525.Az

Ölkənin təbiəti - Uzaq və yaxın Meksika


 

Ölkənin təbiəti - <b style="color:red">Uzaq və yaxın Meksika</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Akapulkoda bizi bir axşam, əks tərəfdəki yamacı hamilə qadının qarnına bənzəyən qayadan okean sularına tullananların olduqca təhlükəli tamaşasına baxmağa apardılar. Qayanın əks tərəfindəki meydançada bilet almaqla bura daxil olmuş tamaşaçılar toplanmışdı. Onlar ayaq üstə, qaranlıqda qarşıdakı qayadan suya tullanan gənc adamların, ölümlə üzləşmək riskinə baxmayaraq, bu tryuku icra etmələrinə şahidlik edirdilər. Qayanın zirvəsindən bir az aşağıda onun göbəyi xeyli qabağa çıxmışdı. Yuxarıdan, azı 50 metr hündürlükdən tullanan, bu qabarıq hissəyə toxunmamaq, əslində, ölməmək üçün əvvəlcə xeyli irəli tullanır, sonra aşağı uçmağa başlayırdı. Onların arasında həlak olanlar da olmuşdur. Tarzan rolunun ifaçılarından biri sonralar belə tullanışa cəhd etdikdə, qayaya çırpılıb məhv olmuşdu. Bir neçə belə qorxulu sıçrayışa baxdıq. Həm də izah etdilər ki, tullanan adam dar boğazdakı suyun qabarmasına və çəkilməsinə də fikir verməlidir, yoxsa dalğaya da çırpılıb ölə bilər. Yamacın çıxıntılı yerindən aşağıda isə uşaqlar oradan suya tullanırdılar.

Tamaşa vaxtı hansısa qorxulu bir hadisə baş vermədi, lakin bir məsələ ovqatımızı korladı. Böyük riskə gedərək, həyatımı ölümün açılmış çənəsinə atan həmin cavan oğlanlar sudan çıxıb, yuxarısında dayandığımız qayanın üstünə dırmaşdıqdan sonra əl açıb tamaşaçılardan pul yığırdılar. Görünür, onların "ölüm oyunu"nun haqqı o qədər də yüksək deyildir ki, onlar, az qala "dilənçilik" etməyə məcbur olurlar. Bir az əvvəl taledən mərhəmət umanlar, indi adamlardan maddi vəsait şəklindəki sədəqəni gözləyirdilər. Viktor Hüqo demişkən: "Ehtiyac öz qanunlarını diktə edir".

Akapulkoda bizi Nüvə Problemləri İnstitutuna apardılar və burada gedən elmi-tədqiqat işləri ilə tanış olduq. İnstitutun direktoru və elmi işçiləri bizə nüvənin parçalanması barədə geniş məlumat verdilər. Sonra isə direktor bizi meşədə təşkil etdikləri piknikə - təbiət qoynundakı ziyafətə dəvət etdi. Bu qonaqpərvərlik nümunəsi bizə olduqca yaxşı təsir göstərdi. Məclisimizin yanında bir neçə əlik sakitcə otlayır, heç hay-küyə də məhəl qoymurdular. Görünür, insanların xoş münasibətinə adət etdiklərindən, onlardan heç bir təhlükə gözləmir və qorxmurdular. Bu mənzərə Hindistanın vəhşi heyvanlara xüsusi qayğı göstərən bəzi kəndlərini və Yaponiyanın xallı maralların sərbəst gəzdiyi Nara şəhərinin parkını xatırladırdı. Meksika hindularının və ispanların birgə törəmələri öz əcdadları olan avropalıların qəddarlıqdan qidalanan səhvlərini düzəltmək üçün təkcə başqa irqə mənsub olanlara deyil, vəhşi heyvanlara da buddistlər, hinduslar kimi mərhəmətli münasibət bəsləyirlər.

Məclisin sonunda direktor mənə iki butulka kolleksiya tekilasını hədiyyə kimi verdi və onları hörmət əlaməti olaraq mərhum Azad Şərifov əlimdən aldı, avtobusda isə bildirdi ki, yəqin ki, siz də onları bizə bağışlamaq yolunu seçərdiniz və onun bu sözünə etiraz etmək heç də düzgün olmazdı.

Akapulkodan isə paytaxta təyyarə ilə qayıtmalı olduq və yolun yorğunluğundan azad ola bildik.

Ölkənin təbiəti  

Meksikanın təbiəti qeyri-adi dərəcədə rəngarəngdir. Kaktus kolları olan geniş yüksək plato və rütubətli tropik meşələr, bataqlıqlaşmış düzənliklər, qarla örtülü konusları olan nəhəng vulkanlar və dərin dərələr, palıd-şam ağaclarından ibarət meşələr, səhraya bənzər okean sahilləri bu müxtəliflik seriyasını tamamlayır. Rəngarənglik həm də ölkə ərazisinin relyefi ilə əlaqədərdır. Ölkə ərazisinin 2/3-nü Meksika yaylası tutur və o, iki hissəyə: Şimali və Mərkəzi Mesaya (ispan dilində "mesa" - "stol" deməkdir) bölünür. Şimali Mesa, yarımsəhra platodur və Mərkəzi Mesa ilə birləşir, axırıncı daha hündürdür və yüksək zirvələrə malikdir. Mərkəzi Mesanın vulkan külündən, suyu yaxşı keçirən münbit torpaqlar əmələ gəlmişdir. İtaliyada Vezuvi vulkanının püskürməsindən meydana gələn kül də yamaclardakı torpaqları xeyli münbit etmişdir.

Vulkanların fəaliyyəti ilə yanaşı, Meksikaya yüksək seysmik aktivlik də xasdır. Ölkədə 350-dən artıq seysmik ocaq vardır. Yerin quru səthində bütün qeydə alınmış zəlzələlərin onda biri Meksikanın payına düşür. Mexikoda 1985-ci ilin sentyabrında baş verən zəlzələ şəhərə böyük ziyan vurmuşdu, 5 min nəfər sakin həlak olmuşdu. Burada yer, nisbətən aşağı maqnitudada bütün stuka ərzində yüyrük kimi silkələnir. Zəlzələ təhlükəsi meksikalıların başı üzərindən Damokl qılıncı kimi asılmışdır. Meksikalılar buna heç də biganə deyillər. Piramidalara baxmağa gedərkən bizə zəlzələnin silkələnməsini qeyd edən, smaltadan düzəldilmiş və sapa düzülmüş xüsusi "zəng" rolunu oynayan sadə alət satdılar. Yer azacıq silkələnəndə də bu alət reaksiya verir.

Daha geniş düzənliklər isə Meksika körfəzinə çıxır. Yukatan yarımadasının düzənliklərində başqalarından fərqli olaraq çoxlu mağaralar və yeraltı çaylar vardır. Qədim arxitektura abidələri - piramadılarla yanaşı, bu mağaralar da özünə turistləri cəlb edir.

Geoloji strukturun münbitliyinə və vulkanizmin intensiv şəkildə baş verməsinə görə həm lava axmasından, həm də maqmanın çöküntülərindən Meksika faydalı qazıntılarla zəngindir. Əgər vulkanlardan Ermənistanın payına bol tuf daşı və pemza düşübsə, ona görə də acı taleyinə görə cənubi-şərq qonşusuna paxıllıqla baxırsa, Meksika onların püskürməsindən xeyli dərəcədə faydalanmışdır. Deyəsən, yerin təki də kimə nə vermək lazım olduğunu yaxşı bilir.

Meksika qiymətli metal yataqları ilə də zəngindir. Gümüş və qızıl, adətən, qurğuşun və sinklə, həm də mis və civə ilə bir yerdə olur, necə ki, kimberlit tapıldıqda, onun yanında hökmən almaz yataqları aşkar edilir, çünki kimberlitin 1500-dən çox cisminin 8-10 faizi özündə almaz daşıyır. Vulkan qaz püskürməsinin çökməsindən isə təbii kükürdün böyük yataqları əmələ gəlmişdir. Meksikada neft və qaz ehtiyatları müstəsna əhəmiyyətə malikdir. Ölkədə 200-ə yaxın neft və 40-dan çox qaz yataqları mövcuddur. Bu xammalların ehtiyatına görə Meksika Latın Amerikasında yalnız Venesueladan geri qalır. Bütün neft yataqları ABŞ sərhədindən Meksika körfəzi sahili uzunu cənubi-şərqə çatan sol zolaq əmələ gətirir. Ölkədə həm də daş kömür ehtiyatları mövcuddur.

Şimal ərazisinin müxtəlifliyi də onun relyefinin fərqliliyi ilə əlaqədardır. Cənub en dairəsində olmasına baxmayaraq, Meksikanın şimal hissəsi subtropik-kontinental iqlimə malikdir. Bütün qalan ərazi isə tropik iqlim zonasındadır. Ölkədə yağıntının bölünməsi də olduqca qeyri-bərabərdir. Ölkənin şimali-qərbində yağıntı çox azdır, Kaliforniya yarımadasında isə heç 100 mm-ə çatmır. Mərkəzi Mesada isə tsiklonların təsiri altında 500-800 mm yağıntı düşür, onun 80 faizi iyun ayından sentyabr ayına qədər yağan yağışlardır, yay aylarında yağışın bolluğuna görə Meksika Çinlə müqayisə oluna bilər.

Meksikanın ən böyük çayı ABŞ ilə sərhəddə olan Rio-Bravo-del-Norte çayıdır. Su ilə daha yaxşı təmin olnmuş rayon isə Mərkəzi Mesadır. Ölkənin xeyli hissəsində rütubətli yay iqlimi üstünlük təşkil edir. Şərqdəki dağətəyi düzənliklərində fəlakətli daşqınlar baş verir.

Ayrı-ayrı rayonların bitki aləmi olduqca rəngarəngdir, qarışıqdır, "Meksika" adı da ispan və ingilis dilində bu mənanı verən sözə yaxındır. Quru və tikanlı kolluqlarla və ağaclarla yanaşı, burada bir neçə yüz kaktus növü, 140 növ aqava mövcuddur. Uzunmüddətli quraqlıq üçün onlar gövdələrində və yarpaqlarında rütubət ehtiyatı yığırlar. Şimali Meksika, görünür, kaktusların, aqavaların və yukaların məskənidir.

Demək olar ki, bütün kaktuslarda buxarlanmanı azaltmaq üçün yarpaqlar öz şəklini, onlarla təmasda olanlara batan tikanlara və ya tüklərə dəyişdirir. Bəziləri nəhəng tikanlı kirpilərə bənzəyirlər, onların diametri iki metrə çatır, digərləri isə xırda yumşaq tozcuqlardır. Onlardan bəziləri sütunlar və ya nəhəng şamdanlar kimi ucalır. Onların hündürlüyü 20 m-ə çatır. Başqaları isə, məsələn, opuntsi bir-birinin üzərinə saplanmış, kökələrə bənzəyən yarpaqlar toplumu görünüşünə malikdir. Bu fantastik "meşələrin" bəzəyi yalnız iri parlaq çiçəklərdir, düzdür, onlar bəzən gecələr açılırlar.

Kaktuslar təsərrüfatda geniş tətbiq olunur. Onlardan canlı çəpər kimi, mal-qara üçün yem kimi istifadə olunur, kaktus həm də yanacaqdır və hətta tikinti materialıdır. Qida kimi kaktusun şirəsindən, meyvəsinin ətindən istifadə olunur, gövdələri isə mahlıc almağa yarayır və farmakologiya sənayesində tətbiq olunur. Ondan hətta boyaq maddəsi - al-qırmızı karmin boyağı alırlar.

Aqavanın da bir çox növünün təsərrüfat əhəmiyyəti vardır. İki növündən möhkəm cod mahlıc alınır, mavi aqavadan isə geniş yayılmış yerli spirtli içki (pulke və sairə) hazırlamaq üçün şirə alınır. Mavi aqavanın kökündən alınan şirə qıcqırdılıb, xüsusi texnologiya sayəsində dünyada məşhur olan tekila arağı istehsal edilməsində istifadə olunur, Maqey aqavaları plantasiyalarda, xüsusən Yukatan yarımadasının şimalında becərilir.

Mərkəzi Mesada torpaqlar şumlanır və onlarda ənənəvi istehlak bitkiləri: paxlalılar, qarğıdalı, pomidor, həmçinin, küncüt, araxis becərilir. Lakin burada torpaqlar həm də intensiv surətdə eroziyaya uğrayır.

Dağlardakı şam meşələri Meksikanın bitkiçilik resursları içərisində xüsusi təsərrüfat əhəmiyyətinə malikdir. Şam ağacı tikinti materialı kimi, həmçinin, sellüloz - kağız və meşə - kimya sənayeləri üçün xammal kimi istifadə olunur. Hindu əhalisi isə hələ qədim zamanlardan indiyə kimi onu yanacaq kimi yandırır.

Meksika körfəzi sahilindəki düzənliklərdə portağal, banan, ananas, şəkər qamışı, yemiş ağacı adlanan papayyanın və digər tropik bitkilərin plantasiyaları vardır.

Ölkənin dağ tropik meşələrində çox sayda gözəl yabanı meyvə ağacları bitir. Bu meyvələr sitrus meyvələri ilə müqayisədə vitaminlə 15 dəfə çox zəngindir. Avakadonun meyvə ətində 30 faizə qədər yağ vardır, həm də karbohidratlarla, zülal və vitaminlərlə zəngindir. Xurmanın qohumu olan sapote də becərilir.

Cənub meşələrinin heyvan aləmi, əsasən, tropik olmayan mənşəyə malikdir. Burada meymunlara, pişik ailəsindən olan yaquara, tapirə, kisəli opossuma və qarışqa yeyənə rast gəlinir. Meksikalılar bazardan armodilyonu (zireh gəzdirən məməlini) satın alıb, əllərində başıaşağı, quyruğundan tutaraq aparıb, evdə bişirib yeyirlər - onlar bizdə keçmişdə rayon mərkəzlərində bazardan diri toyuq alıb, ayaqından tutub aparanlara bənzəyirlər.

Quş aləmi də olduqca zəngindir, ornitologiya elmi üçün hər cür tədqiqat sahəsi mövcuddur. "Uçan qiymətli daşlar" adlanan müxtəlif kolibrilər, əlvan rəngli tutuquşular, nəhəng parlaq dimdiyi olan tukanlar, qriflər (quzğunlar) vardır.

Sürünənlər, reptililər də həddən artıq çoxdur. Onların içərisində iquana kərtənkələsi seçilir, hindular onu bişirib ləzzətlə yeyirlər. Meksikanın sahillərini tutan dənizlərdə və okeanda isə böyük krevet, lanqust, dəniz xərçəngi və ilbiz ovu aparılır, açıq dənizdə isə tunes, sardina və digər növ balıqları tuturlar.

(Ardı var)

 





11.06.2019    çap et  çap et