525.Az

AzMİU ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında memorandum


 

AzMİU ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında memorandum <b style="color:red"></b>

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, professor Petro Kulikov, Ukraynadan gələn nümayəndə heyəti, Ukraynanın ölkəmizdəki səfirliyinin 1-ci katibi Qeorgiy Selski və universitetin professor-müəllim heyəti iştirak edib.

Mərasimi giriş sözü ilə açan AzMİU-nun rektoru Gülçöhrə Məmmədova qonaqları salamlayıb. Rəhbərlik etdiyi təhsil müəssisəsi barədə qonaqlara ətarflı məlumat verən rektor universitetin təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxaq əlaqələri ilə bağlı hədəflərini açıqlayıb. O, AzMİU-nun geniş beynəlxalq əlaqələrinə toxunub, beynəlxalq mübadilə proqramları çərçivəsində Avropa, Asiya universitetləri ilə faydalı əməkdaşlıq münasibətlərindən danışıb. Professor Gülçöhrə Məmmədova vurğulayıb ki, Azərbaycanın dövlət siyasətində təhsilin beynəlxalq inteqrasiyasına xüsusi önəm verilir. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilib. Proqramın əsas məqsədi rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, “qara qızılın insan kapitalına çevrilməsi”dir.

Rektor diqqətə çatdırıb ki, proqram çərçivəsində ümumilikdə 3558 nəfər Azərbaycan gənci dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində yüksək biliklərə yiyələnib. Dövlət Proqramının uğurlu icrası cəmiyyət həyatının ən müxtəlif sahələri üçün milli kadrların yetişdirilməsi ilə yanaşı, gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə marağını xüsusilə artırıb. Proqram çərçivəsində təhsil alan və Azərbaycana qayıdaraq müxtəlif müəssisə və təşkilatlarda çalışan məzunlar ixtisas sahələrinə uyğun əmək fəaliyyəti ilə bərabər, qazandıqları bilik və təcrübəni ölkənin ali təhsil müəssisələrində paylaşaraq akademik fəaliyyətlə də məşğuldurlar.

Gülçöhrə Məmmədova qeyd edib ki, Prezident İlham Əliyev elmin, orta və ali təhsilin inkişafına, dünya təhsil sisteminə inteqrasiyasına dövlət siyasətində mühüm yer ayırır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib.

Proqram ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsini əsas hədəf kimi götürüb. Rektor Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında imzalanan qarşılıqlı anlaşma Memorandumunun bu ali təhsil ocaqları arasında əlaqələrin genişlənməsinə öz töhfəsini verəcəyinə əminliyini vurğulayıb.

AzMİU-da olmasından məmnunluğunu ifadə edən Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, professor Petro Kulikov da universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb. Digər qonaqlar – İnnovativ təhsil institutunun direktoru, professor Aleksandr Nikityuk, Layihələrin idarə olunması kafedrasının müdiri, professor Sergey Buşuyev AzMİU ilə əlaqələrin qurulması və genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırıb, eyni ixtisaslarda tələbə və müəllimlərin mübadiləsi və birgə layihələrin işlənməsinin əhəmiyyətinə toxunublar.

Universitetlərarası münasibətlərin perspektivləri barədə aparılan görüşün nəticəsi olaraq AzMİU ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb. Memorandumda birgə proqramlar, seminar, simpozium, konfrans və layihələrin keçirilməsi, müəllim və tələbə mübadilələri, ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə mütəxəssis mübadiləsinin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Sənəddə vurğulanıb ki, tərəflər təhsil, elmi tədqiqatlar, inzibati idarəetmə daxil olmaqla qarşılıqlı maraq doğuran bütün tədris sahələrində əməkdaşlıq və mubadilə yaratmağa səy göstərirlər.

İmzalanma mərasimindən sonra qonaqlar AzMİU-nu gəzib, universitetin maddi-texniki bazası, laboratoriya, studiya və tədqiqat mərkəzləri ilə tanış olublar.

 





11.06.2019    çap et  çap et