyeva Fidan və Məlikova Xanimənin ifasında şairin  “Necə əl çəkim” şeiri və ona həsr olunmuş  videoçarxla yekunlaşdırıldı.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun təklifi əsasında növbəti Şairlər Gününün daha geniş tərkibdə, həm də Siyəzəndə bu yaxınlarda əsası qoyulacaq, Mikayıl  Müşfiqin adını daşıyacaq Poeziya Evində keçirilməsi qərara alındı. O anlarda hər kəsin gözlərində bu arzunun ifadəsi, gözəl bir duyğunun izləri sezilirdi: 2020-ci il, Şairlər Günü. Siyəzənin görməli bir yerində yeni tikilmiş, Mikayıl Müşfiqin adını daşıyan Poeziya Evinin qarşısı. Böyük izdiham... Nə qalıb ki? Sağlıq olsun!

 





10.06.2019    çap et  çap et